Səmti müəyyənetmə idman növü üzrə növbəti çempionat başa çatmışdır

 

 

Binəqədi rayonunda,  Avtovağzal yaxınlığında yerləşən meşə massivində Azərbaycanın səmti müəyyənetmə idman növü üzrə növbəti çempionatı keçirilmişdir.  Yarış Vergilər Nazirliyi və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyilə, Gənclər və İdman Nazirliyi və Səmti Müəyyənetmə İdman Federasiyası tərəfindən təşkil edilmişdir.

Yarış açıq keçirilmiş, nəticələr komanda və fərdi şəkildə  hesablanmışdır. Əvvəlki illərdə Nabranda (Yalamada) düzənlik ərazilərdə keçirilmiş çempionatlardan fərqli olaraq, indiki yarış təpəli, bəzi yerlərdə isə dik yoxuşlu, sıldırımli, yarğanlı, çuxurlu və məsafəyə əlavə çətinlik verən digər relyef obyektli ərazidə leysan yağışın altında reallaşmışdır.

Çempionat müvafiq xəritə, eləcə də ilk dəfə olaraq milli mütəxəssislər briqadası tərəfindən elektron qeydolunma sisteminin tətbiqi ilə beynəlxalq standartlara uyğun şəkildə başa çatmışdır.

Yarış poliqonunun, yarışın təntənəli açılış-bağlanış mərasiminin lazımi avadanlıqla təmin olunmasına şərait yaratmış Binəqədi Rayon İcra Hakimiyyətinin rolu xüsusilə qeyd edilməlidir. Çünki yarışın açılış mərasimindən öncə başlamış və yarışın sonuna qədər davam etmiş güclü yağış şəraitində keçirilmiş tədbirdə əvvəlcədən hazırlanmış çadırlar, isti çay və buterbrodlar tam yerinə düşmüşdür. Lakin yağışın yağması, çətin keçilən palçıqlı məsafələr idmançıları kubok uğrunda mübarizə aparmağa əngəl olmamışdır.

Yarışda ümumilikdə müxtəlif kateqoriyalar üzrə 188 nəfər (ötən il isə 130 nəfər) iştirak etmişdir. 188 nəfər idmançıdan 79-u “K (kişi)-21

-Elit”,  41-i “Q (qadın)-21

-Elit”, 50 nəfəri kişi-qadın “OPEN” kateqoriyasının idmançısı və 28 nəfəri “JUNIOR” üzrə qaçan uşaqlar olmuşdur. Bundan əlavə, yarışa hazırda Bakı şəhərində yaşayan Finlandiya, Yeni Zellandiya və Hollandiyadan olan xaricilər də qatılmışlar. Ümumilikdə, kubok uğrunda yarışda Azərbaycanın müxtəlif nazirlik, idarə, təşkilat, təhsil müəssisələrini təmsil edən 15 komanda (hər komandanın tərkibinə 4 kişi və 2 qadın daxil idi), eləcə də Ukraynanın Azərbaycan Respublikasındakı səfirliyinin komandası da iştirak etmişdir.

Komandaların əsas mübarizəsi K (kişi)-Q (qadın) - 21 “ELİT” kateqoriyasında olmuşdur. Kişilərin məsafəsi 20 nəzarət məntəqəsindən ibarət 4,1 kilometr  təşkil etmişdir. Bununla belə, məsafənin hündürlük toplamı 220 metr müəyyən edilmişdir (bu isə təcrübədə hər iştirakçının 8-9 mərtəbəli bina hündürlüyündə 7 təpə aşması deməkdir). Qadınların məsafəsi 12 nəzarət məntəqəsindən ibarət, 120 metr hündürlük toplamlı 2,9 kilometr  təşkil etmişdir. “OPEN” kateqoriyasında məsafə 11 nəzarət məntəqəsindən ibarət olmaqla 2,2 km olmuşdur. Uşaqlar isə 1 kilometr məsafə keçib 11 nəzarət məntəqəsində qeyd olunmalı idilər.

Gərgin mübarizə nəticəsində ümumi komanda birinciliyində Ukraynanın Azərbaycan Respublikasındakı səfirliyi birinci, Xüsusi Dövlət Mühafizə Xidməti ikinci, Fövqəladə Hallar Nazirliyi isə üçüncü yerləri bölüşmüşlər.

Bütün komanda iştirakçıları Gənclər və İdman Nazrliyinin müvafiq dərəcəli diplomları, eləcə də Binəqədi Rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri ilə təltif olunmuşlar. Bundan əlavə, Ukraynanın Azərbaycan Respublikasındakı səfirliyi respublika çempionatının qalibi kimi fəxri kubokla mükafatlandırılmışdır.

V.BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında