Paralimpiyaçılar ulu öndərin 90 illik yubileyini qeyd edirlər

 

 

Müsahibimiz Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovdur.

– İlqar müəllim, bu günlərdə Azərbaycan xalqı ümummilli liderimiz  Heydər Əliyevin 90 illik yubileyini təntənəli şəkildə qeyd edir. Milli Paralimpiya Komitəsində bu məqsədlə hansı tədbirlər keçirilir?

– Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, ümummilli lider və xalq məhəbbətini qazanan öndər kimi qalıb. O, xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətlər göstərib. Heydər Əliyevin həyat və fəaliyyəti xalqın siyasi varlığı ilə, müasir Azərbaycan dövləti və dövlətçiliklə o dərəcədə sıx bağlıdır ki, onun ideyaları ictimai-siyasi həyatın, dövlət quruculuğunun bütün sahələrinə dərindən nüfuz etmişdir. Xüsusi vurğulamaq istərdim ki, siyasi liderlik, milli liderlik keyfiyyətlərinin bir şəxsdə birləşməsi bəşər tarixində çox nadir hallarda rast gəlinən haldır. Məhz Heydər Əliyev bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq edib.

Ulu öndərin 90 illik yubileyi ilə bağlı  keçirilən tədbirlərə gəlincə onu deyə bilərəm ki, bu məqsədlə komitəmizin Tədbirlər Planı təsdiq olunub və may ayının ilk günlərində biz Naxçıvan MR-da Paralimpiya İdman Festivalı keçirdik. Festivala Bakı şəhərindən 80 nəfərə yaxın nümayəndə qatılmışdı. Onların arasında idman sahəsində böyük uğurlara imza atan, ikiqat paralimpiya çempionu, Şöhrət ordenli İlham Zəkiyev, paralimpiya üzrə çempionu Oluxan Musayev, paralimpiya Dünya və Avropa çempionatlarının mükafatçıları var idi. 17 il ərzində ilk dəfə Paralimpiya İdman Festivalının məhz Naxçıvanda, ümummilli liderin Vətənində baş tutması dahi şəxsiyyətə olan hörmət və ehtiramın təzahürü idi. Yeri gəlmişkən, tədbirin yüksək səviyyədə keçirilməsinə böyük dəstək verdiyinə görə Naxçıvan MR-in Ali Məclisinin sədri Vasif Talıbova öz təşəkkürümüzü bildiririk.

Ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr olunmuş digər tədbirimiz “Qəbələ-Bakı” marafonunun baş tutmasıdır. Belə ki, fiziki qüsurlu idmançımız Elşən Rizvanov may ayının 6-dan 9-na kimi 234 kilometr məsafəni əlil arabası ilə qət edərək Bakıda Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdi.

Tədbirlər planına əsasən növbəti tədbirimiz “İdman rəqsi üzrə Beynəlxalq Festival” oldu. 8 ölkədən (Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Polşa, İsrail, Belarus və Qazaxıstan) gəlmiş 28 idmançı rəqqas öz rəngarəng nömrələri ilə  Dənizkənarı Milli Parka gəzintiyə gəlmiş qonaqlara və şəhərimizin sakinlərinə xoş anlar bəxş etdilər. Festivalda əlil arabasında idman rəqsinin Paralimpiya Oyunlarına daxil edilməsi məqsədilə iştirakçılar adından Beynəlxalq Paralimpiya Komitəsinə ünvanlanmış müraciət qəbul olunmuşdur. Tədbirin sonunda festival iştirakçılarına Milli Paralimpiya Komitəsinin xüsusi diplomları təqdim edildi. Festival çərçivəsində dünyada ilk dəfə olaraq əlil arabasında idman rəqsi üzrə  flaş mob keçirilmişdir. Bu tədbirdən sonra isə ilin sonunadək davam edəcək “Paralimpiya yürüşü 2013” festivalı başlayacaq.

– Paralimpiyaçılarımıza dövlət səviyyəsində göstərilən diqqət və qayğını necə qiymətləndirirsiniz?

– Əvvəla onu deyim ki, biz idman ictimayyətinin bəxti onda gətirib ki, ölkə başçısı, cənab İlham Əliyev eyni zamanda Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidentidir. Paralimpiyaçılarımız daim öz üzərlərində ölkə başçısının qayğısını  hiss edirlər. Müntəzəm olaraq qələbə qazanmış paralimpiyaçılarımız, məşqçilərimiz Prezidentin sərəncamları ilə orden və medallarla təltif olunurlar. Paralimpiyaçılarımızın maddi rifahı yaxşılaşdırılır,  idmançılarımız mənzil və minik avtomobilləri ilə təmin olunurlar.

Paralimpiyaçılara göstərilən qayğıdan söz düşmüşkən Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın da diqqətini xüsusi qeyd etmək istərdim. Heydər Əliyev Fondunun son illər həyata keçirdiyi irimiqyaslı humanitar layihələr, o cümlədən fiziki qüsurlu insanlara, valideyn himayəsindən məhrum olmuş, müxtəlif xəstəliklərdən əziyyət çəkən, həmçinin əlil uşaqlara göstərilən qayğı təbii ki, paralimpiyaçılarımızdan da yan keçməyib. Belə ki, Heydər Əliyev Fondu tərəfindən ikiqat paralimpiya çempionu İlham Zəkiyev “Qızıl çinar” mükafatına, 15 nəfər paralimpiyaçımız isə fondun fərdi təqaüdünə layiq görülüblər.  Paralimpiyaçılarımıza göstərilən diqqət və qayğı, onların  sosial rifahının yaxşılaşdırılması öz bəhrəsini verməkdədir. Belə ki, 2004-cü ildə Afinada keçirilən mötəbər yarışdan komandamız Vətənə 2 qızıl, 1 gümüş və 1 bürünc medalla dönmüşdü. Ölkəmizdə geniş vüsət alan Paralimpiya hərəkatı özünü 2008-ci il Pekin Yay Paralimpiya Oyunlarında da yaxşı tərəfdən göstərmişdir. Bu mötəbər yarışda paralimpiyaçılarımız 10 medal (2 qızıl, 3 gümüş, 5 bürünc) qazanmış və komandamız 146 ölkə arasında 38-ci yeri tutmuşdur. Paralimpiyaçılarımız 2012-ci il London Yay Paralimpiya Oyunlarında da yüksək nəticə əldə etmişlər. Altı idman növü üzrə yarışlara qatılan 21 idmançımız 12 medal (4 qızıl, 5 gümüş, 3 bürünc) qazanmış, 166 ölkə arasında 27-ci yeri tutmuşdur. Bu nəticə paralimpiyaçılarımızın iştirak etdiyi beş Paralimpiya Oyunlarında ən yüksək uğurudur. 1996-cı ildə iki idman növü ilə başlayan Paralimpiya hərəkatı hazırkı inkişaf mərhələsində 11 idman növündə yüzlərlə idmançını ətrafına toplamağa müvəffəq olmuşdur. Artıq bu idman növlərinə də maraq artmaqdadır ki, bu da ölkəmizdə Paralimpiya hərəkatının daha da güclənməsinə səbəb olur.

Bütün bu diqqət və qayğının nəticəsi olaraq paralimpiyaçılarımız qazandıqları uğurlarla xalqımızı sevindirirlər.

Müsahibəni apardı:

Tural ƏLİYEV,

Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinin rəhbəri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında