2015-ci ildə Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarına hazırlıq yüksək səviyyədə gedir

 

 

 

2015-ci ildə Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarına hazırlıq yüksək səviyyədə gedir.

AzərTAc xəbər verir ki, bu sözləri oktyabrın 29-da “Fairmont Baku” otelində 2015-ci ildə ilk dəfə Azərbaycanda təşkil olunacaq birinci  Avropa Oyunlarına hazırlıqla bağlı keçirilən mətbuat konfransında Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikke demişdir.

P.Hikke ölkəmizdə yaradılan idman infrastrukturunu yüksək qiymətləndirmiş, Atletlər Kəndinin yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırmış və mötəbər yarışa hazırlıqdan məmnunlarını ifadə etmişdir.

Qonaq vurğulamışdır ki, burada güclü və peşəkarlardan təşkil olunmuş komanda çalışır. Dövlətin idmana göstərdiyi qayğı isə bizi çox sevindirir. Azərbaycan dövlətinin başçısı İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti olması burada idman siyasətinin düzgün istiqamətdə aparılmasından xəbər verir.

AOK-un prezidenti görüləcək işlərə dair ciddi müzakirələrin aparıldığını diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, Avropa Oyunlarına qalan 19 ay əslində çox az müddətdir. Amma biz peşəkarları cəlb etməklə qısa vaxt ərzində məqsədlərimizə nail olacağıq. Avropa Oyunlarına öz yanaşmamız olacaqdır. Bakının bu mötəbər yarışa təşkilatçılıq etməsi mühüm hadisədir.

Gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışmışdır. O,  idmançılarımızın qazandıqları nailiyyətləri yüksək qiymətləndirmişdir.

Bildirmişdir ki, iki gün ərzində Bakıda Avropa Olimpiya Komitəsinin İcraedici Komitəsinin növbəti iclası keçirilmişdir. İclas çərçivəsində idman infrastrukturu, atletlərin məskunlaşması istiqamətində müzakirələr aparılmışdır. Komitənin üzvlərinə mövcud idman obyektləri nümayiş olunmuş, inşası davam edən infrastruktur barədə ətraflı məlumat verilmişdir.

İşlərin plan üzrə davam etdiyini diqqətə çatdıran nazir infrastrukturun əksəriyyətinin 2014-cü ilin sonunda idmançıların ixtiyarına veriləcəyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, yalnız Olimpiya stadionu və Su İdman Sarayının 2015-ci il fevralın 1-də istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Nazir noyabrda AOK-un Romada təşkil olunacaq konqresində “Bakı 2015" ilə bağlı təqdimatın keçiriləcəyini bildirmişdir. Qeyd etmişdir ki, bununla əlaqədar hazırda Bakıda ölkəmizin turizm potensialını, mədəniyyətini və incəsənətini özündə əks etdirən videoçarxlar çəkilir. Növbəti təqdimatın isə Soçidə təşkil olunması nəzərdə tutulmuşdur.

Avropa Olimpiya Komitəsinin İcraedici Komitəsinin üzvü Spiros Kapralos yarışın başlanmasına az vaxt qaldığını, bu səbəbdən də hazırlığın sürətlə davam etdiyini bildirmişdir. S.Kapralos sponsorluq və yarışın yayımlanması istiqamətində hazırlanmış proqramın müzakirə edildiyini vurğulamışdır.

Birinci Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcəkdir. İlk Oyunlarda 19 növ üzrə 6 min 351 idmançı qüvvəsini sınayacaqdır. Bunlar kamandan oxatma (128 idmançı), su idman növləri (üzgüçülük, su polosu, suyatullanma - 1000), atletika (800), badminton (160), basketbol (3X3, 160 idmançı), boks (300), kanoe (350), velosiped (BMX, dağ velosipedi, şosse - 350), çimərlik futbolu (256), gimnastika (bədii gimnastika, idman gimnastikası, tamblinq və akrobatika - 406), cüdo (350), karate (96), atıcılıq (stend və güllə (350), stolüstü tennis (128), taekvondo (128), triatlon (125), voleybol (zal və çimərlik - 464), güləş (450) və qılıncoynatma (300) növləridir.

İdman növlərindən yalnız kanoe Bakıdan kənarda - Mingəçevirdəki “Kür” Təlim-Tədris İdman Mərkəzində təşkil olunacaqdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında