Xalqlar dahiləri ilə tanınır. Sübuta ehtiyacı olmayan başqa bir fikir də söylənilir: böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur. Dünya miqyaslı siyasətçi, Azərbaycan xalqının ümummilli lideri səviyyəsinə yüksəlmiş görkəmli dövlət xadimi Heydər Əliyev tək ölkəmizdə deyil, dünya miqyasında sözünün keçəri olan şəxsiyyət idi. O, bəşəri düşüncə sahibi olduğundan qlobal təhlillər aparmağı bacarırdı.
Bu dahi insan xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi qalıb. Bu da həqiqətdir ki, Heydər Əliyev fenomeni ilə bağlı söz demək, onun titanik fəaliyyətinin möhtəşəmliyi haqqında fikir söyləmək o qədər də asan deyil. Ulu öndər Azərbaycanı çox çətinliklərdən, bəlalardan çıxartdı, onu təzədən qurdu, dirçəltdi, dünyanın nümunə gətirilən ölkələri sırasına yüksəltdi. Bu gün dünya Azərbaycanı ümummilli liderimizin timsalında tanıyır, böyük azərbaycanlını minnətdarlıqla xatırlayır. Biz qürur duyuruq ki, xalqımızın dünyada bu səviyyədə sevilən ümummilli lideri olub.
1993-cü ildən başlayaraq Azərbaycanda sosial müdafiə tədbirləri son dərəcə çevik xarakter alaraq, pensiya təminatı, əlillərin reabilitasiyası, qeyri-məşğul əhalinin məşğulluğunun təminatı və s. istiqamətlərdə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Əlillərin, xüsusən Azərbaycanın ərazi bütövlüyü uğrunda savaşlarda fiziki sağlamlıqlarını itirmiş vətəndaşların və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlar üçün yeni mənzillərin tikilib istifadəyə verilməsi işlərinə məhz böyük öndərimizin ölkəyə yenidən rəhbərliyə qayıdışından sonra başlanmış, ötən illərdə bu təbəqədən olan xeyli sayda insan dövlət hesabına yeni mənzillərlə, minik avtomobilləri ilə, reabilitasiya vasitələri ilə təmin edilmiş, sosial cəhətdən həssas əhali qruplarının rifahı xeyli yaxşılaşmışdır. Həmin ildən əlillərin bərpa-müalicəsi sahəsində dövlət tədbirlərinə başlanılmış, ölkənin ayrı-ayrı bölgələrində müasir tibbi-bərpa avadanlıqları ilə təchiz edilmiş regional reabilitasiya müəssisələri yaradılmış, əlillərin xaricə müalicəyə göndərilməsi, onlar üçün yaradıcılıq müsabiqələrinin keçirilməsi və s. kimi tədbirlər ənənəyə çevrilmişdir.
Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan Heydər Əliyevin çoxşaxəli fəaliyyəti içərisində idman sahəsində gördüyü işlər də bu ölkənin vətəndaşlarını qürurlandırır. Ulu öndər idman sahəsinin inkişafına böyük diqqət və qayğı göstərirdi. O deyirdi: “İdman hər bir ölkənin inkişafı üçün çox vacib olan sahədir. Bu elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, bayrağı qaldırılır və Vətənimiz dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur”.
Bu gün Azərbaycanda idman uğurla inkişaf edir, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və idmançılarımızın qələbələri xalqımızı ürəkdən sevindirir. Əminliklə deyə bilərik ki, Azərbaycanın idman şöhrəti yüksək səviyyədədir. Təsadüfi deyil ki, son illər ərzində ölkəmizdə müxtəlif beynəlxalq idman yarışları keçirilir, Vətənimiz dünya və Avropa çempionatlarına ev sahibliyi edir. İdman sahəsində ən böyük nailiyyətlərimizdən biri ölkəmizin Olimpiya və Paralimpiya oyunlarında iştrakıdır. Olimpiya və Paralimpiya oyunları dünyanın nəinki ən mötəbər idman yarışıdır, hətta bəlkə də, dünyanın diqqətini cəlb edən birinci dərəcəli tədbirdir. Azərbaycan paralimpiyaçıları bu yarışlara ilk dəfə ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə 1996-cı ildə Atlanta Yay Paralimpiya Oyunlarına yola düşmüşlər. Ulu öndərimizin dəyərli tövsiyələri həmişə idmançılarımızın qələbə əzmini yüksəltmiş, onlarda nikbin əhval-ruhiyyə yaratmış və nəticədə Paralimpiya Oyunlarında qələbələrimizin əsası qoyulmuşdur. Növbəti dəfə komandamız 2000-ci ildə Sidney Yay Paralimpiya oyunlarında 3 növdə 7 idmançı ilə təmsil olunaraq, bir qızıl və bir gümüş medal qazanmışdır. Ümummilli lider 2000-ci ilin 15 noyabrında XI Sidney Yay Paralimpiya Oyunlarından uğurlu nəticələrlə qayıtmış paralimpiyaçılarımızla ğörüşdə deyirdi: “Fiziki cəhətdən çatışmazlığı, qüsuru olan insanların idmanla məşğul olması və idman yarışlarında belə yüksək nailiyyətlər əldə etməsi çox təqdirəlayiq haldır. Bu bir tərəfdən sizin nə qədər iradəli olduğunuzu, digər tərəfdən fiziki çatışmazlığınıza baxmayaraq həm öz səhhətinizi daha da möhkəmləndirmək, həm də cəmiyyətdə öz fəaliyyətinizi göstərmək üçün nə qədər əzmkar olduğunuzu göstərir. Hesab edirəm ki, biz sizin bu fəaliyyətinizi yüksək qimətləndirməliyik. Təəccüblənmək olar ki, insan bir az xəstə, yaxud bir az çatışmazlığı olanda onda bədbinlik əmələ gəlir, özünü əl ala bilmir. Amma siz müəyyən fiziki çatışmazlığınızı öz əzmkarlığınızla, iradənizlə və bacarığınızla aradan qaldırmısınız. Siz və sizin kimi insanlar cəmiyyətimizdə böyük hörmətə layiqdirlər. Ölkəmizin olimpiyaçılarının, o cümlədən paralimpiyaçılarımızın keçdiyi bu imtahan onu göstərir ki, Azərbaycan gəncləri, idmançıları böyük potensiala malikdir.”
Ölkədə idmanın inkişafı, həmçinin paralimpiyaçıların öz potensiallarını ortaya qoyması üçün bu yöndə qəbul olunan Dövlət proqramı, verilən sərəncamlar ulu öndərin qayğısının daha bir bariz nümunəsidir. Ulu öndərin imzaladığı sərəncamlar, “Əlilliyin qarşısının alınması və əlillərin reabilitasiyası üzrə 1999-2002 -ci illər üçün xüsusi Dövlət Proqramı” fiziki cəhətdən qüsurlu insanların cəmiyyətə inteqrasiyasında müstəsna rol oynadı. O da qeyd edilməlidir ki, paralimpiyaçıların nüfuzlu idman yarışlarına və olimpiadalara hazırlaşması üçün idman qurğularının inşası Heydər Əliyev tərəfindən prioritet məsələ kimi qoyuldu.
İlk uğurlarını qazanmış paralimpiyaçılarımızla görüşdə ulu öndər əlil idmançılar üçün xüsusi kompleksin tikintisi barədə ğöstəriş vermişdi. Səkkiz ildən sonra, yəni 2008-ci il avqustun 28-də Sumqayıtda inşa edilmiş Paralimpiya İdman Kompleksinin açılış mərasimi keçirildi. Xüsusi qeyd etmək lazımdır ki, MDB məkanında ilk dəfə olaraq, paralimpiyaçılar üçün xüsusi və çox yüksək səviyyədə, dünya standartlarına uyğun şəkildə idman mərkəzi tikilib istifadəyə verildi. Tədbirdə möhtərəm Prezidentimiz İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişlər. Dövlətimizin başçısı öz çıxışında demişdir: “Paralimpiyaçıların idmana olan sədaqəti və xüsusilə Azərbaycan paralimpiyaçılarının uğurları və beynəlxalq yarışlarda iştirakı böyük qəhrəmanlıqdır. Azərbaycan dövləti sizin bu səylərinizi çox yüksək qiymətləndirir və qiymətləndirməlidir. Məhz buna görə maksimum dərəcədə çalışırıq ki, sizin üçün lazımi şəraiti yaradaq. O cümlədən belə gözəl idman mərkəzinin tikintisi bunu bir daha sübut edir. Mən çox şadam ki, Azərbaycanda Paralimpiya Komitəsi fəaliyyətini genişləndirir və ümumiyyətlə, paralimpiya oyunlarında iştirak edən idmançıların sayı artır. Bizim paralimpiya oyunlarında nəticələrimiz də hər dəfə daha da böyük olur. Azərbaycan dövləti paralimpiyaçıların mükafatlandırılması üçün lazımi tədbirlər görür və görəcəkdir. Bir də demək istəyirəm ki, paralimpiyaçılar, sözün əsl mənasında, fədakar insanlardır. Onlar zədələrdən, yaralardan, bəzən sağalmayan yaralardan əziyyət çəkirlər. Ancaq buna baxmayaraq, öz fədakarlığını göstərərək, idmanla məşğul olur, Azərbaycanı təbliğ edirlər. Beynəlxalq yarışlarda Azərbaycanın bayrağını qaldırırlar və Azərbaycan xalqı bunu çox yüksək qiymətləndirir. Azərbaycan dövləti də çalışır ki, əlindən gələni etsin ki, sizin şəraitiniz, həyatınız daha da yaxşı olsun”.
Biz idman ictimayyətinin bəxti onda gətirib ki, ölkə başçısı, cənab İlham Əliyev eyni zamanda Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidentidir. Paralimpiyaçılarımız daim öz üzərlərində ölkə başçısının qayğıkeş münasibətini hiss ediblər. Müntəzəm olaraq, qələbə qazanmış paralimpiyaçılarımız, məşqçilərimiz Prezidentin sərəncamları ilə orden və medallarla təltif olunurlar. Paralimpiyaçımızın maddi rifahı yaxşılaşdırılır, idmançılarımız mənzil və minik avtomobilləri ilə təmin olunurlar. Ümumilikdə ölkə vətəndaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması həmişə dövlət başçısının prioritet məsələlərindən biri olmuşdur.
Paralimpiyaçılarımızın sosial rifahının yaxşılaşdırılması öz bəhrəsini verməkdədir. Belə ki, 2004-cü ildə Afinada keçirilən mötəbər yarışdan komandamız Vətənə 2 qızıl, 1 gümüş və 1 bürünc olmaqla, cəmi 4 medalla dönmüşdü. Ölkəmizdə geniş vüsat alan Paralimpiya hərəkatı özünü 2008-ci il Pekin Yay Paralimpiya Oyunlarında da yaxşı tərəfdən göstərmişdir. Bu mötəbər yarışda paralimpiyaçılarımız 10 medal (2 qızıl, 3 gümüş, 5 bürünc) qazanmış və komandamız 146 ölkə arasında 38-ci yeri tutmuşdur. Paralimpiyaçılarımız 2012-ci il London Yay Paralimpiya Oyunlarında da yüksək nəticə əldə etmişlər. Altı idman növü üzrə yarışlara qatılan 21 idamçımız 12 medal (4 qızıl, 5 gümüş, 3 bürünc) qazanmış, 166 ölkə arasında 27-ci yeri tutmuşlar. Bu nəticə paralimpiyaçılarımızın iştirak etdiyi 5 Paralimpiya Oyunlarında ən yüksək uğurudur. 1996-cı ildə iki idman növü ilə başlayan Paralimpiya Hərəkatı hazırkı inkişaf mərhələsində 11 idman növündə yüzlərlə idmançını ətrafında toplamağa müvəffəq olmuşdur. Artıq bu idman növlərinə də maraq artmaqdadır ki, bu da ölkəmizdə Paralimpiya Hərəkatının daha da güclənməsinə səbəb olur.
Prezident İlham Əliyev çıxışlarının birində demişdir: “İdmançılarımızın əsas təkanverici stimulu Vətən sevgisidir. Bütün başqa amillərlə yanaşı, birinci sırada dayanan Vətənə, xalqa olan bağlılıqdır. Azərbaycan idmançıları istər Olimpiya oyunlarında, istərsə də Avropa, dünya çempionatlarında medallar qazananda, Azərbaycanın milli himni səslənəndə hər bir vətənpərvər Azərbaycan vətəndaşı sevinir. Hər bir insanın, hər bir vətənpərvər vətəndaşın ürəyi fərəhlə dolur. Bu unudulmaz anları bizə idmançılar bəxş edirlər”.
Ümummillli lider haqqında danışarkən onun adını daşıyan Heydər Əliyev Fondunun fəaliyyəti də diqqət çəkir. Azərbaycanın birinci xanımı, millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsüylə yaradılan fondun onun rəhbərliyi ilə son illər həyata keçirdiyi irimiqyaslı humanitar layihələr, o cümlədən fiziki qüsurlu insanlara, valideyn himayəsindən məhrum olmuş, müxtəlif xəstəliklərdən əziyyət çəkən, həmçinin əlil uşaqlara göstərilən qayğı təbii ki, paralimpiyaçılarımızdan da yan keçməyib. Məlumat üçün qeyd edilməlidir ki, Heydər Əliyev Fondu tərəfindən ikiqat paralimpiya çempionu İlham Zəkiyev “Qızıl çinar” mükafatına, 15 nəfər paralimpayaçımız isə fondun fərdi təqaüdünə layiq görülüb. Yuxarıda qeyd olunan bütün bu uğurlara görə paralimpiyaçılarımız ölkə idmanının əvəzolunmaz dostuna minnətdardılar. Təsadüfi deyil ki, çıxışlarının birində İlham Əliyev özünü paralimpiyaçıların dostu hesab etdiyini fəxrlə bildirmişdi. Ancaq onu təkcə paralimpiyaçıların dostu kimi qəbul etmək ədalətsizlik olardı və birmənalı olaraq möhtərəm prezidentimizi ölkə idmanının, bu idmanın bayraqdarlarının timsalında millətin dostu hesab edə bilərik. Elə buna görə də Milli Paralimpiya Komitəsinin 4-cü konqresinin 8 aprel 2013-cü il tarixli qərarıyla “2013-cü il prezident seçkilərində cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə” Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 4-cü qurultay nümayəndələrinin təşəbbüsünün dəstəklənməsi haqqındakı qərarı yekdilliklə bəyənmiş, ölkədə fəaliyyət göstərən bütün qeyri hökümət təşkilatlarına müraciət edərək bu təşəbbüsə qoşulmağa çağırmışdır.
Beləliklə, bir neçə gündən sonra millətimiz öz xilaskarının 90 illik yubileyini böyük təntənə ilə qeyd edəcək. Bu böyük şəxsiyyət öz ideyaları ilə xalqımızın qəlbində daim yaşayacaq, əziz xatirəsi hər zaman yüksək ehtiramla anılacaq.
İlqar RƏHİMOV,
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini,
Milli Paralimpiya Komitəsinin prezidenti
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.