Şriftin ölçüsü:
27.07.2010 07:05 | Oxunma sayı: 565
"Qarabağ" Avroliqada mübariz oyun nümayiş etdirir
Avrokuboklarda növbəti dəfə "səhnəyə" çıxan dörd təmsilçimizdən üçü bir mərhələ adlamaq arzusunu ən azı gələn yayadək təxirə salmağa məcbur olduqdan sonra bütün ümid qalır "Qarabağ"a. Ağdam klubunun Avropa Liqası turnirinin ilk iki mərhələsində nümayiş etdirdiyi möhkəm iradə, yenilməz qələbə əzmi, başlıcası isə futbolun bəzəyi olan qol vurmaq bacarığı gənc mütəxəssis Qurban Qurbanovun səmimi və mübariz komandasının çox şeyə qadir olduğunu bir il əvvəlki kimi yenə inamla sübuta yetirdi.
Əgər ötən il "Qarabağ" Azərbaycan futbolu tarixinə qitə miqyaslı yarışlarda iki mərhələ adlayan ilk klubumuz kimi daxil olmuşdusa, indi ağdamlılar ardıcıl ikinci il belə hünər göstərmələri ilə haqlı olaraq fəxr edə bilərlər. Üstəlik də, bu ay qeydə alınmış uğur hələ son hədd deyil. Qrup mərhələsinə vəsiqə qazanmaq əzmində olan "Qarabağ" bu çox çətin, amma son dərəcə şərəfli vəzifəni də yerinə yetirsə, bütün Avropanı heyrətləndirə bilər. Bunun üçünsə "Visla"nı (Polşa) da keçmək lazımdır.
Söz yox, zəngin tarixə malik Krakov klubu çox təcrübəli kollektivdir. Digər tərəfdən isə Polşa futbolçuları beynəlxalq meydanda istər yığma komandalar, istərsə də klublar səviyyəsində azərbaycanlı rəqibləri üçün keçilməz səddə çevrilmişlər. Ancaq bu yaxınlarda "İnter"in Çempionlar Liqası turnirində "Lex" ilə kəskin rəqabət apararaq Bakıda ona kiçik fərqlə uduzduqdan sonra (0:1) Poznanda cavab görüşünün əsas vaxtında həmin hesabla qalib gəlməsi və yalnız penaltilər seriyasında məğlub olması "Visla" - "Qarabağ" görüşü ərəfəsində yaxşı əlamətdir. Polyaklara qarşı oyunlarda futbolumuzun uğursuzluqlarını davam etdirmək əhval-ruhiyyəsindən tamam uzaq olan ağdamlılar xoşagəlməz ənənəyə son qoymağa hazırlaşırlar. Bu səbəbdən də Polşa təmsilçisi ilə növbəti sınaqlar ərəfəsində nikbinliyimiz bədbinliyimizi üstələyir.
"Qarabağ" heç kimi biganə qoymayan məhsuldar oyunu ilə azarkeşlərin dərin hörmət və rəğbətini qazanmışdır. Azərbaycan futbolçularının Makedoniyanın "Metallurq" və Şimali İrlandiyanın "Portadaun" komandalarına qarşı dörd oyunun heç birindən qolsuz ayrılmaması, bu görüşlərdə üst-üstə 8 top vurmaları (bir daha yada salaq: "Metallurq"la 4:1 və 1:1, "Portadaun"la 2:1 və 1:1), xüsusən də sonuncu görüşdə rekord sayda təhlükəli vəziyyətlər yaratmaları "Visla"nı narahat etməyə bilməz.
Ağdam klubu Avropa meydanında özü üçün yeni rəqiblə tanışlığa iyulun 29-da vətəndan uzaqlarda, Visla çayı sahillərində başlayacaq. İki oyunun ümumi yekununa görə cütün qalibi isə avqustun 5-də Xəzər sahillərində, unudulmaz Tofiq Bəhramovun adını daşıyan stadionda müəyyənləşəcək.
Ötən yay "Qarabağ" çox zəhmli "Rusenborq"u oyundan çıxardıqda Avroliqa əsl sensasiyalardan birinə şahidlik etmişdi. Elə "Honka" (Finlandiya) ilə görüşlərdə müvəffəqiyyət də qitənin futbol dairələrində yüksək qiymətləndirilmişdi. "Tvente" ilə matçların ümumi yekunu bizim xeyrimizə olmasa da, Hollandiyanın bu məşhur klubunun Vaqif Cavadovu öz sıralarına dəvət etməsi Azərbaycan futbolunda çox mühüm hadisəyə çevrildi.
Builki yayda isə "Metallurq"la "Portadaun" artıq "Qarabağ"ın yolundan çəkilmişlər. Qarşıda Ağdam futbolçularını "Visla" gözləyir. Bu nə qədər tanınmış klub olsa da, təxminən "Rusenborq" səviyyəsindədir. Norveç komandası isə bir il əvvət həmvətənlərimizlə bacarmamışdı.Yeri gəlmişkən, UEFA "Visla" - "Qarabağ" görüşünün hakimliyini özünün norveçli nümayəndələrinə həvalə etmişdir. Bakıda isə rəqibləri meydana türkiyəli Bülənt Yıldırım dəvət edəcək. Bu oyun artıq başa çatmaqda olan iyul ayında Avroliqada Ağdam klubu üçün sayca beşinci görüş olacaq. İyulun birinci ongünlüyündə makedoniyalı rəqiblərindən, sonra da Şimali İrlandiya klubundan güclü olduqlarına heç bir şübhə yeri qoymayan Azərbaycan futbol məktəbinin istedadlı yetirmələri Fərhad Vəliyev, Rəşad Sadıqov, Elvin Məmmədov, Maksim Medvedev, Əfran İsmayılov, Rauf Əliyev və onların oyundaşları "Visla"ya da layiqli rəqib olub iyul ayını başdan ayağa hünər və zəfər ayına çevirmək əzmindədirlər. Biz isə əminik: "Qarabağ"ın daha bir qəhrəmanlığa gücü çatar!
{nl}
{nl}
Oqtay BAYRAMOV, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.