“TOUR D’AZERBAIDJAN” beynəlxalq velosiped turunun ikinci mərhələsi başa çatmışdır

 

 

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “TOUR D’AZERBAIDJAN” beynəlxalq velosiped turunun 2-ci mərhələsi keçirilmişdir.

Turun ikinci mərhələsi Bakı şəhərində Şıx çimərliyi ilə üzbəüz ərazidə, yenicə yaradılmış müasir velosiped parkından start götürərək “Bakı – Abşeron – Qobustan – Şamaxı – İsmayıllı” marşrutu üzrə keçirilmişdir. Velosipedçilər 183 kilometr məsafə qət etdikdən sonra Azərbaycanın dilbər guşələrindən birində - İsmayıllı Olimpiya Kompleksinin qarşısında finiş xəttini keçmişlər. Yarışda 24 komanda iştirak etmişdir.

İkinci mərhələnin qalibi Türkiyənin “Torku Şəkərspor” komandasının ukraynalı legioneri Sergey Qrişin olmuşdur. İkinci yeri azərbaycanlı idmançı, “Synergy Baku Cycling Project” komandasının velosipedçisi Aleksandr Surutkoviç, üçüncü yeri isə Qazaxıstanın “Kontinental Team Astana” komandasından olan Bəxtiyar Kojatayev tutmuşdur.

Turun ikinci mərhələsinin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxış edən Türkiyənin “Torku Şəkərspor” komandasının velosipedçisi Sergey Qrişin bildirib ki, mərhələ onun üçün çox çətin olmuşdur. S.Qrişin “Tour d’Azerbaidjan” turunda qalib olmaqdan sevinc duyduğunu söyləmişdir.

Turda ikinci yerin sahibi “Synergy Baku Cycling Project” komandasının üzvü Aleksandr Surutkoviç bildirmişdir ki, qarşıda hələ üç mərhələ vardır və təmsil etdiyi komanda qalib gəlmək şansını hələ itirməmişdir. Onun sözlərinə görə, “Synergy Baku” komandasının “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunda qalib olmaq şansı böyükdür.

Finişə 3-cü çatan Qazaxıstanın “Kontinental Team Astana”nın üzvü Bəxtiyar Kojatayev vurğulamışdır ki, bu onun üçün tanış bir yarışdır. “Ötən il də mən Azərbaycanda təşkil olunan velosiped yarışında iştirak etmişdim. Mən təssüflənirəm ki, çox təcrübəli həmkarlarıma uduzdum”.

Velosipedçilər dəstəsinin irəlilədiyi bütün marşrut üzrə onları yaxınlıqdakı yaşayış məntəqələrinin sakinləri salamlamış və dəstəkləmişlər. İsmayıllı Olimpiya Kompleksinə toplaşan rayon sakinləri və rəhbərliyi velosipedçiləri salamlamışlar. Kompleksin ərazisində bu çoxmillətli diyarıfn sakinlərinin xalq yaradıcılığı sərgisi təşkil olunmuşdur. İvanovka kəndinin sakinləri konsert proqramı ilə çıxış etmişlər. Qonaqlar istər Azərbaycan, istərsə də rayon ərazisində yaşayan molokanların milli mətbəxinin yeməklərinin dadına baxmışlar.

Milli geyimli oğlan və qızlar tur iştirakçılarına xatirə hədiyyələri təqdim etmişlər.

Turun üçüncü mərhələsi mayın 3-də “Qəbələ - Oğuz - Şəki - Oğuz - Qəbələ” marşrutu üzrə (165 kilometr) keçiriləcək.

Dördüncü mərhələdə velosipedçilər mayın 4-də “Qəbələ - Şamaxı” marşrutu ilə 116 kilometr məsafə qət edib, dəniz səviyyəsindən təxminən 1450 metr hündürlükdə yerləşən Pirqulu rəsədxanasının yaxınlığında, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçəcəklər.

Beşinci - sonuncu mərhələ isə mayın 5-də Azadlıq meydanından start götürərək, Bakı şəhərinin mərkəzi küçələri ilə 144 kilometr məsafədə 12 dəfə dövrə vurmaqla yekunlaşdırılacaqdır.

Beynəlxalq velosiped turu həm yerli, həm də xarici, o cümlədən “Eurosport”, “Eurosport-2” və digər televiziya kanalları ilə geniş işıqlandırılır.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında