Azərbaycan Ümumdünya Universiadasında medallarının sayını gündən-günə artırır

 

Rusiyanın Kazan şəhərində XXVII Ümumdünya Yay Universiadası startları hələ sabah axşam finişə çatacaq. Ötən bazar günü Tatarıstan  paytaxtının idman bazalarında növbəti yarışlara da yekun vurulduqda aydın oldu ki, bizim tələbələr Universiadada medallarının sayını artıq 12-yə çatdırmışlar və yığma komandamız ümumi hesabda 3 qızıl, 4 gümüş və 5 bürünc mükafatla 170-ə qədər ölkənin nümayəndə heyətləri arasında 15-ci pillədədir.

Xəbər verdiyimiz kimi, respublikamıza ilk qızıl medalı 69 kq çəki dərəcəsində çıxış edən ağırlıqqaldıran Firudin Quliyev qazandırmışdır. Sonra isə təmsilçilərimizdən yüngül atlet Hayle İbrahimov və qadın güləşçi Yuliya Ratkeviç fəxri kürsünün ən yüksək pilləsinə dəvət olunmuşlar. İbrahimov 5000 metr məsafəyə qaçışda finişə birinci çatmış, Ratkeviç isə Monqolustan, Qırğızıstan, Rusiya və ABŞ güləşçilərini bir-birinin ardınca xalçadan məğlubiyyətlə yola salaraq 59 kq çəki dərəcəsində bütün rəqiblərindən güclü olmuşdur. Bir il əvvəl Londonda XXX Yay Olimpiya Oyunlarının bürünc medalını qazanmış Yuliya indi Ümumdünya Universiadasının çempionu olması ilə də fəxr edə bilər.

Kazanda Azərbaycana ilk gümüş mükafatların sevincini kəmər güləşində Ülviyyə Kərimova (52 kq) və ağırlıqqaldıran Kristina İovu (58 kq) yaşatmışdılar. Sərbəst üsulla güləşən Cəbrayıl Həsənov (74 kq) və Patimat Baqomedova da (48 kq) öz çəki dərəcələrində ikinci yeri tutaraq onların müvəffəqiyyətini təkrar etmişlər.

Cüdoçu Məmmədəli Mehdiyev (81 kq) kimi, samboçular Ağasif Səmədov (52 kq), Emil Həsənov (68 kq), sərbəst üsulla güləşən Hacı Əliyev (60 kq) və qadın güləşçi İrina Netreba da (63 kq) dünya tələbələrinin ən mötəbər yarışında çıxışlarını bürünc medalla başa vurmuşlar.

Universiadanın şahmat turnirlərində səkkiz turdan sonra təmsilçilərimiz arasında ən yaxşı nəticəni oğlanlardan Vasif Durarbəyli, qızlardan isə Nərmin Kazımova göstərmişlər. Onların hər ikisi son turların görüşlərindən iki qələbə ilə ayrılmışdır. Bu turlarda Durarbəyli türkmənistanlı və qırğızıstanlı rəqiblərinə qalib gəlmiş, Kazımova isə İsveçrə və Çexiya şahmatçılarını məğlubiyyətə uğratmışdır. Finişə bir tur qalmış 5,5 xala malik Vasif çinli liderdən yarım xal geri qalır, Nərmin isə qızların turnirində  5,5 xal toplamışdır.

Yuxarıda biz iyulun 15-nə olan vəziyyətə görə Azərbaycan yığma komandasının ümumi hesabda 3-ü qızıl medal olmaqla 12 mükafatla 15-ci mövqedə irəlilədiyini qeyd etmişdik. Onu da əlavə edək ki, həmin günədək cəmi 18 ölkə qızıl medal qazanmışdı. Mükafatçı ölkələrin siyahısında ilk beş yeri isə Rusiya (102+55+48), Yaponiya (19+20+23), Çin (16+22+12), Koreya (15+7+9) və Ukrayna (11+10+24) tuturdular.

Dünən Azərbaycan samboçuları və şahmatçıları Universiadada çıxışlarını davam etdirmiş, yunan-Roma üsulu ilə güləşənlərimiz də medallar uğrunda mübarizəyə başlamışlar.

Oqtay BAYRAMOV,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında