Şriftin ölçüsü:
07.08.2010 09:15 | Oxunma sayı: 602
İki oyunun yekununda "Qarabağ"ın "Visla" üzərində ümumi müvəffəqiyyətinə ölkəmizdə inam çox böyük idi. Azərbaycanlı azarkeşlər bir həftə əvvəl Krakovda qazanılmış üstünlüyün Bakıda itirilə biləcəyi fikrini heç yaxına buraxmaq belə istəmirdilər. Hamı birnəfərətək son bir ildə Norveç, Finlandiya, Makedoniya və Şimali İrlandiya klublarından sonra Polşa təmsilçisi üzərində də tam qələbəni bayram etməyə hazırlaşmışdı. Təsadüfi deyil ki, Tofiq Bəhramov adına Respublika stadionunun tribunalarına bizim günlər üçün rekord miqdarda tamaşaçı toplaşmışdı. Bəri başdan deyək ki, həmin axşam azarkeşlər də "Qarabağ"a layiq idilər və onlar da sevimli komandaları kimi çox gözəl görünürdülər.
İndi adı idman ictimaiyyətimizin dilindən düşməyən Ağdam klubu da öz növbəsində Avroliqanın üçüncü təsnifat mərəhələsinin cavab görüşündə pərəstişkarlarını, bütün ölkəni, xalqı, milləti çox intizarda qoymadı. Səfərdə ilk matçdakı kimi, doğma meydançada da təxminən 20 dəqiqəlik təmkinli oyundan sonra Qurban Qurbanovun komandası elə "partladı", rəqib düşərgəsinə elə vəlvələ saldı ki, bizim hamımızı xoş bir heyrət hissi bürüdü. Bakıya cütün qalibi olub, mərhələ adlamaq arzusu ilə gələn "Visla" futbolçularının və onların baş məşqçisi Henrik Kasperçakın bütün ümidləri bir andaca alt-üst oldu. Cəmi 7 dəqiqə ərzində "Qarabağ" qonaqları, demək olar, çıxılmaz vəziyyətə saldı.
Həmin dəqiqələrdə Azərbaycan futbolçularının meydançada yaratdıqları fırtına istənilən rəqibi sarsıda bilərdi. "Visla" da öz tarixində bəlkə də ən ağır vəziyyətə düşmüşdü. Matsey Juravski, Radoslav Sobolevski və onların oyundaşları meydançada nə baş verdiyini anlamağa macal tapmamış hesab artıq Ağdam futbolçularının xeyrinə 3:0 idi!
"Qarabağ"ın sürətli əks-hücumları polyakların müdafiə xəttində əsl çaşqınlıq yaratmışdı və qonaqların arxa xətt oyunçuları sanki nə edəcəklərini bilmirdilər. Gənc hücumçular Əfran İsmayılov, Rauf Əliyev və onların yarımmüdafiəçi dostları Rəşad Sadiqov 28-ci dəqiqədən 35-ci dəqiqəyədək polşalı qapıçı Milan Yovaniçi üç dəfə topu topdan çıxarmağa məcbur etdilər. Bununla da komanda belə mötəbər yarışın - UEFA Avropa Liqasının həm də pley-off adlandırılan sonuncu, dördüncü mərhələsinə vəsiqəni əslində özünə və bütün Azərbaycan futboluna təmin etmiş oldu, hərçənd qarşıda hələ 55 dəqiqəlik mübarizə dururdu.
Düzdür, fasilədən sonra "Visla" öz qapısında gördüyü qollardan ikisinin əvəzini çıxa bildi. Ancaq "Qarabağ"ı pley-off mərhələsinə aparan "qatar" artıq getmişdi və polşalı qonaqlarımızın vurduqları iki top onlara heç yüngül təsəlli də gətirə bilməzdi. Rəqibini ikinci dəfə diz çökdürən (3:2) Ağdam klubu artıq Avroliqanın qrup mərhələsinin astanasındadır.
İki oyunda "Visla" üzərində ümumi 4:2 hesabı ilə iki qələbə, əlbəttə, Azərbaycan klubunun öz qüvvəsinə olan inamını və bütün Avropada ona hörməti daha da artırmışdır. İndi hamı "Qarabağ"ı yalnız hərdən qalib gələn komanda kimi yox, zəfər yürüşünü inamla davam etdirməyi bacaran əzmkar və son dərəcə səmimi bir kollektiv kimi tanıyacaq. Bu komanda belə oyunla hələ çox şeyə nail ola bilər. Ardıcıl ikinci il Avroliqanın pley-off mərhələsinə vəsiqə qazanmaq bu günlər hədsiz sevinc içində olan Azərbaycan futbolu üçün böyük müvəffəqiyyətdir.
"Visla" ilə görüşlərdə uğur həm də "Qarabağ"ın tarixi qələbəsidir. İndiyə qədər heç bir klubumuz avrokuboklarda üç rəqibin öhdəsindən gəlməyi, üç mərhələ səddini dəf etməyi bacarmamışdı. Ağdam klubu isə bu çətin işin öhdəsindən gələn və beynəlxalq meydanda yoluna davam edən ilk komandamız olması ilə haqlı olaraq fəxr edə bilər.
Dünən İsveçrənin Njon şəhərində atılmış püşk nəticəsində "Qarabağ"ın növbəti rəqibi Almaniyanın "Borussiya" komandası olacaq. İlk oyun avqustun 19-da Dördtmundda, cavab görüşü isə bundan bir həftə sonra Bakıda keçiriləcəkdir.
{nl}
Oqtay BAYRAMOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.