Top "Qarabağ"dadır, oyunun gedişinə Ağdam futbolçuları nəzarət edirlər

Adət etdiyimizdən də isti keçən, ancaq heç vaxt futbolda böyük qələbələrlə bizə bu qədər sərinlik gətirməyən iyul ayını başdan ayağa zəfər ayına çevirən "Qarabağ" əsl qəhrəmanlıq nümunəsi göstərməkdədir. Ağdam klubunun son uğurları təkcə Avroliqada deyil, Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasında da geniş əks-səda doğurmuşdur. Bu günlərdə dünya klublarının növbəti reytinq cədvəlini açıqlayan federasiya Azərbaycan təmsilçisinin birdən-birə 102 pillə irəlilədiyini elan etmişdir.
Belə güclü sıçrayış o deməkdir ki, son bir ayda reytinq göstəricisini 88,5 xala çatdıran və artıq adı "Bayer" (Almaniya), "Bursaspor" (Türkiyə), "Napoli" (İtaliya), "Birminhem" (İngiltərə), "Palmeyras" (Braziliya), "Rusenborq" (Norveç) kimi klublarla yanaşı çəkilən "Qarabağ" 291-ci pillədən 189-cu mövqeyə yüksəlmişdir. Razılaşın ki, qibtəediləcək göstəricidir.
Ürəkaçan irəliləyişi təkcə futbol ictimaiyyətimizin deyil, bütün Azərbaycan xalqının son iki ildə həmişəkindən də çox sevdiyi "Qarabağ"ın iyulda Avroliqanın üç təsnifat mərhələsində keçirdiyi beş oyunda 3 qələbə və 2 heç-heçə təmin etmişdir. Zarafat deyil, Makedoniyanın "Metallurq", Şimali İrlandiyanın "Portadaun" və Polşanın "Visla" komandaları üst-üstə beş oyunda bir dəfə də həmyerlilərimizin müqavimətini qıra bilməmişlər. Əvəzində Qurban Qurbanovun yetirmələri onların hərəsini bir dəfə məğlubiyyətlə barışmağa məcbur etmiş, Makedoniya və Şimali İrlandiya klubları ilə bir dəfə heç-heçə də oynamışlar. Xüsusilə diqqətəlayiq haldır ki, qələbələrdən ikisi səfərdə qeydə alınmışdır.
İndi qalır polyaklar üzərində tam qələbəni bayram etmək. Bunun üçünsə çox yox, yarım addım da atmaq kifayətdir. Bugünkü oyunda heç-heçə "Qarabağ"ın tarixində onun ən mühüm, ən qiymətli qələbəsinə bərabər olar və təsnifat yarışlarının pley-off mərhələsinə yol açar. "Visla" üzərində ümumi müvəffəqiyyətə bütün ölkənin inamı böyükdür.
Bu gün saat 21-də Tofiq Bəhramov adına Respublika stadionunda başlanacaq və FİFA-nın türkiyəli hakimi Bülənt Yıldırımın idarə edəcəyi oyunda uğurlu nəticə bizə bir də ona görə çox vacibdir ki, sabah UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında atılacaq püşkatma mərasiminə marağımız azalmasın, əksinə, onqat artsın.
"Visla"ya gəldikdə, yuxarıda xatırlatdığımız reytinq cədvəlində Polşa klubu 72 xalla 290-cı yerdədir və "Qarabağ"dan 101 pillə geri qalır. Lakin ölkəsində klub futbolunun liderlərindən biri olan bu komandanın Bakıda cavab görüşündə hər şeyi öz xeyrinə həll etmək üçün əlindən gələni edəcəyi heç kimdə şübhə doğurmur. Krakovdakı məğlubiyyətdən sonra baş məşqçi vəzifəsində mövqeyi açıq-aşkar sarsılan və indi taleyi bəlkə də bir qələbədən asılı olan Henrik Kasperçak qarşısında necə mühüm vəzifə durduğunu yaxşı bilir. Elə onun yetirmələrinin də "əvəzçıxma matçında" iddialarının çox böyük olduğu söylənilir. Ancaq başqa cür ola da bilməz. Axı, kim əvvəlcədən özünü məğlubiyyətə məhkum edər.
Beləliklə, top "Qarabağ"dadır. Oyunun gedişinə hələlik 1:0 hesabı ilə irəlidə olan Ağdam futbolçuları nəzarət edirlər. İndi bütün Azərbaycanın ürəyi onlarla döyünür. Bu axşam biz hamımız "Visla" üzərində tam qələbənin sevincini yaşamaq, Avroliqada zəfər yürüşünü davam etdirmək üçün fədakar komandamızla birlikdə hücum edəcək və müdafiə olunacağıq.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında