Varşava, Antalya və Çennai kimləri sevindirəcək?...

 

Polşa paytaxtı, Türkiyənin dünya şöhrətli kurort şəhəri və indiyə qədər çoxlarımızın, bəlkə də adını eşitmədiyimiz, ancaq bundan sonra şahmatın sayəsində ən azı qədim və müdrik oyun pərəstişkarlarının yaxşı tanıyacağı Hindistanın Çennai şəhəri birinci həftəsini yaşadığımız noyabr ayında şahmat aləminin diqqət mərkəzində olacaq. Əvvəlcə nəzərlərimiz Varşavaya yönələcək.

Burada kişi və qadın komandaları arasında növbəti Avropa çempionatı start ərəfəsindədir. Noyabrın 7-dən 18-dək keçiriləcək qitə birinciliyinin medalları uğrunda 37 kişi və 31 qadın komandası mübarizə aparacaq. Əlbəttə, hər iki turnirin iştirakçıları arasında Azərbaycan yığmaları da var.

Dörd il əvvəl, 2009-cu ildə Serbiyanın Novi Sad şəhərində keçirilmiş Avropa çempionatında xalqımızı qızıl medallarla sevindirmiş kişi qrossmeysterlərimizin komandası Polşa paytaxtında yarışmağa hazırlaşan rəqiblərin siyahısında reytinqə görə dördüncü mövqedədir. Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Rauf Məmmədov və Qədir Hüseynovdan ibarət heyət  yenə də finişə mükafatçılar üçlüyündə çatmağa çalışacaq. Çempionatın ən yüksək reytinqli komandası isə Rusiyadır. Onun şərəfini Aleksandr Qrişuk, Pyotr Svidler, Aleksandr Morozeviç, Yevgeni Tomaşevski və Dmitri Andreykin qoruyacaqlar.

Azərbaycanın qadın komandası isə reytinqə görə on altıncı yerdədir. Yığmamız Varşavada Gülnar Məmmədova, Zeynəb və Türkan Məmmədyarovalar, Xəyalə Abdulla və Nərgiz Umudovadan ibarət heyətlə mübarizə aparacaq. Fikrət Sideifzadənin kapitan olduğu bu komanda çempionatı ən güclü  on kollektiv sırasında başa vurmaq əzmindədir.

Açılış mərasimi noyabrın 7-nə nəzərdə tutulmuş Avropa çempionatı İsveçrə sistemi üzrə keçirilib doqquz turdan ibarət olacaq. Birinci turun matçları noyabrın 8-də oynanılacaq. Çempion və mükafatçılar isə on gündən sonra böyük sevinclə təbrikləri qəbul edəcəklər. Zəka sahiblərimizin çıxışlarını böyük maraq və xoş bir həyəcanla izləməyə hazırlaşıb onlara uğurlar arzulayaq.

Varşavada Avropa çempionatı finişə çatdıqdan bir həftə sonra Antalyada kişilərdən ibarət komandalar arasında dünya çempionatı “səhnəyə” çıxacaq. Planetin ən yaxşı komandası adı uğrunda on ölkə təmsilçiləri mübarizə aparacaqlar. Bunlar çempionat sahibi Türkiyə, habelə Azərbaycan, Rusiya, Ukrayna, Ermənistan, Hollandiya, Almaniya, ABŞ, Çin və Misir yığmalarıdır.

Avropa birinciliyində olduğu kimi, dünya çempionatında da hər komandanın heyəti beş nəfərdən ibarət olacaq: dörd əsas və bir ehtiyat oyunçu. Dairəvi sistem üzrə keçiriləcək yarış noyabrın 26-da başlanacaq və ona dekabrın 6-da yekun vurulacaqdır.

Nəhayət, Çennaidə dünya şahmat tacı uğrunda matç haqqında. Düzdür, açılış mərasimi noyabrın 7-nə təyin edilmiş bu matçın iki iştirakçısından heç biri həmvətənimiz olmayacaq. Ancaq bütün dünyanın gözü Çennaidə olduğu üçün biz də hazırkı dünya çempionu hindistanlı Vişvanatan Anand ilə norveçli dahi Maqnus Karlsenin görüşlərinə biganə qala bilmərik. Bu rəqabətdə Anand planetin bir nömrəli şahmatçısı adını özündə saxlamağa, Karlsen isə onu taxtdan salıb özü taca sahib olmağa çalışacaq.

Matç 12 oyundan ibarətdir  və əgər hesab heç-heçə—6:6 olarsa, dünya çempionu əlavə görüşlərdə, tay-breyklərdə müəyyənləşəcək. Göründüyü kimi, qarşıda bizi çox maraqlı şahmat hadisələri gözləyir.

Oqtay BAYRAMOV,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında