Azərbaycan üçlüyü Avroliqada yoluna davam edəcək

 

 

Futbol ictimaiyyətimiz 2013-cü ilin 11 iyul axşamını zəfər axşamı kimi yadda saxlayacaq. Həmin gün UEFA Avropa Liqası turnirinin birinci təsnifat mərhələsinin cavab görüşlərindən qələbə ilə ayrılan Azərbaycanın hər üç klubu pərəstişkarlarını növbəti mərhələyə vəsiqə ilə sevindirdi. Hərçənd Bakıda da, Lənkəranda da, Finlandiyanın Mariehamn şəhərində də ilkin vəzifəni müvəffəqiyyətlə yerinə yetirmək üçün çox çalışmaq lazım idi.

Bir həftə əvvəl keçirilmiş ilk görüşlərdən sonra “Qarabağ” iki oyunun yekununda qələbəyə daha yaxın görünürdü. Ağdam klubu Makedoniyanın paytaxtı Skopyedə “Metallurq”u məğlubiyyətə uğratmışdı (1:0) və Tofiq Bəhramov adına Respublika stadionunda cavab matçı ərəfəsində rəqibindən üstün vəziyyətdə idi. Qurban Qurbanovun yetirmələri imkanı itirmədilər. Oyunun axırına yaxın Covanni Leroyun qonaqların qapısına vurduğu yeganə top “Qarabağ”a “Metallurq” üzərində ikinci dəfə eyni hesabla qələbə qazandırdı. İndi təmsilçimiz bu uğuru ikinci təsnifat mərhələsində Polşanın Qlivitse şəhərinin “Piast”komandası ilə mübarizədə təkrar etməyə çalışacaq.

“Xəzər-Lənkəran”-"Slima Uonderers" rəqabətində də hər şey bizim stadionda, lənkəranlı azarkeşlərin gözü qarşısında həll olunmalı idi. Maltada bu komandaların ilk görüşündə qeydə alınmış 1:1 hesabı təmsilçimiz üçün sərfəli nəticə kimi qiymətləndirilsə də, hər halda, cavab matçında rəqibdən daha yüksək fəallıq göstərmək tələb  olunurdu. Lənkəran klubu məqsədə çatdı. Birinci hissəsinin ortalarında Rahid Əmirquliyevin dəqiq zərbəsi sayəsində qazanılan qələbə (1:0) “Xəzər”-Lənkəran"ı  ikinci təsnifat mərhələsinə çıxardı, “Slima”nı isə bu yarışla vidalaşmağa məcbur etdi. Növbəti mərhələdə Azərbaycan futbolçularını daha ciddi rəqib-İsrailin “Makkabı” (Hayfa) klubu ilə çətin oyunlar gözləyir.

“İnter” də turnir 1:1 hesablı heç-heçə ilə başlamışdı. Fərq yalnız bunda idi ki, bakılılar Finladiyanın “Mariehamn” komandasının müqavimətini öz meydanlarında qıra bilməmişdilər. Deməli, doğma sahillərdən uzaqlarda daha böyük əzmkarlıq göstərmək, qələbəyə daha çox can atmaq lazım idi. Ona görə də çox fərəhlidir ki, futbolçularımız qarşılarında duran vəzifənin öhdəsindən artıqlamasilə gəldilər. Birinci hissədə Baçana Sxadadzenin, fasilədən sonra isə Vaqif Cavadovun qolları “İnter”ə Mariehamn şəhərində 2:0 hesabı ilə inamlı qələbə qazandırdı.  İkinci təsnifat mərhələsində Azərbaycan paytaxtı  futbolçularının rəqibi Norveçin “Tromse” klubu  olacaq.

Bu mərhələnin oyunlarına gələn həftə start veriləcək. Azərbaycan üçlüyü növbəti sınaqlar ərəfəsindədir. Bir-birlərindən geri qalmaq istəməyən klublarımızın Avroliqada ilk uğurları, şübhəsiz, onları bu müvəffəqiyyəti bir qədər də inkişaf etdirməyə ruhlandıracaq.

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında