Veloparkda Milli Qurtuluş Gününə həsr olunmuş velosiped yarışları

 

 

İyunun 15-də Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə Səbail rayonunda Şıx çimərliyi ilə üzbəüz dağlıq ərazidə yerləşən Velosiped parkında Milli Qurtuluş Gününə həsr olunmuş velosiped yarışları keçirilmişdir. Tədbirə 500 nəfərdən çox velosipedçi qatılmışdır.

Əvvəlcə 7-12 yaşarası uşaqlar arasında vaxt ilə fərdi ötüşmə keçirilmişdir. Sonra həvəskar qızlardan ibarət dəstə qrup ötüşməsinə qatılmışdır. Həvəskar velosipedçilər arasında fərdi ötüşmə ilə bayk (mountain bike) və şose yarışması da maraqla izlənilmişdir.

Bundan sonra 15 yaşlı uşaqlar (U 15), gənclər (U 17) və elit qruplar (U 23) yarışa qatılmışlar. U 15 qrupuna daxil olan idmançılar 5,5 kilometr, gənclər qrupu 15,5 kilometr, elit qrup isə 29,6 kilometr məsafə qət etmişlər. Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

Xatırladırıq ki, Velopark ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə keçən əsrin 70-ci illərində salınmış yaşıllıq ərazidə yaradılmışdır. Parkın ərazisində ciddi yenidənqurma işləri aparılmış, burada 20 minə yaxın eldar şamı, sərv, müxtəlif bəzək ağacları və kollar əkilmişdir. Parkda köhnə və yeni salınmış sərt döngəli yollar asfaltlanmış, dağ velosiped idmanının (mountain bike) inkişafı üçün xüsusi yollar çəkilmişdir.

Velopark həm peşəkar velosiped yarışlarının, həm də təlim-məşq toplantılarının keçirilməsi, habelə Bakı sakinlərinə burada müxtəlif idman növləri, yaxud ailəvi aktiv istirahətlə məşğul olmaları üçün hər cür şəraitə malikdir.

Parkın salınması ölkəmizdə velosiped idmanının kütləviləşdirilməsi və populyarlaşdırılması istiqamətində aparılan məqsədyönlü işlərin tərkib hissəsi olmaqla, eyni zamanda, paytaxtın əsas girişlərindən biri olan Salyan şosesinin ətrafına təmamilə yeni bir görkəm vermişdir.

Velosiped idmanının ölkəmizin peşəkar idman növləri arasında yer almasının daha bir göstəricisi bu yaxınlarda Azərbaycanın ilk peşəkar velosiped komandasının - “Synergy Baku Cycling Project” - yaradılması olmuşdur. Məqsəd ölkəmizin ilk peşəkar klubunu formalaşdırmaqla beynəlxalq yarşlarda iştirak etmək, bununla da ölkəmizdə velosiped idman növünə marağın artırılmasına nail olmaqdır. Komandamız artıq bir çox beynəlxalq yarışlarda uğurlu nəticələr də göstərmişdir.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında