"FİFA futbol üzrə yığma komandaların reytinq cədvəlini açıqlamışdır", "Bakı vaxtı ilə axşam saat 20-də", "topu tordan keçirdi" və s. haqqında bəzi zəruri qeydlər
Həyatın hansı sahəsində olsursa-olsun, ən böyük uğurların açarı peşəkarlıqdır. Peşəkarlıq səviyyən nə qədər yüksək olsa, yaradıcılıq fəaliyyətində özünü bir o qədər inamlı hiss edərsən.
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 22-də Mətbuat Şurasının yeni binasının açılışındakı çıxışında bu barədə çox dəqiq demişdir: "Təkcə mediada deyil, ümumiyyətlə, hər sahədə peşəkarlığın artırılması bizim üçün ən prioritet məsələyə çevrilməlidir..."
Şübhəsiz, idman jurnalistikası da peşəkar münasibət tələb edir. Ancaq təəssüf ki, bəzən dediklərimizə, yazdıqlarımıza peşəkarlıqla yanaşmırıq.
"FİFA futbol üzrə yığma komandaların reytinq cədvəlini açıqlamışdır". Bir dəfə telekanallarımızın birindən eşitdiyim bu cümlədə ilk baxışdan heç bir xətaya yol verilməyib. Amma cümlə peşəkarlıqdan uzaqdır, buradakı "futbol üzrə" sözləri tamamilə artıqdır. Çünki FİFA dedikdə ağlımıza yalnız futbol gəlir və dünyada ən sevimli oyunun bu ali təşkilatının futboldan başqa heç bir idman növündə komandaların reytinqini açıqlamaq səlahiyyəti yoxdur, FİFA-nın mütəxəssisləri heç istəsələr də bunu bacarmazlar.
"Futbol üzrə UEFA Çempionlar Liqası turnirində növbəti oyunlar keçirilmişdir" cümləsi də həmin qəbildəndir. Burada da "futbol üzrə" sözlərinə ehtiyac yoxdur və onların UEFA-nı müşayiət etməsi qətiyyən yerinə düşmür.
Hesabın açılmadığı futbol görüşləri haqqında tez-tez eşitdiyimiz "oyun başladığı kimi də başa çatmışdır" cümləsi ilə razılaşmaq olmaz. Əgər oyun başlanıbsa, nadir istisnalar (gözlənilmədən fasiləsiz şiddətli yağış, güclü qar, şaxta və çovğun nəticəsində meydançanın yararsız vəziyyətə düşməsi və ya hər hansı bir başqa fövqəladə hadisə) nəzərə alınmazsa, hökmən başa da çatmalıdır. Düzdür, cümlədə nə demək istənildiyini başa düşmək çətin deyil. Lakin onu daha dəqiq, yəni "oyun başladığı hesabla da başa çatmışdır" şəklində işlətmək, zənnimizcə, daha düzgün olar.
"Oyun Bakı vaxtı ilə axşam saat 20-də başlanacaq". Bu cümlədə isə axşam sözünə yer olmamalıdır, saat 20 elə axşam deməkdir.
"Topu tordan keçirdi" cümləsinə də irad tutmamaq olmur. Hamımız yaxşı bilirik ki, futbol oyununda qol vurulduqda top qapı xəttini keçdikdən sonra tora qovuşur, yəni ona ilişib qalır və ya tora dəyib geri qayıdır. Top tordan o yana keçsə hətta anlaşılmazlıq, qolun vurulmasına şübhə yarana, qalmaqal düşə bilər. Müdafiə olunan komandanın oyunçuları topun tora daxil olduğunu görmədiklərini bildirərək hakimdən qolun ləğv olunmasını tələb etməyə cəhd göstərərlər. Bu səbəbdən də haqqında söhbət gedən "topu tordan keçirdi" cümləsində tordan sözünün yerinə qapıdan sözü işlədilməlidir.
Hər hansı bir komanda və ya idmançının yarışlarda uğurlu çıxışlarından bəhs edən materiallarda "layiq görülmüşdür" ifadəsini tez-tez eşidir və oxuyuruq. Bu ifadənin çox vaxt yerində işlədilməməsi haqqında mübahisə etmək olar. Çünki medal qazanan idmançıları müəyyənləşdirmək üçün yarışlar zamanı müsabiqələr keçirilmir, münsiflər heyəti də olmur. Ən yaxşılar - qaliblər öz üstünlüklərini, medala layiq olduqlarını deyək ki, rinqdə və ya güləş xalçası üzərində, futbol, yaxud voleybol meydançasında, üzgüçülük və ya qaçış məsafəsində son dərəcə gərgin mübarizə şəraitində sübuta yetirirlər. Deməli, qaliblər medallara layiq görülmür, onları qazanırlar. Cümlələrdə "layiq görülmüşdür"ün öz yeri var. Məsələn, respublikanın əməkdar məşqçisi adına, yaxud Olimpiya oyunlarının açılış mərasimində öz ölkəsinin bayrağını aparmaq hüququna və ya dünya çempionatının ən yaxşı futbolçusu adına layiq görülmüşdür.
Müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatları haqqında materiallarda "yığma komanda" sözləri tez-tez işlədilir. Halbuki bu mötəbər yarışlar yalnız yığma komandalar səviyyəsində keçirildiyi üçün cümlələrdə "yığma" sözü artıqdır, sadəcə Azərbaycan komandası deyə bilərik.
"Xalları yarı böldülər". İstər mtbuatda, istərsə də telekanallarda futbol və şahmat yarışlarından bəhs edən materiallarda bu fikir dəqiq ifadə olunmur. Hər iki halda, necə deyərlər, texniki səhvə yol verilir. Futbolda qalib komandanın 3 xal qazandığı, heç-heçəyə görə isə rəqiblərdən hərəsinə 1 xal verildiyi heç kim üçün sirr deyil. Deməli, əgər oyunda heç-heçə qeydə alınırsa, komandalar hərəyə bir xal qazanırlar, daha bir xal isə itib-batır. Bu halda xallar yarı bölünmür, ona görə də "rəqiblər hərəyə bir xal qazanmışlar" demək, yəqin ki, daha düzgün olar.
Şahmatda isə qələbə bir, heç-heçə yarım xalla qiymətləndirilir. Bu oyunda tərəflər bir-birini çıxılmaz vəziyyətə sala bilməyib, heç-heçəyə razılaşdıqda hərəyə yarım xal qazanırlar. Bu isə o deməkdir ki, onlar xalları yox, xalı yarı bölmüşlər. Axı söhbət görüşdə oynanılan bir xaldan gedir.
Şahmat xəbərlərinə dair daha bir irad. Deyək ki, hansısa bir ölkədə yeddi rəqibin, o cümlədən bizim Şəhriyar Məmmədyarovun iştirakı ilə beynəlxalq turnir keçirilir və onların hərəsi bir dövləti təmsil edir. Bu yarış barədə xəbərlərdə işlədilən bir cümlə, "turnirdə yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov altıncı turda qalib gəlmişdir" cümləsi istər-istəməz səni düşünməyə məcbur edir: məgər iştirakçıların ən azı ikisi bizimkilər olmalıdır? Niyə? Cümlədə işlədilmiş yeganə sözü efirə getməzdən və ya qəzet səhifəsinə çıxarılmazdan əvvəl ixtisar olunmalı idi.
Yaxud sərbəst üsulla güləşənlərin turnirində "altı idmançımızdan yalnız üçü medal qazana bilmişdir" cümləsi üzərində dayanaq. Burada da yalnız sözünün üstündən qalın bir xətt çəkilməlidir. Bu söz təmsilçilərimizin beynəlxalq yarışda uğuruna kölgə salır - neçə-neçə ölkə nümayəndələrinin rəqabətində medalların hamısını həmyerlilərimiz qazanmalıdırlar? Bəs qalan ölkələrin güləşçiləri bu yarışa turist kimi gəlmişdilər?
Qarğışa bənzər "rəqibin qol vurmaq arzusunu gözündə qoydu", yaxud eyni futbolçunun bir oyunda iki top vurduğunu bildirən, ancaq dilimizdə bir qədər qəribə səslənən "dubla imza atdı" cümlələri də yaxşı qarşılanmır. Futboldan bir qədər uzaq adam, yəqin, düşünər ki, görəsən, bu sonuncu cümlə nə deməkdir?
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilən və səhv etmirəmsə, 2004-cü ilin martından onun adını daşıyan əzəmətli İdman-Konsert Kompleksi son illər çox böyük yarışlara - güləş və bədii gimnastika üzrə dünya və Avropa çempionatlarına, "Qran-Pri" turnirlərinə, qadın voleybol komandaları arasında olimpiya təsnifat görüşlərinə və s. idman tədbirlərinə səhnə olur. Tamaşaçılar burada təşkil edilən yarışlardan əsl zövq alırlar. Hərdən kompleksdə idmandankənar tədbirlər, məsələn, sərgi də keçirilir. Bu zaman bir də görürük ki, kimsə tədbirin İdman-Sərgi Kompleksində keçirildiyini deyir və ya yazır. Əlbəttə ki, belə olmaz. Saray İdman-Konsert Kompleksi adlanırsa, burada hansı tədbirin keçirilməsindən asılı olmayaraq onu həmişə özünün əsl adı ilə adlandırmaq lazımdır.
"Əl oyunları sarayı". İndi bizdə bu adda idman qurğusu yoxdur. "Azneft" meydanı yaxınlığında yerləşən və öz zəngin tarixində bir çox idman növləri üzrə müxtəlif miqyaslı yarışlara şahidlik etmiş saray əvvəllər belə adlanırdı. Ancaq artıq xeyli vaxtdır ki, onun adı dəyişmiş və bu qurğu "İdman sarayı" adlanır. Şübhəsiz, bu daha düzgündür. Çünki sarayda əl ilə oynanılan voleybol, həndbol yarışları ilə yanaşı qolların ayaqla vurulduğu futzal görüşləri də keçirilir, oyun olmayıb, təkbətək mübarizə xarakteri daşıyan güləş, boks, karate, taekvondo turnirləri də təşkil olunur.
Xəbərlərdə başqa qüsurlara da yol verilir: "İngiltərə Premyer Liqasının "Arsenal" - "Çelsi" görüşündə ilk hissə heç-heçə nəticələnmişdir". Əgər futbol oyunu cəmi iki hissədən ibarətdirsə onları ilk və son hissələr adlandırmaq nə dərəcədə məqsədəuyğundur? Ömür boyu birinci, ikinci hissə demişiksə, bundan sonra da belə davam etmək yaxşı olmazmı?
Voleybol yarışları haqqında işlədilən "set" sözü ilə razılaşmaq çətindir. İdman dairələrimizdə bu söz uzun illər ərzində hissə kimi işlədilib və bunu heç vaxt heç kimə irad tutmayıblar. İndi onu dəyişməyə nə ehtiyac?
Bir çoxlarımızın yaxşı yadındadır ki, 1982-ci ildə Qış Olimpiya Oyunlarının iştirakçılarını qəbul etmiş, hazırda isə Bosniya və Hersoqovinanın paytaxtı Sarayevo (saray və onu əhatə edən ərazi deməkdir; keçmiş Yuqoslaviya dövründə, ötən əsrin yetmiş və ya səksəninci illərində bizim Bakı ilə qardaşlaşmışdı və indi Əhmədli qəsəbəsində bu adı daşıyan küçə də var) şəhərinin adının bəzən səhv olaraq "Sarayev" yazıldığını görmüşəm. Böyük, özü də bizə qardaş olan şəhərin adını düzgün yazmağa çalışaq.
Elə hazırda keçmiş Çexoslovakiyanın yarısını təşkil edən Slovakiyanın hərdən "Slavakiya" kimi yazılması, həmişə xokkey adlandırdığımız oyunu indi "hokkey"ə çevirməyimiz, yadro itələmək yarışlarını bəzən nüvə, bəzən də kürə itələmək yarışları kimi ifadə etməyimiz də düzgün deyil.
İdmanda məğlubiyyətlər müxtəlif olur. Bir var bərabər səviyyədə davam edən futbol görüşündə rəqibinə layiqli müqavimət göstərib kiçik fərqlə uduzasan, bir də var açıq-aşkar aciz olub ağır uğursuzluğa məruz qalasan. Adətən, birinci halda təəssüfümüzü gizlədə bilməyərək deyirik ki, komanda acınacaqlı məğlubiyyətə uğramışdır, uduzmayıb qalib də gələ bilərdi. Lakin bu ifadənin ikinci halda da işlədildiyinin şahidi oluruq. Hərçənd böyük hesabla uğursuzluq acınacaqlı yox, ağır məğlubiyyətdir və o qədər də təəssüf doğurmur...
Müxtəlif vaxtlarda eşitdiyim, oxuduğum və qeyd dəftərçəmin "yaddaşına" köçürdüyüm bu qüsurları qəzet səhifəsinə çıxarmazdan əvvəl bir qədər tərəddüd etdim, çünki onlar ünvansızdır. Ancaq sonra bu qənaətə gəldim ki, qeyri-dəqiq hesab etdiyim cümlə və ifadələr idman jurnalistikasını seçən gənc və təbii ki, hələlik bir qədər təcrübəsiz həmkarlarımın müəyyən dərəcədə diqqətini cəlb edə bilər. Bu səbəbdən də xoş məramla yazılmış qeydləri, hər halda, dərc etdirməyi qərara aldım. Gənclər üçün həyat əslində yenicə başlanır və hər şey, o cümlədən ən böyük qələbələr hələ irəlidədir. Qələbələri isə yalnız dəqiq "oyunla" qazanmaq mümkündür.
{nl}
Oqtay BAYRAMOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.