“Qarabağ” əzmkarlığı

 

 

UEFA Avropa Liqası turnirinin birinci təsnifat mərhələsində Azərbaycanın hər üç təmsilçisinin uğuru futbolumuzun pərəstişkarlarını ikinci raundun start görüşlərini daha böyük maraqla gözləməyə ruhlandırmışdı.

Təəssüf ki, təkcə Tofiq Bəhramov adına Respublika stadionunda “Piast”ı (Polşa) qəbul edən “Qarabağ” onların ümüdlərini doğrulda bildi.

“Xəzər-Lənkəran” və “İnter” isə səfərdə—müvafiq surətdə İsrailin Hayfa şəhərində “Makkabi” və Tromsedə (Norveç) eyniadlı yerli klubla görüşlərdə qapılarından üst-üstə dörd top buraxıb cavab matçları ərəfəsində işlərini çətinə salmışlar. Lənkəranlılar da, bakılılar da öz pərəstişkarları qarşısında keçirəcəkləri oyunlarda əsl hünər göstərib 0:2-nin əvəzini artıqlamasilə çıxmağa çalışmalıdırlar. Onların buna  gücü çatacaqmı? İyulun 25-də bu suala müsbət cavab almaq hamımızın ürəyindən olardı.

“Qarabağ”ın da Bakıda qazandığı üstünlüyü polyakların meydanında qoruya bilib-bilməyəcəyi elə həmin axşam məlum olacaq. Ağdam klubu “Piast” ilə ilk görüşdə gözlənilmədən artıq birinci hissəsinin ortalarında hesabda geri qalsa da, qalan təxminən yetmiş dəqiqə ərzində böyük əzmkarlıq göstərib Almeyda və Reynaldonun vurduqları iki top sayəsində qələbəni bayram etdi-2:1. Düzdür, cəmi bir top fərqlə müvəffəqiyyət elə də böyük üstünlük deyil. “Doğma divarlar”dan uzaqlarda onu qoruyub-saxlamaq asan olmayacaq, amma avrokuboklarda kifayət qədər təcrübə toplamış və həlledici anda bütün qüvvələrini səfərbərliyə almağı bacaran Qurban Qurbanovun komandası səfərdə də fədakarlıq nümunəsi göstərməyə, lazımi nəticəni özünə təmin etməyə qadir olduğunu artıq dəfələrlə sübuta yetirmişdir. Bu səbəbdən də Qlevitse şəhərində  bolqarıstanlı hakim Stanislav Todorovun idarə edəcəyi “Piast”— “Qarabağ” görüşü başa çatandan sonra iki oyunun ümumi yekununda Avroliqanın üçüncü təsnifat mərhələsinə vəsiqənin sevincini Azərbaycan klubunun yaşayacağını gözləmək arzumuzda haqlıyıq.

Oqtay BAYRAMOV,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında