Azərbaycanda avtomobil idmanı yeni inkişaf dövrünü yaşayır

 

 

 

 

Hazırda dünya birliyinin layiqli üzvünə çevrilmiş Azərbaycan Respublikası həm də beynəlxalq idman ölkəsi kimi tanınır. Təsadüfi deyil ki, son 10 ildə ölkəmizdə 300-dən artıq beynəlxalq idman yarışı keçirilmişdir.

 İstər ölkəmizdə, istərsə də beynəlxalq arenalarda keçirilmiş mötəbər yarışlarda Azərbaycan idmançıları layiqincə çıxış edərək mükafatçılar sırasında yer tutmuşlar. Bu da Azərbaycanın beynəlxalq nüfuzunun bir qədər də artmasına səbəb olmuşdur. Məhz bunun nəticəsidir ki, son zamanlar dünyanın mötəbər  idman təşkilatları bir sıra yarışların keçirilməsini Azərbaycana həvalə edirlər.

Azərbaycanın iqtisadi qüdrətinin ilbəil artması, dövlət başçısı İlham Əliyevin Azərbaycanda idmanın inkişafına göstərdiyi qayğı və diqqət nəticəsində paytaxt Bakıda, eləcə də ölkənin ayrı-ayrı regionlarında olimpiya kompleksləri və çoxsaylı idman qurğuları tikilib istifadəyə verilmişdir. Bu da ölkəmizdə idmanın yeni növlərinin inkişaf etdirilməsi üçün yaxşı imkanlar yaradır.

Artıq ölkəmizdə avtomobil idmanı yarışları da yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Məlumat üçün bildiririk ki, avtomobil  idmanına-yürüş, seriya və idman avtomobillərində  müxtəlif yarışlar daxildir. Bu növ yarışlar idmanın digər sahələrinə nisbətən gənc olsa da, onun yaranma tarixi və təşəkkülü xüsusi maraq doğurur. Belə ki,  dünya üzrə ilk  avtomobil yarışları 1894-cü il noyabr ayının 18-də  Fransada Paris-Ruan-Paris marşrutu üzrə 1200 kilometr məsafədə keçirilmişdir. Həmin yarışlar zamanı hərəkətin sürəti 12,5 kilometr-saat  qaydaları ilə məhdudlaşdırılmışdı.

Keçmiş SSRİ-də avtomobil idmanı üzrə ilk yarışlar 1924-cü ildə Moskva yaxınlığında Serpuxovski şosesində keçirilmişdir. 1948-ci ilin fevral ayından isə SSRİ-də avtomobil idmanı üzrə yarışlar müntəzəm keçirilməyə başlamışdır. Azərbaycan idmançıları da Sovet dövründə bu idman növündə müvəffəqiyyətlə çıxış etmişlər. Belə ki, həmin illərdə Bakıda fəaliyyət göstərmiş texniki idman klublarının yetirmələri İttifaq yarışlarında, eləcə də beynəlxalq turnirlərdə uğurla çıxış etmişlər.

Orduya, Donanmaya və Aviasiyaya Könüllü Yardım Cəmiyyəti (ODAKYC) Avtomobil Nəqliyyatı Nazirliyi ilə birlikdə avtomobil idmanı üzrə SSRİ çempionatlarında avtoralli və dairəvi yarışlarda idmançılarımızın iştirakını təmin edirdi. Belə yarışlar isə, əsasən, Estoniya, Latviya, Ukrayna, Belarusiya və digər respublikalarda keçirilirdi. Azərbaycan idmançılarının avtomobil idmanı yarışlarında əldə etdikləri ilk ən böyük uğur isə 1974-cü ilə təsadüf etmişdir. Belə ki, həmin ildə Riqa şəhərində keçirilmiş SSRİ çempionatında və “Trud” qəzetinin təsis etdiyi mükafat uğrunda təşkil olunmuş yarışda Azərbaycan komandası çempion adına layiq görülmüş və beş kubokun sahibi olmuşdur. Bu yarışlarda uğurla çıxış edən “1 saylı Taksomotor” parkının sürücüləri Mikayıl-Qafar, Ələkbər Məmmədov, Yuriy Yazef, Mixayıl Ulanov sonralar iki dəfə Rusiyanın Yaroslavl şəhərində keçirilmiş “Russkaya zima”  turnirlərində avtorallidə respublikamızı layiqincə təmsil  etmişlər.

Azərbaycan  müstəqillik əldə etdikdən sonra digər sahələrdə olduğu  kimi, idmanın inkişafına da xüsusi diqqət göstərilmişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin xüsusi qayğısı sayəsində Azərbaycan idmançıları mötəbər beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etməyə başlamışlar. Artıq bir çox idman növləri kimi avtomobil idmanı da köhnə ənənələri dirçəltməyə başlamış, idmançılarımız bu maraqlı idman növünün əvvəlki şöhrətini qaytarmaq üçün səy göstərmişlər. Bu məqsədlə Azərbaycanda “Kartinq”, “Kross” “Avtoralli” “Dairəvi yürüş” üzrə çempionatlar təşkil olunmuş və keçirilmişdir.

Ötən müddətdə bu sahədə əhəmiyyətli irəliləyiş baş vermiş, idmançılarımız öz sözünü deməyə müvəffəq olmuşlar. Xüsusən də son illər möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəmizdə avtomobil idmanının inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində bu sahədə uğurlarımız xeyli artmışdır. İnanırıq ki, ölkə Prezidentinin avtomobil idmanına  belə münasibəti Azərbaycanda bu idman növünün inkişafına böyük təkan verəcəkdir.

2012-ci ilin təqvim planına uyğun olaraq Avtomobil İdmanı Federasiyası Gənclər və İdman Nazirliyi ilə birlikdə avtomobil idmanı üzrə Azərbaycan çempionatı keçirmişlər. Bu yarışda yüksək potensiala malik idmançımız Gülhüseyn Abdullayev bütün rəqiblərini üstələyərək Azərbaycan çempionu adına layiq görülmüşdür. Aleksandr Qrunin və Adil Axundov isə ikinci və  üçüncü yerləri bölüşdürmişlər. Yeri gəlmişkən, Gülhüseyn Abdullayevin 15 yaşı olmasına baxmayaraq, 2005-2006-cı illərdə Türkiyə çempionatında uğurlu nəticələr qazanmış və  4-cü yeri tutmuşdur. Avropa çempionatında da yarışmaq hüququ qazanmış Gülhüseyn həmin çempionatı 7-ci yerdə başa vurmuşdur. Bundan əlavə, G.Hüseynov 2011-ci ildə  Türkiyə çempionatında 5-ci, 2012-ci ildə isə 2-ci yeri tutmuşdur. Avropada qatıldığı bəzi yarışlarda isə o, ilk beşliyə daxil olmağı bacarmışdır.

Cari ilin mart ayında Gülhüseyn Abdullayev kartinq üzrə Türkiyə çempionatının birinci turunda 2-ci,  çox bacarıqlı və perspektivli idmançımız 11 yaşlı Xədicə Quluzadə isə 3-cü yeri tutmuşlar. Bu da öz növbəsində idmançılarımızın gələcəyinə inanmağa əsas verir və ümid etmək olar ki, yaxın zamanlarda  onların sədaları dünyanın möhtəşəm arenalarında eşidiləcək. 

Avtomobil idmanı növlərindən sayılan “Red Bull Kart Fight” artıq beş ildir ki, bütün dünyada keçirilən həvəskar kartinq üzrə beynəlxalq çempionatdır. Məlum olduğu kimi, həmin yarışma 2012-ci  ildə  Azərbaycanda ilk dəfə keçirilmişdir. “Red Bull Kart Fight” qazanan Gülhüseyn Abdullayev, birincilik mükafatını əvvəlki “Formula-1”in pilotu David Coultharddan almışdır. Digər idmançımız Fəxrəddin Mirzəyev isə “Porsche Sports Cup” turnirində ikinci yeri tutmuşdur.

Ötən il, həmçinin Azərbaycan daha bir mötəbər avtomobil idmanı yarışına ev sahibliyi etdi.  Oktyabr ayının 26-28-də keçirilmiş “City Challenge” turniri  doğma Bakımızın tanınması üçün yaxşı vasitə oldu. Təkcə onu qeyd etmək kifayətdir ki, Bakıda keçirilən bu mötəbər turnir dünyanın ən nüfuzlu mətbuat orqanlarında və 120-dən artıq məşhur televiziya kanalında işıqlandırıldı. Artıq qətiyyətlə söyləmək olar ki, həmin yarış  ölkəmizdə avtoidman mədəniyyətinin formalaşması və inkişafı üçün yaxşı imkanlar yaratmışdır. Eyni zamanda,  “City Challenge” kimi turnir bu sahədə daha əhəmiyyətli tədbirlərin Azərbaycanda keçirilməsi üçün mühüm körpü olacaqdır.

Ölkəmizdə avtomobil idmanı sahəsində işlərin daha da çanlandırılması məqsədilə 2013-cü ilin fevral ayında Azərbaycan Avtomobil İdmanı Federasiyasının tərkibi yeniləşdirilmiş, perspektiv planlar müzakirə olunmuş və müvafiq məsələlərin həlli üçün aidiyyəti üzrə müraciətlər edilmişdir.   Sevindirici haldır ki, artıq xüsusi stadionun tikintisi üçün yerin ayrılması məsələsi həll edilməkdədir. Hazırda idmançılarımızın ölkə çempionatına və beynəlxalq turnirlərə hazırlığı davam etdirilir. 

2013-cü il may ayının əvvəlində Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jean Todt Azərbaycana gəlmiş, ölkə Prezidenti İlham Əliyevin  qəbulunda olmuşdur. Dövlətimizin başçısı cənab İlham Əliyevlə görüşdə Azərbaycandakı qurumlarla Beynəlxalq Avtomobil Federasiyası arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanmışdır. Yeri gəlmişkən, FİA-nın prezidenti Azərbaycan Avtomobil İdmanı Federasiyasının rəhbərliyi ilə birlikdə Fəxri Xiyabana gələrək ulu öndər Heydər Əliyevin məzarını  və Şəhidlər Xiyabanını ziyarət etmiş,  əklillər qoymuşdur. Azərbaycanda olduğu müddətdə o, burada avtomobil idmanının vəziyyəti ilə maraqlanmış,  milli federasiyanın təşkil etdiyi bir sıra tədbirlərdə iştirak etmişdir. Qonaq, həmçinin FİA ilə birlikdə müvafiq layihələrin həyata keçirilməsinə dair  federasiya rəhbərliyi ilə  müzakirələr aparmışdır.

Rauf ORUCOV,

Azərbaycan  Avtomobil  İdmanı Federasiyasının vitse-prezidenti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında