Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarında 19 idman növü üzrə 6 min 351 atlet qalib adı uğrunda mübarizə aparacaqdır

 

 

Xəbər verildiyi kimi, Bakı 2015-ci ildə təşkil olunacaq birinci Avropa Oyunlarına ev sahibliyi edəcəkdir.

Avropa Oyunlarına hazırlıqla bağlı aprelin 30-da “Hilton Baku” mehmanxanasında mətbuat konfransı keçirilmişdir.

Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışmış və idmançılarımızın qazandığı nailiyyətləri yüksək qiymətləndirmişdir.

Bildirmişdir ki, iki gün ərzində Bakıda Avropa Olimpiya Komitəsinin (AOK) Koordinasiya Komitəsinin iclası keçirilmişdir. İclas çərçivəsində bir neçə təqdimat mərasimləri təşkil olunmuşdur. Həmçinin, idman infrastrukturu, Olimpiya kəndi, atletlərin məskunlaşması istiqamətində müzakirələr aparılmışdır. Komissiyanın üzvlərinə mövcud idman obyektləri nümayiş olunmuş, inşası davam edən infrastruktur barədə ətraflı məlumat verilmişdir.

Qonaqların Olimpiya kəndində olduğunu diqqətə çatdıran A.Rəhimov burada bir binanın idmançıları qəbul etməyə hazır olduğunu bildirmiş və komissiya üzvlərinin yaradılan şəraiti yüksək qiymətləndirdiyini ifadə etmişdir. Vurğulamışdır ki, müzakirələr zamanı mötəbər yarışın loqosunun, rəsmi internet səhifəsinin hazırlanması, Oyunların açılış və bağlanış, medalların təqdimat mərasimlərinin keçirilməsi istiqamətində müasir və maraqlı təkliflər irəli sürülmüşdür.

Milli Olimpiya Komitəsinin Prezidenti, ölkə başçısı İlham Əliyevin AOK Koordinasiya Komitəsinin üzvlərini qəbul etdiyini bildirən nazir qonaqların respublikamızda idmana göstərilən dövlət qayğısından məmnunluqlarını ifadə etmişdir. Nazir birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Koordinasiya Komitəsinin iclasında iştirak etdiyini və görülən işlər barədə məlumat verdiyini diqqətə çatdırmışdır.

Nazir bildirmişdir ki, birinci Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək olan tarixdə keçiriləcəkdir. İlk Oyunlarda 19 növ üzrə 6 min 351 idmançı qüvvəsini sınayacaqdır. Bunlar kamandan oxatma (128 idmançı), su idman növləri (üzgüçülük, su polosu, suyatullanma - 1000), atletika (800), badminton (160), basketbol (3X3, 160 idmançı), boks (300), kanoe (350), velosiped (BMX, dağ velosipedi, şosse - 350), çimərlik futbolu (256), gimnastika (bədii gimnastika, idman gimnastikası, tamblinq və akrobatika - 406), cüdo (350), karate (96), atıcılıq (stend və güllə (350), stolüstü tennis (128), taekvondo (128), triatlon (125), voleybol (zal və çimərlik - 464), güləş (450) və qılıncoynatma (300) növləridir.

İdman növlərindən yalnız kanoe Bakıdan kənarda - Mingəçevirdəki “Kür” Təlim-Tədris İdman Mərkəzində təşkil olunacaqdır. Komissiya üzvləri həmin idman qurğusu ilə tanış olmuş və burdakı şəraiti yüksək qiymətləndirmişlər.

A.Rəhimov qeyd etmişdir ki, idman növlərindən çimərlik futbolu, 3X3 və karate qeyri-olimpiya, qalanları isə olimpiya təmayüllüdürlər. Bir neçə federasiya yarışların lisenziya xarakteri daşıyacağını bildirmişdir. Avropa Oyunlarına təsnifat yarışları isə sonradan müəyyənləşdiriləcəkdir. Hər hansı ölkənin təsnifatdan keçmiş idmançıları olmasa, onlara 2 kişi və 2 qadın idmançı üçün güzəştli vəsiqə veriləcəkdir. Ev sahibliyi edən dövlət isə bütün növlərdə təmsil olunmaq hüququna malikdir.

Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması istiqamətində möhtəşəm işlər görüldüyünü diqqətə çatdıran Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bu mötəbər yarışın Azərbaycanda təşkil olunmasını bir uğur kimi qiymətləndirmişdir. Vurğulamışdır ki, burada güclü və peşəkarlardan təşkil olunmuş komanda çalışır. Dövlətin idmana göstərdiyi qayğı isə bizi çox sevindirir. Ölkə başçısı İlham Əliyevin Milli Olimpiya Komitəsinin Prezidenti olması burada idman siyasətinin düzgün istiqamətdə olmasından xəbər verir. Avropa Oyunlarına hazırlıq çərçivəsində görülən işlər məni yaxşı mənada təəccübləndirdi.

   AOK-un prezidenti görüləcək işlərə dair çox yaxşı debatların təşkil olunduğunu diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, Avropa Oyunlarına qalan iki il əslində çox az müddətdir. Hazırlıq üçün 7 il lazımdır. Amma biz peşəkarları cəlb etməklə qısa vaxt ərzində məqsədlərimizə nail olacağıq. Avropa Oyunlarına öz yanaşmamız olacaqdır. Bakının bu mötəbər yarışa təşkilatçılıq etməsi bir bəxtəvərlikdir. Bu irəliləyişi görəndən sonra digər ölkələr 2019-cu il Avropa Oyunlarına namizədliyini vermək istəyirlər. 49 ölkənin hamısından idmançıların birinci Avropa Oyunlarda iştirak edəcəklərini gözləyirəm.

P.Hikki Bakının Avropa Oyunlarını yüksək səviyyədə təşkil edəcəyi halda Yay Olimpiya Oyunlarını da keçirməyə qadir olacağını bildirmişdir. Qeyd etmişdir ki, Bakı 2 dəfə Yay Olimpiya Oyunlarına namizəd olmuşdur. Realist olsaq, Olimpiada təşkil etmək üçün fürsət qazanmaq lazımdır. Əgər Avropa Oyunları uğurla keçirilsə, bu, sizin üçün böyük şans olacaqdır. Hər kəsə sübut edəcəksiniz ki, belə nüfuzlu oyunları keçirməyə qadirsiniz.

AOK-un prezidenti 2001-ci ildən etibarən Azərbaycana 5-ci dəfə gəldiyini və hər səfərində ölkəmizə məftun olduğunu demişdir. Vurğulamışdır ki, Bakıda çox əsrarəngiz inkişaf vardır. Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdük və əmin olduq ki, həqiqətən də belə bir komanda ilə işləmək bizim üçün şərəflidir və çox yaddaqalandır. Eyni zamanda Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva ilə görüşdük. Bizim çox gözəl komandamız, ekspertlərimiz var. Əlimizdən gələni ortaya qoyaraq, işi yüksək səviyyədə görəcəyik.

Tədbir zamanı Azərbaycanın turizm imkanlarından bəhs edə videoçarx nümayiş olunmuşdur.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında