Qədir Hüseynov “Naxçıvan Open”in üçüncü mükafatçısıdır

 

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr edilən “Naxçıvan Open” beynəlxalq şahmat turnirinin üçüncü mükafatı azərbaycanlı qrossmeyster Qədir Hüseynova təqdim olunmuşdur. Sonuncu turda həmyerlisi Eltac Səfərli ilə heç-heçə oynayan Hüseynov finişdə 9 mümkün xaldan 6,5 xal toplamışdır.

Rusiya təmsilçiləri İqor Kurnosov və Aleksandr Şimanov da Azərbaycan şahmatçısı ilə eyni nəticə göstərmişlər. Onlar Hüseynovu yalnız əlavə göstəricilərə görə qabaqlaya bilmişlər. Kurnosov xatirə turnirinin baş mükafatını qazanmış, Şimanov isə gümüş medala sahib olmuşdur.

“Naxçıvan Open”də iştirak etmiş Azərbaycan şahmat məktəbinin digər yetirmələrindən ən yaxşı nəticəni Səfərli göstərmişdir. Altı xal toplayaraq üç qalibdən yarım xal geri qalan Eltac turnirdə çıxışlarını fəxri kürsünün bir addımlığında-dördüncü yerdə başa vurmuşdur.

“Qarabağ”–“Neftçi”. Azarkeşlər darıxmalı olmayacaqlar

Finişə yaxınlaşmaqda olan Topaz Premyer Liqasında bu gün 29-cu turun üç oyunu olacaqdır: “Turan”-AZAL, “Simurq”-“Qəbələ”, “Xəzər-Lənkəran”-“Kəpəz”.  Turun daha üç görüşü isə sabah keçiriləcəkdir: “Sumqayıt”-“Rəvan”, “Qarabağ”-“Neftçi”, “İnter”-“Bakı”.

Şübhəsiz, azarkeşlər qızıl medallar uğrunda mübarizədə əsas rəqiblər olan “Neftçi” ilə Ağdam klubunun görüşünü daha böyük maraqla gözləyirlər. Liderlərin qarşıdakı matçını altı xallıq oyun da adlandırmaq olar. Bakılılar qələbə təqdirində xal ehtiyatını 60-a çatdırıb hazırda hesabında 54 xal olan “Qarabağ”la öz aralarındakı fərqi ikiqat artıracaqlar, Ağdam komandasının qalib edəcəyi halda isə hər iki liderin 57 xalı olacaq.

Oyunun belə prinsipial əhəmiyyəti əvvəldən axıradək gərgin mübarizə vəd edir. Deməli, bu qənaətə gələk ki, “Qarabağ”-“Neftçi” görüşündə futbol pərəstişkarları darıxmalı olmayacaqlar, əksinə, bu oyun çempionatın bəzəyinə çevrilib, onların maraqlı mübarizənin şahidi olmaq ümidlərini tam doğrulda bilər.

Oqtay BAYRAMOV, “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında