Xəbər verdiyimiz kimi, İran İslam Respublikasının gənclər və idman naziri Mohammad
Abbasinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədir.
İyulun 10-da nümayəndə heyətinin üzvləri Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə gül dəstələri düzülmüşdür.
Sonra Şəhidlər Xiyabanına gələn Mohammad Abbasinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, məzarları üzərinə tər çiçəklər düzmüş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşdur.
Daha sonra Gənclər və İdman Nazirliyində İran İslam Respublikasının gənclər və idman naziri Mohammad Abbasinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Görüşdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və onun iranlı həmkarı Mohammad Abbasi “İran İslam Respublikası Milli Gənclər Təşkilatı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu”nun müddəalarının həyata keçirilməsi, Azərbaycan ilə İran arasında gənclər və idman sahələrindəki əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələləri müzakirə etmişlər.
A.Rəhimov qonağa Azərbaycan idmançılarının qazandıqları uğurlar barədə məlumat vermişdir. Bildirmişdir ki, son illər ölkəmizdə 40-dək yeni Olimpiya İdman Kompleksi, bir sıra müxtəlif idman növləri üçün xüsusi idman mərkəzləri istifadəyə verilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Nazir qeyd etmişdir ki, Azərbaycan gənc ölkədir. Əhalisinin 66 faizi gənclərdir, 14-29 yaşlı gənclərin sayı isə ümumi əhalinin 31 faizini təşkil edir. Azərbaycanda gənclər sahəsində 220-dən artıq QHT fəaliyyət göstərir və nazirlik tərəfindən bu təşkilatlara dəstək verilir.
Azərbaycan və İran arasında tələbə mübadiləsi məsələsinin də əhəmiyyətli olduğunu deyən nazir, Azərbaycan tələbələri arasında “Sən İran haqqında nə bilirsən?” və iranlı tələbələr arasında “Sən Azərbaycan haqqında nə bilirsən?” mövzularında inşa müsabiqələrinin keçirilməsini təklif etmişdir.
Nazir iki ölkə arasında idman sahəsində də əməkdaşlığın inkişaf etdiyini bildirmişdir.
A.Rəhimov qonaqlara ölkədə beynəlxalq səviyyədə bir sıra möhtəşəm turnirlərin reallaşdırıldığı, həmçinin qarşıdakı illərdə də dünya və Avropa səviyyəli bir neçə idman yarışlarının keçiriləcəyi barədə məlumat vermişdir.
Qarşıdakı illərdə ölkəmizin bir sıra mötəbər yarışlara ev sahibliyi edəcəyini bildirən nazir demişdir ki, 2015-ci ildə Dünya Kuboku və 2016-cı ildə Beynəlxalq Şahmat Olimpiadası Bakıda keçiriləcəkdir. Azərbaycan gələn il Dünya İdman Mətbuatı Assosiasiyası olan AİPS-in növbəti konqresinə də ev sahibliyi edəcəkdir.
Qeyd olunmuşdur ki, hazırda Bakı şəhərinin 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını keçirmək üçün namizədliyi irəli sürülmüşdür. Bununla bağlı müvafiq texniki kitab hazırlanaraq İslam Həmrəyliyi İdman Federasiyasına təqdim olunmuşdur. Ən əsası isə Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının qərarı ilə 2015-ci ildə birinci Avropa Oyunlarını təşkil etmək hüququ Bakıya verilmişdir.
A.Rəhimov demişdir ki, Olimpiya oyunlarının ilk beş növündən biri olan güləş Olimpiya proqramından çıxarıla bilməz.
Bildirmişdir ki, Azərbaycan güləşin Olimpiya idman növü kimi qalmasını tam dəstəkləyir və bu istiqamətdə addımlar atmağa hazırdır. Güləş Azərbaycan üçün çox vacibdir, çünki bu, bizim tarixi idman növümüzdür.
Nazir Mohammad Abbasi Azərbaycanda gedən inkişafın onda və başçılıq etdiyi nümayəndə heyətinin digər üzvlərində xoş təəssüratlar yaratdığını bildirmişdir. Qeyd etmişdir ki, İran-Azərbaycan əlaqələri yüksələn xətt üzrə inkişaf edir.
M.Abbasi bildirmişdir ki, gənclər sahəsi xüsusi diqqət tələb edən məsələdir. Həm İranda, həm də Azərbaycanda çoxlu gənclər təşkilatlarının olması hər iki ölkənin əhalinin bu təbəqəsinə mühüm əhəmiyyət verməsinin göstəricisidir. Nazir vurğulamışdır ki, gənclərlə bağlı elmi, əxlaqi məsələlər sahəsində də işlər görülməlidir.
İki ölkə arasında qarşılıqlı əməkdaşlığın perspektivlərinin də müzakirə olunduğu görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Daha sonra iki ölkənin nazirlikləri arasında 2013-2014-cü illər üçün İcraiyyə Planı imzalanmışdır. Sənədə görə, hər iki ölkədə idmanla bağlı müvafiq tədbirlər keçiriləcək, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün addımlar atılacaqdır.
Səfər çərçivəsində nazir M.Abbasi Azərbaycandakı idman mərkəzlərinin fəaliyyəti ilə də tanış olacaqdır.
Səfər iyulun 11-də başa çatacaqdır.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.