FİDE-nin Prezident Şurasının Bakı iclasının yekunlarına dair mətbuat konfransı keçirilmişdir

 

 

Mayın 6-da “JW Marriott Absheron Baku” otelində Beynəlxalq Şahmat Federasiyası (FİDE) Prezident Şurasının Bakıda ikigünlük iclasının yekunlarına həsr edilmiş mətbuat konfransı olmuşdur.

FİDE-nin prezidenti Kirsan İlumjinov iştirakçıları FİDE-nin fəaliyyəti barədə məlumatlandırmış və qeyd etmişdir ki, bu beynəlxalq təşkilat dünyanın 178 ölkəsinin milli şahmat federasiyalarını birləşdirir.

Kirsan İlyumjinov Bakıda Prezident Şurasının yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə və Milli Şahmat Federasiyasına minnətdarlığını bildirərək demişdir ki, şuranın keçirilməsi üçün FİDE-nin Baş Assambleyasının Bakını seçməsi təsadüfi deyildir. Azərbaycanda şahmat sürətlə inkişaf edir, Bakı 2016-cı ildə şahmat olimpiadasını qəbul edəcəkdir. Bakıda bir çox məsələlər müzakirə olunmuş, habelə dünya çempionu adı uğrunda Vişvanatan Anand ilə Maqnus Karlsen arasında matçın keçiriləcəyi yer təsdiq edilmiş və bu oyunun Hindistanın Çennay şəhərində keçirilməsi barədə FİDE ilə Hindistanın Şahmat Federasiyası arasında müvafiq saziş imzalanmışdır.

K.İlyumjinov bildirmişdir ki, şuranın üzvləri həmçinin 2015-ci ilin Dünya kubokunun keçiriləcəyi yerlə - gözəl mənzərəsi olan “Baku Crystal Hall” sarayı ilə tanış olmuşlar.

K.İlyumjinov həmçinin qeyd etmişdir ki, Azərbaycanda keçiriləcək 2015-ci ilin dünya kubokuna və 2016-cı ilin Ümumdünya Şahmat Olimpiadasına hazırlığı təşkil etmək üçün FİDE-nin xüsusi işçi qrupu yaradılmışdır.

FİDe-nin birinci vitse-prezidenti Georgios Makropulos demişdir ki, turnirlərin harada keçirilməsinin şahmatçılar üçün prinsipial əhəmiyyəti olmamalıdır. Onun sözlərinə görə, idmançı öz vətənində yarışanda onun üzərinə daha böyük məsuliyyət düşür.

Georgios Makropulos Çennayda Anand ilə Karlsen arasında matçın keçirilməsindən bəhs edərək demişdir ki, vaxtilə hind şahmatçı Sofiyada Veselin Topalovla, Moskvada Boris Gelfandla oynamışdır. Hindistan Federasiyasının nümayəndəsi isə bildirmişdir ki, Çennayda şərait idealdır.

G.Makropulos, həmçinin sözünə əlavə edərək bildirmişdir ki, xarici KİV-lərin fikrincə, ən yaxşı təşkilat Qərbi Avropada, yaxud ABŞ-da ola bilər. O demişdir: “Onlar indi də belə hesab edirlər ki, məsələn, Tremsada Olimpiada yüksək səviyyədə keçirilər, Bakı barəsində isə onların müəyyən şübhələri vardır. Lakin mən sizi əmin edirəm ki, Azərbaycanda şahmat olimpiadası tarixdə ən yaxşı olimpiadalardan biri olacaqdır”.

Öz növbəsində K.İlyumjinov qeyd etmişdir ki, o, bu və ya digər idmançının siyasi səbəblərə görə yarışlara getməkdən imtina etməsi hallarına mənfi yanaşır. Şahmat insanları birləşdirməlidir və bunun təsdiqi olaraq FİDE-nin devizi belədir: “Biz bir ailəyik”.

K.İlyumjinov demişdir ki, şahmatın Bakıda keçiriləcək Avropa oyunları proqramına daxil edilməsi məsələsi əvvəlki kimi yenə də gündəlikdə durur. Məsələ qapanmamışdır və bir neçə saatdan sonra gənclər və idman naziri Azad Rəhimovla görüş planlaşdırılmışdır. FİDE-nin başçısı demişdir: “Hər halda biz ümid edirik ki, şahmat oyunların proqramında olacaqdır. Mən bu arzumu bir neçə ay əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bildirmişəm”. 

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında