Son iki Olimpiya oyunlarında Azərbaycana 3 qızıl medal sevinci yaşatmış 11 avqust

 ...11 avqust 2012-ci il. Londonda XXX Yay Olimpiya Oyunları artıq finişin astanasındadır, dəqiq desək, Olimpiadanın sonuncudan əvvəlki günüdür. Azərbaycan nümayəndə heyətinin isə hələ də hesabında qızıl medal yoxdur. Ölkəmizin idman ictimaiyyətinin bütün ümidləri bu gün, avqustun 11-də mübarizəyə qoşulan sərbəst güləş ustalarınadır.

Bakı vaxtı ilə gecəyarısıdır. Artıq bütün dünya bilir ki, iki çəki dərəcəsində final görüşləri Azərbaycan təmsilçilərinin iştirakı ilə keçiriləcəkdir. Bir qədər sonra isə nəhəng idman sarayını “Azərbaycan!”, “Azərbaycan!” sədaları bürüyür. Toğrul Əsgərov və Şərif Şərifov müvafiq surətdə 60 və 84 kq çəki dərəcələrində bütün rəqiblərini məğlubiyyətlə barışmağa məcbur edib, xalqımıza təsəvvürolunmaz sevinc hissi yaşadırlar.

Həmvətənlərimizi fəxri kürsünün zirvəsində görmək, onların tarixi qələbəsi şərəfinə doğma sahillərdən uzaqlarda səsləndirilən Azərbaycanın dövlət himninin əzəmətli sədalarını dinləmək ölkəmizin hər bir vətəndaşı, bütün dünya azərbaycanlıları üçün olduqca xoş, qürurverici anlar idi.

Qızıl oğlanlar Toğrulla Şərifin çox böyük müvəffəqiyyəti, eləcə də onların yığma komandamızdakı dostları Rövşən Bayramovla (yunan-Roma güləşi) qadın güləşçi Mariya Stadnikin gümüş medalları, digər güləşçilər - Emin Əhmədov, Xetaq Qazyumov və Yuliya Ratkeviçin, ağırlıqqaldıran Valentin Xristov, boksçular Teymur Məmmədov və Məhəmmədrəsul Məcidovun bürünc mükafatları ümumi hesabda Azərbaycan komandasını çoxlarının, hətta ən qüdrətli idman dövlətlərinin də həsəd apara biləcəyi 30-cu yerə çıxardı. İki yüz beş ölkə arasında otuzuncu olmağın nə demək olduğunu isə izah etməyə ehtiyac yoxdur.

Yalnız onu xatırladaq ki, idmançılarımız London Yay Olimpiya Oyunlarında tarixi bir nailiyyətlə Azərbaycanı göylərə qaldırdılar. Atlanta - 1996, Sidney - 2000, Afina - 2004 və Pekin - 2008 olimpiadalarında üst-üstə 16 medal qazanan Azərbaycan təmsilçiləri İngiltərə paytaxtında 2-si qızıl olmaqla 10 mükafatın sevincini yaşadılar.

Bir az əvvəl Pekin yazdım, yadıma Çin Xalq Respublikasının paytaxtında keçirilmiş XXIX Olimpiya Oyunlarında cüdoçu Elnur Məmmədlinin 73 kq çəki dərəcəsində möhtəşəm qələbəsi düşdü. Tatami ustamız da olimpiya qızılını məhz avqustun 11-də qazanmışdı. Fərq yalnız bundadır ki, Toğrulla Şərif 2012-ci il iyulun 27-də starta çıxan London Olimpiadasının sonuncudan əvvəlki günü fərqlənmişdilərsə, Elnur 2008-ci ilin səkkizinci ayının səkkizinci günü başlanan Pekin Olimpiya Oyunlarının artıq üçüncü günü bütün altı rəqibinə bir göz qırpımında qalib gəlib, fəxri kürsünün ən yüksək pilləsində xoşbəxtcəsinə təbrikləri qəbul etmişdi.

Beləliklə, dünya idmançılarının ən ali məclisi olan Yay Olimpiya Oyunlarının son ikisində eyni bir gündə, avqustun 11-də Azərbaycan idmançılarına 3 qızıl medal təqdim olunmuşdur. Həqiqətən, 11 avqust tarixdə idmanımız üçün olduqca uğurlu və əlamətdar bir gün kimi yaşayacaq.

Hər şey sanki dünən olmuşdur. Əslində isə London - 2012 artıq bir ildir ki, tarixin səhifəsinə çevrilmişdir. İndi Rio-de-Janeyroda Olimpiada - 2016-ya cəmi üç il qalır. Şübhəsiz, Azərbaycan idmançıları əfsanəvi Pelenin Vətəni Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına daha yaxşı hazırlaşmaq, dünyanı Londondakından da çox medalla təəccübləndirmək əzmindədirlər. Hazırda onların bütün məşq prosesləri məhz buna yönəlmişdir.

Oqtay BAYRAMOV,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında