Avropada Azərbaycanı “Qarabağ” kimi təmsil edərlər! Ağdam klubu sonadək döyüşür və qələbə sevinci yaşayır

 

“Qarabağ” UEFA Avropa Liqası turnirində üçüncü təsnifat mərhələsinin də qapısını öz üzünə taybatay açmaqla Azərbaycan klublarına yaxşı nümunə göstərdi.

Hayfadakı məğlubiyyətdən (0:2) sonra “doğma divarlar” arasında bizə hələ də qarmaqarışıq yuxu kimi görünən oyunda İsrailin “Makkabi” komandasnın sarsıdıcı nokaut zərbələrinə məruz qalıb, ağlagəlməz 0:8 hesabı ilə uduzan “Xəzər-Lənkəran”dan, Norveçin Tromse şəhərində eyniadlı yerli klubla matçdan öz qapısından buraxdığı iki cavabsız topla ayrılan, Bakıda isə qələbə qazanmasına baxmayaraq (1:0), həm qollardan yalnız birinin əvəzini çıxmağa gücü çatan “İnter”dən, eləcə də bir gün əvvəl Albaniyada “Skenderbedu”ya uduzub, Çempionlar Liqasında bir addım belə irəliləyə bilməyən “Neftçi”dən fərqli olaraq, Qurban Qurbanovun başçılıq etdiyi səmimi və mübariz kollektiv bir daha sübut etdi ki, futbolda qələbəyə ən çətin anlarda belə, silahı yerə qoymayıb axıradək var qüvvə ilə döyüşməyi bacaran komandalar nail olurlar.

Hərçənd bir həftə əvvəl Tofiq Bəhramov adına Respublika stadionunda Polşanın “Piast” komandası üzərində qələbə (2:1) Qlivitsedə cavab görüşündə Azərbaycan futbolçularına heç də sakit həyat vəd etmirdi. Evdə qazanılmış kiçik üstünlüyü rəqib meydanında qoruyub saxlamaq üçün ikiqat qüvvə ilə oynamaq, əsl fədakarlıq göstərmək lazım idi.

Oyunun gedişi də bunu təsdiq etdi. “Qarabağ” Corc Leroyun vurduğu  erkən qolla hesabı açıb, Bakıda qazandığı üstünlüyü bir qədər də artırsa da, polyaklar bunun əvəzini iki topla çıxdılar. Nəticədə iki görüşün ümumi yekununda mübarizənin, onunla da birlikdə Avroliqanın üçüncü təsnifat mərhələsinə vəsiqənin taleyi əlavə vaxtda həll olundu. Həlledici məqamda isə təmsilçimiz öz kəsərli sözünü dedi. Ulrix Kopolonqonun dəqiq zərbəsi “Qrarbağ”a böyük sevinc, “Piast”a isə  məyusluq gətirdi-2:2.

Ağdam klubunun növbəti müvəffəqiyyətinə bir daha sevinib, üçüncü mərhələ oyunlarını gözləyək. Qarşıdakı mərhələdə rəqibimiz Kiprin “Anortosis” komandasını mübarizəni dayandırmağa məcbur edən İsveçin “ Qefle” klubu olacaq. İlk oyun avqustun 1-də Bakıda, cavab görüşü isə bundan bir həftə sonra Sundsvall şəhərində keçiriləcəkdir.

Oqtay BAYRAMOV, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında