Rabitə işçilərinin “Sağlamlıq-2013” Respublika Spartakiadası starta çıxır

 

Bu gün saat 11-də “ABU Arena” İdman Sarayında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin “Spartak” Könüllü Bədən Tərbiyəsi – İdman Cəmiyyəti Respublika Şurası ilə birgə təşkil etdiyi “Sağlamlıq-2013” Respublika Spartakiadasının açılış mərasimi olacaqdır. Azərbaycan Respublikasında rabitənin yaradılmasının 132-ci ildönümünə həsr edilmiş bu ənənəvi yarışda starta 15 komandanın tərkibində 1200-dən çox iştirakçı çıxacaqdır.

Rabitə sahəsində çalışan əməkçilərin fiziki hazırlığına, idman bacarığına ciddi baxışa çevriləcək spartakiadanın mükafatları uğrunda “Aztelekom”, “Teleradio”, Bakı Telefon Rabitəsi istehsalat birliklərinin, “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətin, Beynəlxalq Əlaqələr və Hesablama Mərkəzinin, Hərbiləşdirilmiş Mühafizə İdarəsinin, Dövlət Radio Tezlikləri İdarəsinin və digər kollektivlərin nümayəndələri mübarizə aparacaqlar.

“Sağlamlıq-2013”ün qalib və mükafatçıları idmanın doqquz növündə – yüngül atletika, voleybol, stolüstü tennis, kəndirdartma, mini futbol, nərd, şahmat, dama və güllə atıcılığı yarışlarında müəyyənləşəcəkdir. Bu növlərdən dördündə – yüngül atletika, stolüstü tennis, şahmat və dama turnirlərində qadınlar da çıxış edəcəklər.

Spartakiada yarışları paytaxtımızın müxtəlif idman qurğularında – “ABU Arena”da, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda, Respublika Şahmat Mərkəzində, Slavyan Universitetinin idman zalında və s. yerlərdə keçiriləcəkdir. Birinci olaraq bu gün  mini futbol turnirinin iştirakçıları mübarizəyə başlayacaqlar. Oktyabrın 28-də kəndirdartma yarışlarının iştirakçıları  starta dəvət olunacaqlar. Növbəti günlərdə isə dost rəqiblər spartakiada proqramına daxil olan digər növlərdə qüvvə və bacarıqlarını nümayiş etdirəcəklər.

“Spartak” Cəmiyyətinin Republika Şurasından qarşıdakı tədbir haqqında redaksiyamıza daxil olmuş  məlumatda bildirildiyi kimi, bir ay davam edib noyabrın sonunda finişə çatacaq “Sağlamlıq-2013” Respublika Spartakiadasının ən yaxşı iştirakçıları fəxri fərmanlara, xatirə kuboklarına layiq görüləcəklər. Təşkilatçılar qaliblər üçün pul mükafatları da nəzərdə tutmuşlar.

Başlıcası isə spartakiada rabitəçilərin idman həyatında mühüm yer tutacaqdır. Kimin qalib gəlməsindən, mükafat qazanmasından, kimin  fəxri kürsüdən kənarda qalmasından asılı olmayaraq, bu yarışlarda uduzan olmayacaq. Çünki belə startlar onların bütün iştirakçıları üçün unudulmaz bir hadisəyə çevrilir, yarışda qüvvəsini sınayan, öz kollektivinin şərəfini layiqincə qorumaq üçün qüvvə və bacarığını əsirgəməyən gənclərin hərtərəfli inkişafında, nəcib keyfiyyətlərə yiyələnməsində, qarşıda duran məqsədə çatmaq üçün əsl qələbə əzmi göstərməsində əhəmiyyətli rol oynayır, sağlamlıq və gümrahlıq məşğələlərinin böyük faydasını bir daha aydın şəkildə göstərir.

Oqtay BAYRAMOV,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında