Bakıda daha bir futbol bayramı – hərbçilər arasında birinci Dünya Kuboku turniri

 

    İdman ictimaiyyətimiz ötən ilin sentyabr-oktyabr aylarında Bakı və Lənkəranda keçirilmiş 17 yaşadək qadınlardan ibarət komandalar arasında futbol üzrə dünya çempionatı final mərhələsinin oyunlarını böyük maraqla izləmiş, 16 ölkə təmsilçilərinin görüşlərindən əsl zövq almışdı.

 Azərbaycanda yüksək səviyyədə təşkili ilə bütün qonaqlarımızda, o cümlədən Beynəlxalq Futbol Federasiyasının nümayəndələrində xoş təəssürat yaradan turnirin qadın komandalarının dünya çempionatları tarixinə ən yaxşı çempionatlardan biri kimi daxil olması faktı da çox şeyə, ilk növbədə isə yarışın təşkilatçılarının iştirakçı komandalar üçün gözəl şərait yaratmalarına, onların ölkəmizə xas olan əsl qonaqpərvərliklə qarşılanıb yola salınmalarına inamlı sübutdur.

     İndi isə Azərbaycana hərbçilər arasında ilk dəfə keçirilən Dünya Kuboku turnirinin təşkili etibar olunmuşdur. Yenə də 16 ölkə komandaları Bakının qonağıdırlar. Yenə də respublikamızın ona göstərilən yüksək etimadı tam doğruldacağına şübhə etməmək olar.

Paytaxtımızda hərbçilərin birinci Dünya Kuboku turnirinin iştirakçıları ilkin mərhələdə dörd qrupda mübarizə aparırlar.  Ötən illərin məşhur futbolçusu Nazim Süleymanovun başçılıq etdiyi Azərbaycan komandası Mali, Kanada və İraq yığmaları ilə birlikdə “A” qrupunda çıxış edir.      Digər qrupların isə tərkibi belədir: “B” qrupu. Əlcəzair, Fransa, Bəhreyn, Keniya. “C” qrupu. Oman, Kot d’İvuar, Almaniya, ABŞ. “D” qrupu. Braziliya, Hollandiya, Qətər, Kamerun.      Qrupların tərkibindən göründüyü kimi, Braziliya, Almaniya, Fransa, Hollandiya kimi futbol ölkələrinin təmsilçiləri Azərbaycan paytaxtının qonağıdırlar. Deməli, futbol pərəstişkarlarımızı Dünya Kuboku turnirində maraqlı və gərgin oyunlar gözləyir.      Hər qrupdan ən yaxşı iki komanda dörddəbir finala çıxacaq. Kubokun sahibi iyulun 14-də məlum olacaq. Turnirə dünən saat 21-də “Dalğa Arena”da başlanan Azərbaycan-Mali görüşü ilə start verilmişdir. Yığmamız növbəti oyunlarını isə iyulun 5-də və 8-də müvafiq surətdə Kanada və İraq komandalarına qarşı keçirəcək.

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında