Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idman sürətlə inkişaf edir

 

Əgər 2009-cu il iyulun 31-dək 19 olimpiya idman kompleksimiz və 16 olimpiya medalımız var idisə, bu gün həmin rəqəmlər müvafiq surətdə 38 və 26-dır

Azərbaycan idmanı ilə az-çox bağlı olan, onun təəssübünü çəkən hər bir kəs bu gün, iyulun 31-də xüsusi əhval-ruhiyyə ilə yaşayacaq desək, yəqin ki, səhv etmərik. Bu gün dövlətimizin başçısı və Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin respublikamızda Olimpiya Hərəkatına rəhbərliyinin 16-cı ildönümü tamam olur. Ötən on altı ildə - 1997-ci il iyulun sonuncu günündən indiyə qədər Azərbaycan idmanının keçdiyi şanlı yol böyük qələbələr, tarixi nailiyyətlər və beynəlxalq dairələrdə ölkəmizin ünvanına söylənilən xoş sözlərlə zəngin olmuşdur.

İnsan həyatının ən mühüm sahələrindən biri olan idmana dövlətin gündəlik qayğısı, onun inkişafı üçün yaradılan şərait, bu şərəfli işdə bütün bədən tərbiyəsi və idman təşkilatlarımızın MOK prezidentinin rəhbərliyi ilə birgə səylə həyata keçirdikləri təxirəsalınmaz tədbirlər, gördükləri böyük işlər bəhrəsiz qalmamışdır. Arxada qalan illər yaddaşımızda bir-birindən əlamətdar hadisələrlə yaşayır.

Diqqət yetirin: əgər 2009-cu il iyulun 31-də, yəni İlham Əliyevin Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinə rəhbərliyinin 12-ci ildönümünün tamam olduğu günədək ökəmizdə 19 olimpiya idman kompleksi istifadəyə verilmişdisə və idmanımızın ən yaxşı nümayəndələri dünya atletlərinin ali məclisi olan Olimpiya oyunlarından Vətənə 16 medal gətirmişdilərsə, təkcə son dörd ildə olimpiya komplekslərinin sayı ikiqat artaraq 38-ə çatmış, olimpiya medallarımıza isə London - 2012-də qazanılmış daha 10 medal əlavə olunmuşdur. İndi Azərbaycan idmanının qənimətlər xəzinəsində 26 olimpiya medalı vardır.

Haqlı olaraq qürur duyduğumuz bu rəqəmlərə necə sevinməyəsən. Təkcə dörd il ərzində asudə vaxtlarını səmərəli keçirmək, idmanla yaxından dostluq etmək, gümrahlıq və sağlamlıq məşğələlərinin böyük faydasını hiss etmək, nəhayət, seçdikləri idman növlərində təcrübəli mütəxəssislərin rəhbərliyi altında ustalıqlarını artırıb yarış meydanlarında yüksək zirvələr fəth etmək arzusu ilə yaşayan gənclərin ixtiyarına bir-birindən yaraşıqlı 19 olimpiya idman kompleksinin verilməsi dünya idmanında, bəlkə də, nadir hadisədir və bu rəqəmə çox ölkələr, hətta qüdrətli dövlətlər də həsəd apara bilər.

Bu isə təsadüfi deyil, Azərbaycanda idman hələ ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi uzun illər ərzində xüsusi qayğı ilə əhatə olunmuşdur, bu gün isə ulu öndərin layiqli davamçısı, dövlətimizin və idmanımızın lideri İlham Əliyev onun inkişafına diqqəti bir an belə azaltmır, yeniyetmələrin və gənclərin müntəzəm bədən tərbiyəsi və idman məşğələləri sayəsində nəcib keyfiyyətlərə yiyələnməsi, onların Vətənə böyük məhəbbət ruhunda tərbiyə olunması, sağlam və gümrah böyüməsi, beynəlxalq aləmdə qələbə və medallarımızın sayının durmadan artması üçün əlindən gələni əsirgəmir. Məhz dövlət başçımızın hərtərəfli qayğı və köməyinin nəticəsidir ki, bu gün respublikamızda idman sürətli inkişaf yolundadır və Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.

Bunu hələlik sonuncu olan London Olimpiadası - 2012 də bir daha inamla təsdiq etdi. Düz bir il əvvəl, iyulun 27-də İngiltərə paytaxtında XXX Yay Olimpiya Oyunları yenicə starta çıxmışdı. Avqustun ortalarında Azərbaycan idmançıları olimpiadalarda çıxışları tarixində Londonda özlərinin ən böyük, tarixi nailiyyətlərini qazanıb ölkəmizə 10 medal, o cümlədən sərbəst güləş ustaları Toğrul Əsgərov və Şərif Şərifovun qızıl mükafatları ilə qayıtdıqdan sonra Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyev nümayəndə heyətimizin üzvləri ilə görüşdəki nitqində Azərbaycan idmançılarının çıxışlarını yüksək qiymətləndirərək belə demişdir: “Azərbaycan bu qələbəyə layiqdir. Azərbaycan güclü dövlətdir. Güclü dövlətin güclü idmanı da olmalıdır. Həyatımızın hər sahəsində olduğu kimi, idmanda da qələbələrimiz görülən işlərin məntiqi nəticəsidir.

Azərbaycanda çox güclü və mehriban idman ailəsi vardır. Bu istiqamətdə düzgün dövlət siyasəti aparılır. Dövlət siyasətinin düzgün istiqamətdə aparılması, idmanın inkişafına cavabdehlik daşıyan bütün qurumların vahid komanda şəklində fəaliyyət göstərməsi, idmançılarımızın peşəkarlığı və Vətənə olan sevgisi bu qələbələri şərtləndirdi".

Görülən işlərin məntiqi nəticəsi, barı-bəhrəsi isə Azərbaycanın hər bir vətəndaşının qəlbini iftixar hissi ilə doldurur, xalqımıza böyük sevinc bəxş edir, dünya və Avropa çempionatlarında, Olimpiya və Paralimpiya oyunlarında, ümumdünya universiadalarında, şahmat “Qran-Pri”lərində və digər yarışlarda qazanılan medallar ölkənin hər bir sakininin ürəyindən olur, onun ömrünü uzadır.

Toğrul və Şərif kimi, London Olimpiadasının fəxri kürsüsündə gördüyümüz yunan-Roma üsulu ilə güləşən Rövşən Bayramov və qadın güləşçi Mariya Stadnikin gümüş mükafatları, ağırlıqqaldıran Valentin Xristov, “klassik” Emin Əhmədov, güləş ustası Yuliya Ratkeviç, boksçular Teymur Məmmədov, Məhəmmədrəsul Məcidov, sərbəst üsulla güləşən Xetaq Qazyumovun olimpiya sınaqlarında qazandıqları bürünc mükafatlar Azərbaycanın hər yerində toy-bayrama çevrildi.

Elə həmin Londonda paralimpiyaçılarımıza təqdim olunan 12 medal, lap bu yaxınlarda tələbə idmançılarımızın Kazanda (Rusiya) XXVII Ümumdünya Yay Universiadasında qazandıqları 4-ü qızıl olmaqla 16 mükafat da idmanımızın tarixində özünə layiqli yer etmişdir.

Bu əlamətdar gündə istər olimpiya, istərsə də qeyri-olimpiya növlərində Vətənə gurultulu qələbələr qazandırmış idmançıların siyahısını istənilən qədər uzatmaq olar. Yalnız onu xüsusi qeyd edək ki, təxminən iki ay əvvəl Xantı-Mansiyskdə (Rusiya) sürətli şahmatın rapid növü üzrə dünya çempionu olmuş, hazırda isə klassik şahmat üzrə FİDE-nin “Qran-Pri” yarışlarının ümumi yekununda ikinci yeri tutub, iddiaçıların dünya şahmat tacı uğrunda növbəti turnirinə vəsiqə qazanmağa çox yaxın olan istedadlı qrossmeyster Şəhriyar Məmmədyarovun planetin ən hörmətli şahmat ustalarından biri kimi tanınması Azərbaycan idmanı nümayəndələrinin bir çox növdə ən böyük qələbələr qazanmaq iqtidarında olmalarına gözəl sübutdur.

Bir həftə əvvəl Prezident İlham Əliyevin Kazanda keçirilmiş XXVII Ümumdünya Yay Universiadasının qaliblərini, mükafatçılarını, onların məşqçilərini və respublikanın idman mütəxəssislərini qəbul edib, qazandıqları böyük uğurlar münasibətilə təbrik etməsi, bu yarışlarda yüksək nəticələrə nail olmuş idmançıların və onların məşqçilərinin mükafatlandırılması haqqında sərəncam imzalaması dövlət başçımızın idmana və idmançılara böyük qayğısının, hərtərəfli köməyinin daha bir təsdiqi oldu.

Elə həmin gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) səkkizinci hesabat-seçki Baş Assambleyası keçirilmiş və tam səs çoxluğu ilə Azərbaycanın 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi barədə qərar qəbul edilmişdir.

Beləliklə, 2015-ci ildə təşkil olunacaq tarixdə ilk Avropa Oyunları, 2016-da Ümumdünya Şahmat Olimpiadası, bundan bir il sonra isə IV İslam Həmrəyliyi Oyunları Bakıda keçiriləcəkdir. Üç ildə miqyasına görə çox böyük üç idman hadisəsi. Beynəlxalq idman təşkilatlarının Azərbaycana, onun paytaxtına göstərdikləri böyük etimada bundan yaxşı nümunə tapmaq olmaz.

Əlbəttə ki, Bakı da öz növbəsində bu yarışları ən yüksək səviyyədə keçirməklə ona göstərilən etimadı tam doğruldacaq. Azərbaycanda idman dövlətin daimi qayğısı ilə əhatə olunmuşdur. İndi bunu təkcə biz özümüz demirik. Son illər tez-tez, hər həftə, hər ay respublikamızın qonağı olan ən mötəbər beynəlxalq idman təşkilatlarının rəhbərləri də Bakıda və digər şəhər və rayonlarımızda idman işlərinin yüksək səviyyədə təşkilindən böyük zövq alır, burada gördüklərindən məmnun qalır, öz vətənlərinə zəngin təəssüratla qayıdırlar.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikey də bir neçə dəfə Azərbaycanın qonağı olmuşdur. O, 2007-ci ilin aprel ayında ölkəmizə ikinci səfəri zamanı elə həmin vaxtlarda istifadəyə verilən Masallı Olimpiya İdman Kompleksinin təntənəli açılış mərasimində iştirak etmişdir. Cənab Hikeyin həmin mərasimdəki çıxışında Azərbaycan rəhbərinə müraciətlə dediyi sözləri bu gün bir daha xatırlamaq çox yerinə düşər: “Hörmətli cənab Prezident, ola bilsin, coğrafi baxımdan ölkəniz Avropanın mərkəzindən uzaq olsun. Amma idmanla və Masallıdakı kimi bu cür gözəl komplekslərin tikintisi ilə Siz Avropanın lap ürəyində yer tutursunuz. Bir çox hallarda, siyasət və diplomatiyanın bacarmadığı hallarda, idman, sözün əsl mənasında, xalqları birlik və dostluq şəraitində bir araya gətirən vasitə kimi çıxış edə bilər... Azərbaycan xalqı milli ruhu, qonaqpərvərliyi və idmana olan məhəbbəti ilə özünəlayiq nüfuz qazanmışdır. Qoy bu nailiyyət uzun illər davam etsin!”.

Həqiqətən də, dünyanın hər yerindən idman adamları Azərbaycana gəlir, ölkəmizin bir an belə dayanmayan idman həyatı ilə yaxından tanış olur və burada həyata keçirilən işləri, qazanılan nailiyyətləri yüksək qiymətləndirirlər.

...Azərbaycan növbəti prezident seçkiləri ərəfəsindədir. Tezliklə, cəmi iki ay yarımdan sonra ölkə vətəndaşları seçki məntəqələrinə axışacaqlar. Şübhəsiz, bu zaman hamı çalışacaq ki, respublikamız üçün taleyüklü məsələnin həllində düzgün seçim etsin, qarşıdakı beş il üçün də gündən-günə çiçəklənməkdə və möhkəmlənməkdə olan müstəqil Azərbaycan Respublikasına həyatın bütün sahələrində yeni-yeni tarixi nailiyyətlər qazandırıb, onu daha işıqlı gələcəyə apara biləcək ən layiqli namizədə səs versin.

Əlbəttə, seçki prosesinin ən fəal üzvlərindən biri də, həmişəki kimi, çoxminli bədən tərbiyəçiləri və idmançılar ordusu olacaq. Bu gün heç kim üçün sirr deyil ki, ölkəmizdə bədən tərbiyəsi və idmanın sürətli inkişafı, son on ildə paytaxt Bakı ilə yanaşı, əksər bölgələrimizdə istifadəyə verilmiş bir-birindən yaraşıqlı olimpiya idman kompleksləri, o cümlədən iki həftə əvvəl təntənəli açılış mərasiminə sevindiyimiz və sayca artıq 38-ci olan Xaçmaz Olimpiya İdman Kompleksi, Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında, mötəbər beynəlxalq yarışlarda qazanılan medallar, Azərbaycanın bütün dünyada qüdrətli bir idman ölkəsi kimi tanınması artıq 16 ildir ki, Milli Olimpiya Komitəsinə böyük müvəffəqiyyətlə rəhbərlik edib, idmanımızı əsl Vətən sevgisi ilə qələbədən-qələbəyə aparan dövlət başçımız İlham Əliyevin adı ilə bağlıdır.

Məhz buna görə də idman ictimaiyyətimizin bütün nümayəndələrinin prezident seçkilərində özlərinin şəriksiz liderinin namizədliyini dəstəkləyəcəkləri şübhə doğurmur. Böyük qayğı ilə əhatə olunan Azərbaycan idmançıları möhkəm əmindirlər ki, son on ildə həm də dövlət başçısı kimi, ölkəmizi bütün sahələrdə böyük qələbələrə, tarixi nailiyyətlərə aparan möhtərəm Prezidentin yorulmaz fəaliyyəti və yenilməz lider keyfiyyətləri respublikamıza qarşıdakı illərdə yeni-yeni uğurlar, deməli, həm də beynəlxalq aləmdə daha böyük nüfuz vəd edir.

Sabahdan cənab İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbərliyinin 17-ci ili başlayır. Ölkəmizin ümumdünya olimpiyaçılar ailəsində qazandığı möhkəm mövqe, bir-birindən fərəhli dəyişikliklər, müvəffəqiyyətlə həyata keçirilən idman siyasəti və onun bəhrələri dünyanın hər yerində rəğbətlə qarşılanır. Avropa Olimpiya Komitəsinin tarixdə ilk dəfə keçiriləcək və elə buna görə də ikiqat yüksək etimadın göstəricisi kimi dəyərləndirə biləcəyimiz Avropa Oyunlarının təşkili hüququnu gözəl paytaxtımız Bakıya həvalə etməsi buna ən yaxşı sübutdur.

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında