Vüqar HƏŞİMOV: Mənim üçün Azərbaycandan əziz heç nə yoxdur

 

 

 

 

Görkəmli  şahmatçının  xatirəsinə

Azərbaycanın məşhur şahmatçısı, ölkə

və Avropa çempionu, beynəlxalq dərəcəli qrossmeyster Vüqar Həşimovun vəfatı bu günlərdə bütün idman ictimaiyyətini dərindən kədərləndirir. Artıq üçüncü gündür ki, bu qəmli xəbər informasiya agentliklərinin lentlərindən düşmür, çoxları hələ də inana bilmir ki, artıq Vüqarın partiyalarını maraqla izləyə bilməyəcək, ona azarkeşlik etməyəcək, səhhəti barədə xoş xəbərləri səbirsizliklə gözləməyəcəklər.

Vüqar Həşimov uzun sürən xəstəlikdən sonra yanvarın 11-də Almaniyada dünyasını dəyişmişdir. Bu rəsmi xəbəri eşitmək, oxumaq çox ağırdır, çünki bu sözlər özünün qısa, lakin parlaq ömründə çox işlər görmüş, eyni zamanda, daha çox işlər görməyə macal tapmamış bir gənc barəsində yazılmışdır.

Vüqar 1986-cı il iyulun 24-də Bakı şəhərində anadan olmuşdur. Atası ona şahmat oynamağı öyrədəndə Vüqarın 6 yaşı vardı. 9 yaşında ikən Azərbaycan çempionu olmuş Vüqar sonradan daha iki dəfə – 1996-1998-ci illərdə respublikanın ən yaxşı şahmatçısı adını qazanmışdır. 1996-2001-ci illərdə Vüqar Avropa və dünya çempionatlarında 7 dəfə mükafata layiq yerlər tutmuşdur. O, dörd dəfə (2002, 2004, 2006 və 2008-ci illərdə) şahmat olimpiadalarında Azərbaycan yığma komandasının heyətində çıxış etmişdir. 2009-cu il mayın 7-9-da Azərbaycan Prezidenti Heydər Əliyevin kuboku uğrunda yarışlar çərçivəsində Bakıda dünya yığmasına qarşı çıxış edən Azərbaycan yığmasının heyətinə daxil olmuşdur. 2007-ci ildə şahmat üzrə Avropa komanda çempionatında bürünc medal qazanmış, 2009-cu ildə Azərbaycan yığmasının tərkibində Avropa çempionu olmuşdur (bu çempionatın sonuncu turunda komandamıza həlledici xalı məhz Vüqar qazandırmışdır). 2011-ci il Avropa çempionatında yığma komandanın heyətində vitse-çempion olmuş, 2010-2011-ci illərdə Recio Emiliyada (İtaliya) keçirilən turnirdə qalib olmuşdur.

V.Həşimovun FİDE reytinqində ən yüksək nailiyyəti 6-cı yer olmuşdur.

Vüqar Həşimov Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovla yanaşı, Azərbaycanın say-seçmə şahmatçılarından biri hesab edilirdi, lakin ağır xəstəlik Vüqarı turnirlərdə iştirakını dayandırmağa məcbur etdi.

2008-ci ildə FİDE tərəfindən ilk dəfə keçirilən Qran-pri turnirində Vüqar indiki dünya çempionu Maqnus Karlsen ilə bərabər qalib gəlmişdi. Son 15 ildə o, dəfələrlə beynəlxalq turnirlərin qalibi olmuş, dünya kuboku yarışlarında iştirak etmişdir.

Beynəlxalq yarışlarda Vüqarın böyük uğurları ümummilli lider Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilmiş, 1998-ci ilin yanvar və dekabr aylarında ulu öndər onu şəxsən qəbul etmişdir.

2009-cu ildə Serbiyada keçirilən Avropa çempionatının qalibi olmuş Azərbaycan yığmasının üzvləri sırasında Prezident İlham Əliyev bu gənc idmançını da qəbul etmişdi.

Vüqarın səhhəti ölkəmizin bütün şahmat ictimaiyyəti ilə yanaşı, Azərbaycanda və respublika hüdudlarından kənarda çoxlarını narahat edirdi. Vüqar Həşimovun Almaniyada müalicə kursu başa çatmaqda idi və 2014-cü ildən onun yarışlarda iştirak edəcəyi gözlənilirdi. Lakin əldə olan məlumata görə, beynində bədxassəli şiş olan şahmatçı 2014-cü il yanvarın 11-də qəflətən vəfat etmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Vüqar dünyanın ən yaxşı klinikalarında dövlət hesabına müalicə olunurdu. Artıq hamı düşünürdü ki, ən qorxulu anlar geridə qalmışdır və Vüqar tezliklə Vətənə qayıdacaqdır. Lakin ümidlər ürəyimizdə, gözümüz yolda qaldı.

Vüqar Vətəni sevirdi, ölkəmizin xaricdə təbliği işində həmişə ön sıralarda idi. O, əsl mübariz idi və sona qədər mübarizə apardı.

2011-ci ildə Portu-Karrasda növbəti Avropa komanda çempionatı keçiriləndə Vüqar Həşimov bu titulu qorumaq üçün Azərbaycan yığmasının heyətində həmin çempionata yola düşmüşdü. Lakin Fransa komandasına qarşı matçda Vüqarın qan təzyiqi kəskin qalxmış və o, oyunu davam etdirə bilməmişdi. Axı bundan əvvəl o, bir neçə çox mürəkkəb cərrahiyyə əməliyyatı keçirmiş, lakin yenidən şahmata qayıtmışdı, çünki həyatını şahmatsız təsəvvür etmirdi. O vaxt Azərbaycan komandasının kapitanı olan Vladimir Tukmakov Vüqarı sonrakı turlara buraxmaq istəmirdi, lakin Vüqar demişdi: “Siz nə danışırsınız! Mən axıra qədər oynayacağam!”. Artıq növbəti turda Həşimov Rusiya komandasına qalib gəlməyə kömək etdi və yekunda komandamız gümüş medal qazandı.

Vüqarın səmimiliyi, şahmat mübarizəsindən kənar vaxtda öz rəqiblərinə xoş münasibəti həmkarlarının onun vəfatı xəbərinə münasibətlərində əksini tapmışdır. Dünya şahmat reytinqinin lideri, norveçli qrossmeyster Maqnus Karlsen öz dostunun vəfatı ilə əlaqədar kədərini Tvitter şəbəkəsində belə ifadə etmişdir: “Vüqar Həşimovun vəfat etməsi xəbəri məni çox kədərləndirdi. O, mənim indiyə qədər gördüyüm ən istedadlı və orijinal şahmatçılardan biri idi. Hamıya qarşı hər zaman çox mehriban idi”.

Azərbaycan qrossmeysteri Qədir Hüseynov dostunu itirməsi ilə əlaqədar keçirdiyi hissləri bölüşərək demişdir: “Vüqar dünyada ən güclü və istedadlı şahmatçılardan biri idi. O, gözəl insan, çox yaxşı dost və komanda yoldaşı idi. Ona həmişə bel bağlamaq olardı. Həmişə kömək etməyə hazır idi və kömək edirdi, çox xeyirxah, həyatsevər və pozitiv adam idi. Bu, hamımız üçün çox böyük itkidir, mən hələ də buna inana bilmirəm. Mənə çox əziz və yaxın bir insanın həyatdan getməsini düşünmək çox ağırdır”.

Azərbaycan şahmatçısı Teymur Rəcəbov qrossmeyster Vüqar Həşimovun vəfatı haqqında xəbəri dəhşətli yenilik adlandıraraq demişdir: “Bu, həddən artıq kədərli xəbərdir. Dəhşətli xəbərdir. Biz onun ağır xəstə olduğunu bilirdik. Lakin ümid edirdik ki, bu mübarizədə qalib gələcəkdir. İndi bizim və bütün şahmat aləminin keçirdiyi hissləri ifadə etməyə söz tapmıram”.

Beynəlxalq Şahmat Federasiyasının, Rusiya Şahmat Federasiyasının, Avropa Şahmat İttifaqının, Türkiyə Şahmat Federasiyasının saytlarında Vüqar Həşimovun ailəsinə başsağlığı dərc edilmişdir. Bundan əlavə, məşhur şahmatçıların çoxu sosial şəbəkələrdə öz səhifələrində bu xəbərdən kədərləndiyini bildirirlər.

FİDE-nin vitse-prezidenti, Türkiyə Şahmat Federasiyasının prezidenti Əli Nihat Yazıçı kədərini səmimi və emosional ifadə etmişdir: “Bu dünyada bir ulduz azaldı”.

Azərbaycan şahmatının fəxri sayılan Vüqarın ölüm xəbəri ilə əlaqədar şahmat dünyasının nəhəngləri bəzi fikirlərini bölüşmüşlər. Amerikalı şahmatçı Hikaru Nakamura: “Vüqar Həşimov çox kreativ və maraqlı şahmatçı idi, onun partiyaları heç vaxt unudulmayacaq”. Pavel Elyanov (Ukrayna): “Vüqarı, onunla oynadığımız partiyaları, dostcasına görüşlərimizi və söhbətlərimizi həmişə xatırlayacağam. O, yaxşı insan və istedadlı şahmatçı idi. Vüqar top-qrossmeyster idi və çox şeyə nail ola bilərdi”. Naycel Şort (İngiltərə): “Vüqar Həşimovun ölüm xəbəri məni çox kədərləndirdi. O, əla şahmatçı və gözəl oğlan idi”. Aleksandr Kostenyuk (Rusiya): “Qəbri nurla dolsun! Doğmalarına və yaxınlarına başsağlığı verirəm”.

Qeyd edək ki, dünən Veyk-An-Zeydə start götürmüş ənənəvi şahmat turniri dünyasını vaxtsız dəyişmiş Azərbaycan qrossmeysteri Vüqar Həşimovun xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlanmışdır. Yanvar ayında Azərbaycanda keçiriləcək bütün şahmat turnirləri də Vüqarın  xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlanacaqdır.

Vüqarın öz müsahibələrindən birində dediyi sözlər onun öz ölkəsini həmişə sevən bir insan kimi saf qəlbini göstərir: “Mənim üçün Azərbaycandan əziz heç nə yoxdur. Mən Prezidentə söz vermişəm ki, ölkəmizi məşhurlaşdırmaq üçün əlimdən gələni edəcəyəm və Vətən üçün uğurlar qazanacağam. Bu insana çox borcluyam. Ona verdiyim vədi necə poza bilərəm?”.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında