Feysəl Əbdüləziz Əl Nəssar: Azərbaycan paytaxtı IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi etməyə tam hazırdır

 

 

Azərbaycan paytaxtı dördüncü İslam Həmrəylik Oyunlarına ev sahibliyi etməyə tam hazırdır. Trend-in məlumatına görə, bunu İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) Baş katibi Feysəl Əbdüləziz Əl-Nəssar cümə axşamı Bakıda keçirilən mətbuat konfransında bildirmişdir.

Mayın 23-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (MOK), Gənclər və İdman Nazirliyi (GİN) və İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) birgə mətbuat konfransı keçirmişlər. Mətbuat konfransının mövzusu, Bakı şəhərinin 2017-ci ildə keçiriləcək dördüncü İslam Həmrəylik Oyunlarına ev sahibliyi etmək üçün namizədliyinin irəli sürülməsi olmuşdur.

Feysəl Əbdüləziz Əl-Nəssar bildirmişdir ki, 2017-ci il IV İslam Həmrəylik Oyunları ilə bağlı İHİF-in Dəyərləndirmə Komissiyası qərara gəlmişdir ki, Bakıda bu oyunların keçirilməsi üçün hər cür şərait var, bu oyunların təşkili üçün gözəl şərtlər mövcuddur: “Ümid edirik ki, Bakı oyunların keçirilməsi üçün namizəd şəhər kimi təsdiq olunacaq”.

Əl-Nəssar İslam oyunlarında hicab və baş örtüyündən istifadə qaydaları ilə bağlı suala cavab olaraq bildirmişdir ki, bu oyunlarda bütün iştirakçıların müsəlman olması vacib deyil, bu oyunlarda qeyri-müsəlmanlar da iştirak edə bilərlər. Baş örtüyünə gəlincə, burada Olimpiya qaydalarına riayət olunur:

“Bəzi idman növlərində hicaba icazə verilir və hicab geyinilir, burada idmançıların öz seçiminə buraxılır, amma elə idman növləri var ki, həmin idman növü üzrə beynəlxalq federasiyalar buna icazə vermirlər”.

Gənclər və idman naziri Azad Rəhimov isə bildirmişdir ki, Bakının IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi etməsi məsələsi iyulun 21-də Ciddə şəhərində keçiriləcək Baş Assambeleyanın konqresində məlum olacaq.

Nazirin sözlərinə görə, Azərbaycanda mövcud və tikilməkdə olan idman obyektləri həm Avropa Olimpiya Oyunlarının, həm də İslam Həmrəylik Oyunlarının keçirilməsinə tam imkan verir.

Mətbuat konfransı zamanı MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bildirmişdir ki, Bakının ev sahibliyi təsdiq olunarsa, IV İslam Həmrəylik Oyunlarının 23 iyun - 2 iyul 2017-ci il tarixlərində keçirilməsi planlaşdırılır.

57 ölkəni təmsil edən idmançıların qatılacağı Bakı-2017 IV İslam Həmrəylik Oyunlarının əsas şüarı “Həmrəylik bizim gücümüzdür” seçilmişdir.

Onun sözlərinə görə, Azərbaycan bu oyunlarda 160-dan artıq idmançı ilə iştirak edəcək. Əgər Bakının ev sahibliyi təsdiq olunarsa, oyunlar zamanı Olimpiya və qeyri-olimpiya idman növləri ilə yanaşı milli idman növü olan zorxana üzrə də yarış keçiriləcək.

Qeyd edək ki, İHİF 57 ölkəni özündə birləşdirən bir təşkilat olmaqla yanaşı , İslam Həmrəylik Oyunlarını istiqamətləndirən və ona nəzarət edən bir qurumdur. İslam ölkələri arasında əməkdaşlıq, dostluq və həmrəyliyi gücləndirmək məqsədi daşıyan oyunlar hər 4 ildən bir keçirilir.

İlk İslam Həmrəylik Oyunları 2007-ci ildə Səudiyyə Ərəbistanında keçirilmişdir. Bu ilin sentyabrında keçiriləcək III İslam Həmrəylik Oyunlarına isə İndoneziya ev sahibliyi edəcək.

Xatırladaq ki, Bakı İslam Həmrəylik Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürmüş yeganə şəhərdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında