Səbaildə ilin qalib idmançıları ilə görüş keçirilmişdir

 

 

 

“Attila”  klubunun idmançıları 2013-cü ildə dünya, Avropa və digər beynəlxalq yarışlarda uğurla çıxış edərək bir sıra qələbələrə imza atmışlar. İlin yekunu ilə bağlı klubun yarışlarda fərqlənən idmançıları və məşqçilərinin bir qrupu ilə Səbail Rayon İcra Hakimiyyətində görüş keçirilmişdir.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov  idmançıları və onların məşqçilərini salamlamış, Azərbaycan Cüdo Federasiyasının yaranması, təşəkkülü və fəaliyyəti barədə məlumat vermişdir. Natiq qeyd etmişdir ki, cüdo respublikamızda çox sevilən idman növlərindəndir  və  əldə olunan nailiyyətlər xalqımızı sevindirir. 1992 və 2008-ci illərdə cüdoçularımız Olimpiya Oyunlarından Vətənə qızıl medalla qayıtmışlar. Onların uğurları ilbəil artır. Bütün bunlar isə, ilk növbədə, xalqımızın ümummilli lideri Heydər Əliyevin idmana qayğısının nəticəsidir. Hazırda dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti  İlham Əliyevin səyləri, idmançılara  qayğı beynəlxalq səviyyədə uğurları daha da artırır. Ölkədə bir sıra olimpiya mərkəzləri, idman meydançaları tikilir, idmanın maddi-texniki bazası inkişaf etdirilir. 

Daha sonra bildirilmişdir ki, Səbail rayonunda fəaliyyət göstərən “Attila” klubunun idmançıları, həmişə olduğu kimi, bu il də bir sıra beynəlxalq turnir və yarışlarda ölkəmizi uğurla təmsil etmişlər. 2013-cü ilin avqust ayında Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən böyüklər arasında dünya çempionatında klubun yetirməsi Orxan Səfərov 60 kiloqram çəki dərəcəsində III yeri tutmuşdur. Polşada keçirilən Avropa kuboku yarışlarında isə Rəsullu Abdulhaqq 81 kiloqram çəki dərəcəsində I və Rasim Alməmmədov III yerə çıxmışlar.

ABŞ-ın Mayami ştatında keçirilən Dünya kuboku yarışlarında Leyla Əliyeva 40 kiloqram çəki dərəcəsində II yeri, gənclər arasında Avropa çempionatında Oruc Vəlizadə isə 60 kiloqram çəki dərəcəsində III yeri qazanmışlar. Əbu-Dabi şəhərində keçirilən “Böyük dəbilqə” yarışlarında 60 kiloqram çəki dərəcəsində Orxan Səfərov və 90 kiloqram çəki dərəcəsində Ramin Qurbanov, Rusiya Federasiyasının Tümen şəhərində keçirilən “Masters” turnirində isə Elmar Qasımov 100 kiloqram çəki dərəcəsində bürünc medala layiq görülmüşlər. Klubun məşqçisi Vüqar Budaqov Əbu-Dabi şəhərində veteran idmançılar arasında keçirilən yarışlarda ikinci dəfə dünya çempionu olmuşdur.

Bir neçə gün əvvəl “Attila”nın idmançıları cüdo üzrə klublararası Azərbaycan çempionatının qalibi olmuşlar. Bütövlükdə isə klubun 75 idmançısı çoxsaylı  beynəlxalq yarışlarda iştirak edərək müxtəlif əyarlı 24 medal qazanmışdır. Ayrı-ayrı yaş qrupları üzrə isə Azərbaycan birinciliklərində 11 idmançı I, 6 nəfər II və 5 idmançı III yerə çıxmışlar.

Asif Əsgərov qazanılmış nailiyyət münasibətilə idmançı və məşqçiləri təbrik etmiş, onlara yeni-yeni uğurlar arzulamışdır.

Tədbirdə iştirak edən idmançılara və onların məşqiçilərinə Səbail Rayon İcra Hakimiyyətinin mükafatları təqdim olunmuşdur. İdmançılardan Orxan Səfərov, baş məşqçi Əli Dərvişov idmançılara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnnətdarlıqlarını bildirmişlər.

R.TAHİR,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında