Şriftin ölçüsü:
31.07.2010 06:00 | Oxunma sayı: 617
Paytaxtımızın Xəzər rayonunda cari ilin 6 ayı ərzində bədən tərbiyəsi və idmanı daha da genişləndirmək, uşaq, yeniyetmə və gənclərin sağlam həyat tərzinin təbliğ olunması, istedadlı idmançıların aşkara çıxarılması, ayrı-ayrı idman növlərinin inkişaf etdirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilmişdir.
Belə ki, "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı"nın icrasını təmin etmək üçün 2 fevral Gənclər Günü ərəfəsində beynəlxalq qrossmeystr Rauf Məmmədovun iştirakı ilə rayonun 18 gənc şahmatçısı arasında seans oyunları olmuşdur. Bundan əlavə, şahmat üzrə 1998-99-cu il təvəllüdlü oğlanlar və qızlar arasında rayon birinciliyi, kişilər və qadınlar arasında isə rayon çempionatı, 28 May - Respublika Gününə həsr olunmuş yeniyetmələr üzrə turnir keçirilmişdir.
Böyüməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək məqsədilə yaz çağırışına həsr olunmuş "Vətənin müdafiəsinə hazıram" devizi altında idman çoxnövçülüyü üzrə rayon çempionatı keçirilmiş və yarışlarda 30 nəfər iştirak etmişdir. 26 fevral-Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş "Mahir nişançı" güllə atıcılığı üzrə rayon birinciliyində isə 60 idmançı öz sərrastlığını nümayiş etdirmişdir. Soyqırımla əlaqədar yeniyetmə idmançılar arasında keçirilən birinci Beynəlxalq cüdo turnirində yerli güləşçilərlə yanaşı, Rusiyadan və Gürcüstandan gəlmiş 250 gənc qüvvəsini sınamışdır.
5 mart - Bədən Tərbiyəsi və İdman Günündə kütləvi sağlamlıq yürüşü olmuşdur. Bundan başqa, 1998-99-cu il təvəllüdlü yeniyetmələr arasında sambo güləşi üzrə rayon birinciliyi keçirilmişdir.
İdman yarışlarında kütləviliyi ilə daha çox seçilən rayon məktəblilərinin XXII spartakiadası yüksək nəticələrlə yadda qalmışdır. Rayonun qalib komandaları Bakı şəhəri üzrə keçirilən yarışlarda da müvəffəqiyyətlə çıxış etmişlər. Belə ki, voleybol yarışlarında həm qızlarımız, həm də oğlanlarımız, dördnövçülük üzrə turnirdə isə oğlanlarımız mükafata layiq üçüncü yerləri tutmuşlar.
"2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın icrasını təmin etmək məqsədilə mart ayında 11-12 yaşlı, aprel ayında isə 13-14 yaşlı uşaqlar arasında "Sevinc" kuboku uğrunda rayon birincilikləri keçirilmiş, qalib komandalar Bakı şəhəri yarışlarında iştirak etmək hüququ qazanmışlar. Qızlar arasında mini-futbol üzrə rayon birinciliyi, yeniyetmələr arasında Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş turnir, 1941-45-ci illər müharibəsində Qələbənin 65 illik yubileyinə həsr edilmiş mini-futbol yarışları özünün kütləviliyi ilə səciyyələnmişdir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş sərbət güləş üzrə yeniyetmələr arasında rayon birinciliyi, 28 May - Respublika Günü şərəfinə keçirilmiş yeniyemələr arasında cüdo üzrə açıq turnir geniş əks-səda doğurmuşdur.
İdarəmiz tərəfindən keçirilən tədbirlərdə internat məktəblərinin də iştirakına xüsusi diqqət yetirilir. Belə ki, mini-futbol üzrə rayon birinciliklərində, məktəblilər arasında keçirilən XXII spartakiadanın proqramına daxil olan 11 idman növü üzrə yarışlarda 2 saylı internat məktəbi, Makarenko adına gimnaziya, xarici dillər təmayüllü gimnaziya, E. Mirzəyev adına Respublika xüsusi internat məktəbi fəal iştirak etmişlər. İstedadlı gənclərin aşkara çıxarılması, onların asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə keçirilən tədbirlərdə də internat məktəblərinin iştirakı təmin olunmuşdur.
"Qələbə-65" devizi altında 5 idman növü - güllə atıcılığı, daşqaldırma, voleybol, cüdo, mini-futbol üzrə keçirilmiş rayon spartakiadası, 26 iyun - BMT-nin Narkotiklərlə mübarizə Gününə həsr olunmuş "Gənclər narkotiklər əleyhinə" devizi altında kütləvi sağlamlıq yürüşü yaddaşlarda silinməz izlər buraxmışdır. Gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə iyun ayında "Delfin" istirahət mərkəzində çimərlik voleybolu üzrə rayon çempionatı maraqla izlənmişdir.
İyul ayının sonlarına yaxın Türkiyənin Trabzon şəhərində keçirilmiş çimərlik voleybolu üzrə beynəlxalq turnirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin köməkliyi ilə rayonumuzdan 6 komanda iştirak etmişdir. Qızlardan ibarət komandamız turnirdə ikinci yeri tutmuşdur. Ümumiyyətlə, 6 ay ərzində rayonumuzda təşkil olunmuş müxtəlif idman yarışlarında 3500 nəfərə yaxın gənc iştirak etmişdir. Bundan əlavə, rayonumuzun 23 idmançısı beynəlxalq yarışlarda iştirak edərək mükafatçılar sırasına çıxmışdır.
{nl}
Vüqar ƏLİYEV, Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.