İslam Həmrəyliyi Oyunlarında Azərbaycan Gününə gözəl töhfə: iki gündə 6 medal

 

 İndoneziyanın Palembanq şəhərində 43 ölkə təmsilçilərinin iştirakı ilə keçirilən üçüncü İslam Həmrəyliyi Oyunlarında dünən Azərbaycan Günü idi. Nümayəndə heyətimiz bu təntənəli mərasimi əla əhval-ruhiyyə  ilə qarşılamışdır. Təmsiçilərimiz İslamiadanın ilk iki günündə böyük müvəffəqiyyətlə çıxış edərək altı medal qazanmışlar.

Mükafatlardan dördünə karateçilər sahib olmuşlar. Oyunların birinci günü müvafiq surətdə qızıl və gümüş medalların sevincini yaşamış Ayxan Mamayevin (84 kq) və Şahin Atamovun ( 84 kq-dan yuxarı) uğurlarını onların komanda yoldaşları, beynəlxalq meydanda yüksək nüfuz sahibi olan Rafael Ağayev (75 kq) və Niyazi Əliyev (67 kq) davam etdirmişlər. Dəfələrlə dünya və Avropa çempionu Ağayev özünün zəngin mükafatlar kolleksiyasına İslam Həmrəyliyi Oyunlarının qızıl medalını da əlavə etmiş, Əliyev isə fəxri kürsünün gümüş pilləsinə yüksəlmişdir. Niyazinin bu medalı karate ustalarımızın iki gün ərzində qazandıqları dördüncü mükafat idi.

İslamiadanın ikinci günü Azərbaycanın daha iki idmançısı təbrikləri qəbul etmişdir. Bu dəfə təmsilçilərimiz ağırlıqqaldırma  və üzgüçülük yarışlarında  yaxşı hazırlıq nümayiş etdirmişlər. Silviya Angelova (48 kq) qadın ağırlıqqaldıranların turnirində iki hərəkətin cəmində 163 kq (73+90) nəticə ilə gümüş mükafat qazanmışdır. Yeri gəlmişkən,  Silviya bu il Albaniyada keçirilmiş Avropa çempionatında da ikinci yeri tutmuş, ilin sonunda  Polşada təşkil olunacaq dünya çempionatında da medal qazanmaq əzmindədir.

 

Azərbaycan nümayəndələrinə daha bir gümüş medal isə üzgüçülük yarışlarında təqdim olunmuşdur. Yevgeni Lazuka batterflyay üsulu ilə 100 metr məsafəyə starlarda yalnız qalibdən geri qalıb ikinci nəticə göstərmişdir. Üzgüçümüzün   mükafatçılar sırasına daxil olması bizim üçün ikiqat fərəhlidir. Çoxdan idi Azərbaycan idmançıları mötəbər beynəlxalq yarışlarda  bu növdə fəxri kürsüyə yüksələ bilmirdilər.

 İslam Həmrəyliyi Oyunlarının ilk iki günündə qazanılmış altı medal – iki qızıl və dörd gümüş mükafat, əlbəttə, çox yaxşı başlanğıcdır.

Dünən, yarışların üçüncü günü gündüz saatlarınadək həmvətənlərimiz daha iki medala sevinmişlər. Karateçilər komanda turnirinin finalında İran yığmasına qalib gələrək qızıl mükafata sahib olmuşlar. Ağırlıqqaldıran Zülfüqar Süleymanov (62 kq) isə bürünc medal qazanmışdır. Bundan sonra Azərbaycan idmançılarının medallarının sayı səkkizə çatmışdır.

Oqtay BAYRAMOV,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında