Bütün Azərbaycanın ürəyindən olan qələbə

Yadınızdasa, bir il əvvəl "Qarabağ" UEFA Avropa Liqası yarışlarında Norveçin "Rusenborq" və Finlandiyanın "Honka" komandalarını oyundan çıxarıb avrokuboklarda iki mərhələ adlayan ilk klubumuz olduqda Azərbaycan Prezidenti İlham Əliyev komandanın baş məşqçisi Qurban Qurbanovu telefon vasitəsilə təbrik edərək ona və yetirmələrinə beynəlxalq meydanda yeni, daha böyük uğurlar arzulamışdı. İndi, iyulun 29-dan 30-na keçən gecə isə "Qarabağ" Krakovda dövlət başçımızın həmin təbrikinə layiq oyun nümayiş etdirərək "Visla" üzərində bütün Azərbaycanın ürəyindən olan qələbə qazandı - 1:0.
Xüsusi qeyd edə bilərik ki, bu müvəffəqiyyət cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərliyinin 13-cü ildönümü ərəfəsində əldə olunmuşdur. Bununla da Ağdam klubu həm Avropada daha bir sensasiyaya səbəb olmuş, həm də öz tarixinə bütün xalqımızı xoşbəxt edən çox gözəl bir qələbə yazmışdır.
Avroliqanın üçüncü təsnifat mərhələsinin birinci "raunduna" təsadüf edən və "Qarabağ"ı qrup mərhələsinə yaxınlaşdıran bu qələbənin rəqib meydanında, Polşa klubunun öz azarkeşləri qarşısında qazanılması isə onun əhəmiyyətini ikiqat artırır. Səfərdə güclü rəqibə qarşı soyuqqanlıqla oynayan, birinci hissədə əslində kəşfiyyat aparıb, yeni tanışlarının oyun üslubunu öyrənən, fasilədən sonra isə onların qapısına təzyiqi qat-qat artıraraq dəfələrlə təhlükəli vəziyyət yaradan Azərbaycan futbolçuları "Visla"nı məğlubiyyətlə barışmağa məcbur etməyi bacardılar. Yetmişinci dəqiqədə qeydə alınan qələbə topunu meydançaya çıxan kimi Georgi Adamiyanın ötürməsini sərrast zərbə ilə qola çevirən Vüqar Nadirovun vurması isə futbolçunun məşqçinin etimadını tam doğrultduğunu bildirir.
Teleekranlarda şahidi olduğumuz kimi, "Qarabağ" ikinci hissədə daha çox qolun sevincini yaşaya bilərdi. Təkcə Emin İmaməliyevin sol cinahdan bir neçə zərbəsi çox təhlükəli oldu.
Beləliklə, Ağdam klubu Avroliqada zəfər yürüşünü inamla davam etdirir. "Visla" üzərində tam qələbəyə cəmi beş gün qalır. İnşallah, biz bu fərəhli hadisəyə avqustun 5-də Tofiq Bəhramov adına Respublika stadionunda cavab görüşündən sonra sevinərik. "Qarabağ" Azərbaycanı Avroliqanın qrup mərhələsində təmsil etmək üçün yaxşı şans qazanmışdır. Adam heç ağlına belə gətirmək istəmir ki, Visla çayı sahillərində qazanılmiş bu imkan doğma Xəzər sahillərində itirilə bilər. Axı, Bakıda oyunun gedişinə ilk görüşdən sonra hesabda irəli olan Azərbaycan klubu nəzarət edəcək.
Azarkeşlərimizin cavab matçını necə səbirsizliklə gözlədiklərini təsəvvür etmək çətin deyil. Güman etmək olar ki, həmin gün ölkənin ən böyük stadionunun tribunalarında bir boş yer belə qalmayacaq. İki oyunun yekununda "Visla" üzərində ümumi müvəffəqiyyətə inam böyükdür.
Keçilməz müdafiəçi Rəşad Sadıqov, son dəqiqələrdə Matey Juravskinin 11 metrlik zərbə nöqtəsindən vurduğu topu məharətlə geri qaytararaq polşalıların hesabı bərabərləşdirmək üçün son ümidlərini də heçə çıxaran kapitan qapıçımız Fərhad Vəliyev, oyunun axırıncı iyirmi dəqiqəsində dostlarına kömək etmək imkanı qazanan və buna görə məşqçisinə minnətdarlığını dərhal qolla bildirən Vüqar Nadirov, Əfran İsmayılov, Samir Abbasov və onların oyundaşları meydançada xarüqələr yaratmaqda davam edirlər. "Qarabağ" Azərbaycan futbolu tarixinə parlaq bir səhifə yazır. Həqiqətən, bu ağıllı və əzmkar komandaya qələbə yaraşır.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında