Kazanda (Rusiya) 162 ölkənin 9300-ə qədər tələbə idmançısının, o cümlədən Olimpiya oyunları və dünya çempionlarının, Avropa və digər qitələrin bir çox məşhur atletinin iştirakı ilə keçirilən XXVII Ümumdünya Yay Universiadası finişə çatmış, dünya tələbələrinin bu ali idman məclisinin bütün qəhrəmanları məlum olmuşdur. Ümumi hesabda 16 medal - 4 qızıl, 5 gümüş və 7 bürünc mükafatla 15-ci yeri tutmuş Azərbaycan nümayəndə heyəti də öz nəticəsi ilə qürur duya bilər. Yığmamız universiadanın yekun cədvəlində yalnız 14 ölkədən geri qalmış və 147 dövlətin komandalarını qabaqlamışdır.
Azərbaycan nümayəndələrinin Kazanın ən yaxşı idman meydanlarında qazandıqları qələbələr haqqında fəxrlə söhbət açarkən, əlbəttə, ilk növbədə bu uğurun dövlətimizin, şəxsən ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmanın inkişafına göstərdiyi böyük qayğı və diqqətin sayəsində mümkün olduğunu qeyd etməliyik. Tatarıstan paytaxtından Azərbaycana gətirilən medallar şəhər və rayonlarımızda məşqlər üçün yaradılmış gözəl şəraitin, o cümlədən artıq sayı 40-a yaxınlaşmaqda olan olimpiya idman komplekslərində yüksək səviyyədə aparılan gərgin və məqsədyönlü məşğələlərin, təlim-məşq proseslərinin bəhrəsidir.
Universiadada 12 növdə 75 idmançı ilə təmsil olunan yığma komandamızın üzvləri yuxarıda qeyd etdiyimiz kimi, 16 dəfə fəxri kürsüyə dəvət olunmuşlar. Bu gün qaliblərə və mükafatçılara dərin minnətdarlıq hissi ilə bir daha xatırladaq ki, Azərbaycana qızıl medalların sevincini ağırlıqqaldıran Firudin Quliyev (69 kq), güləşçi Yuliya Ratkeviç (59 kq), yüngül atlet Hayle İbrahimov (5000 metr məsafəyə qaçış) və yunan-Roma üsulu ilə güləşən Rəsul Çunayev (66 kq) yaşatmışlar.
Gümüş mükafatlara kəmər güləşində Ülviyyə Kərimova (52 kq), qadınların ağırlıqqaldırma yarışlarında Kristina İovu (58 kq), sərbəst üsulla güləşən Cəbrayıl Həsənov (74 kq), güləşçi Patimat Baqomedova (48 kq) və yunan-Roma güləşində Kamran Məmmədov (60 kq) sahib olmuşlar.
Fəxri kürsünün üçüncü pilləsində təşkilatçılardan bürünc medalları isə cüdoçu Məmmədəli Mehdiyev (81 kq), sambo ustaları Ağasif Səmədov (52 kq), İslam Qasımov (57 kq) və Emil Həsənov (68 kq), sərbəst üsulla güləşən Hacı Əliyev (60 kq), qadın güləşçi İrina Netreba (63 kq) və yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) qəbul etmişlər.
Adlarını çəkdiyimiz idmançıların universiada startlarında göstərdikləri nəticələr, qazandıqları qələbə və medallar Azərbaycan yığma komandasını yekun cədvəlində bizim üçün çox yüksək pilləyə, 15-ci mövqeyə çıxarmışdır.
Azərbaycan güləşçiləri mötəbər beynəlxalq yarışlarda, Olimpiya oyunları, dünya və Avropa çempionatlarında olduğu kimi, universiadada da ümidləri doğrultmuşlar. Qazanılan medallardan doqquzu onların payına düşür. Yəqin ki, samboçular da öz nəticələrindən razı qala bilərlər. Bu növün nümayəndələri üç dəfə fəxri kürsüyə yüksəlmişlər. Ağırlıqqaldıranlar evə iki mükafat - qızıl və gümüş medallarla qayıtmışlar. Qalan iki medal isə qaçış məsafəsində və tatami üzərində qazanılmışdır.
Nəticədə Azərbaycan idmançıları ümumdünya universiadaları tarixində rekord nəticə ilə özlərinin ən böyük müvəffəqiyyətinə nail olmuş, yığmamızı ən yaxşı 15 komanda sırasına çıxarmışlar. Müqayisə üçün qeyd edək ki, nümayəndə heyətimiz ümumi hesabda yaxın xaric ölkələrindən yalnız Rusiya, Belarus, Ukrayna və Litvadan geri qalmış, yekun cədvəlində müvafiq surətdə 13-14-cü yerləri tutan Fransa və Almaniyadan sonra yer almışdır. Braziliya, Macarıstan, Qazaxıstan, Monqolustan, Çexiya, Özbəkistan, Kanada, İsrail, Türkiyə, Rumıniya, Ermənistan, İran, Meksika, Gürcüstan və daha neçə-neçə ölkə isə mükafatçı dövlətlərin siyahısında Azərbaycandan geridədir.
Onu da əlavə edə bilərik ki, əgər kifayət qədər geniş heyətlə çıxış etmələrinə baxmayaraq, medal qazana bilməyən boksçular və bəzi başqa növlərin nümayəndələri də yığmamıza öz töhfələrini versəydilər, bu gün cədvəldə Azərbaycanı, bəlkə də, bir-iki pillə də irəlidə görə bilərdik. Ancaq bütövlükdə təmsilçilərimizin əldə etdikləri nəticə bizim üçün qürurverici göstəricidir.
Universiada Rusiya idmançıları üçün xüsusilə əlamətdar olmuşdur. Böyük nümayəndə heyəti ilə çıxış edən yarış sahibləri rekord miqdarda - 155 qızıl, 75 gümüş və 62 bürünc medal qazanmışlar. İkinci-üçüncü yerləri müvafiq surətdə Çin (26+29+22) və Yaponiya (24+28+32) komandaları tutmuşlar.
Beləliklə, “Kazan-2013" startları tarixin səhifəsinə çevrilmişdir. Tatarıstan paytaxtından estafeti Cənubi Koreyanın Kvancu şəhəri qəbul etmişdir. Növbəti, XXVIII Ümumdünya Yay Universiadası 2015-ci ildə bu şəhərdə keçiriləcəkdir.
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.