Məğlubedilməz Azərbaycan komandası Varşavada Avropa çempionatında baş rolu məhz bizim qrossmeysterlər oynadılar

 

 

 

Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Rauf Məmmədov, Qədir Hüseynov – şahmatımızın, bütün idmanımızın, ölkəmizin fəxri sayılan bu qrossmeysterlər Polşa paytaxtında yenicə başa çatmış Avropa çempionatında böyük hünər göstərmişlər. Onlar doqquz turdan ibarət çox mürəkkəb və çətin yarışda 40-a qədər ölkə təmsilçilərinin kəskin rəqabətində bir matçda belə uduzmayan yeganə komanda olmuş və Azərbaycanı qızıl medallarla sevindirmişlər. Böyük nailiyyət, layiqli qələbədir!

Komandamız Avropa çempionatında fəxri kürsünün zirvəsinə aparan yolda Bolqarıstan, Polşa, Çexiya və Yunanıstan kollektivlərinə 2,5: 1,5, Gürcüstan yığmasına 3:1 hesabı ilə qalib gəlmiş, İsveç, Macarıstan, Fransa və Ermənistanla matçlardan heç-heçə ilə ayrılmış və birinci yeri tutaraq çempionatın şəriksiz qalibi olmuşdur.

Azərbaycanlı qızıl oğlanlardan ibarət heyət 18 mümkün xaldan 14 xal toplayaraq yekun cədvəlində ən yaxın izləyiciləri, müvafiq surətdə gümüş və bürünc mükafatçılar Fransa və Rusiya komandalarını bir xal geridə qoymuşdur. Finişə dördüncü çatan Ermənistan komandası da fransızlar və Rusiya ilə eyni miqdarda xal toplamış, lakin əlavə göstəricilərə görə onlardan geri qalıb yalnız dördüncü yerlə kifayətlənmişdir.

Qrossmeysterlərimiz indiki uğurları ilə dörd il əvvəl Serbiyanın Novi-Sad şəhərində qazandıqları böyük müvəffəqiyyəti təkrar etmişlər və indi komandamız ikiqat Avropa çempionu adını daşıyır.

Burada xatırlatmaq yerinə düşər ki, Novi-Sadda Azərbaycan komandasının qələbəsində sağlamlıq vəziyyəti ilə əlaqədar hazırda yarışlarda çıxış etməyən Vüqar Həşimovun da böyük xidməti olmuşdu. 

Qadın şahmatçılarımız isə sonuncu turda çexiyalı rəqiblərinə 1,5:2,5 hesabı ilə uduzmuş və çempionatda çıxışlarını 8 xalla iyirminci yerdə başa vurmuşlar. Bu turnirin qalibi Ukrayna olmuşdur – 15 xal. İkinci-üçüncü yerləri tutan Rusiya və Polşa komandaları çempiondan bir xal geri qalmışlar.

Azərbaycanın kişilərdən ibarət komandasının daha bir çətin sınaq qarşısında olduğunu da diqqətinizə çatdıraq. Noyabrın 26-da Türkiyənin Antalya şəhərində dünya çempionatına  start veriləcəkdir. Qrossmeysterlərimiz bu yarışda da Avropa çempionatında çıxış etdikləri heyətlə mübarizə aparacaq və komandanı turnirə yenə də Varşavada onlarla çempionluq sevincini bölüşmüş rusiyalı mütəxəssis Aleksandr Xalifman hazırlayacaq.

Oqtay BAYRAMOV,
 “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında