Qrossmeysterlər fasiləni heç-heçələrlə qarşıladılar

 

 

İsveçrənin Zuq şəhərində davam edən FİDE “Qran-Pri”sinin iştirakçıları ötən şənbə və bazar günlərinə təsadüf etmiş növbəti iki turun görüşləri ilə turnir məsafəsinin üçdəbir hissəsini arxada qoymuşlar. Maraqlıdır ki, bu turlarda keçirilmiş 12 görüşdən heç birində qələbə qeydə alınmamış və qrossmeysterlər təqvimdə nəzərdə tutulmuş iki istirahət günündən birincisini “dinc” nəticələrlə qarşılamışlar.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov startda iki heç-heçədən sonra üçüncü-dördüncü turlarda özbəkistanlı Rüstəm Qasımcanov və italyan Fabiano Karuana ilə də xalı yarı bölmüş, Teymur Rəcəbov isə son iki görüşdə Aniş Giri (Hollandiya) və Peter Leko (Macarıstan) ilə heç-heçəyə razılaşmışdır.

Dörd turdan sonra turnir cədvəlinin ilk üç pilləsində hərəyə 2,5 xala malik Aleksandr Morozeviç (Rusiya), Ruslan Ponomaryov (Ukrayna) və Veselin Topalov (Bolqarıstan) irəliləyirlər. Altı iştirakçı Məmmədyarov, Karuana, Qasımcanov, rusiyalı Sergey Karyakin, Giri və ABŞ təmsilçisi Hikaru Nakamura liderlərdən yarım xal geri qalırlar. Cədvəldə sonuncu üç yerdə olan Rəcəbov, Qata Kamski (ABŞ) və Leko 1,5 xal toplamışlar.

Dünən turnirdə istirahət günü idi. Bu gün keçiriləcək beşinci turda hər iki şahmatçımız qaralarla oynayacaq. Məmmədyarov Karyakinlə, Rəcəbov isə Kamski ilə görüşəcəklər.

Bu arada qarşıdakı yayda Moskvada keçiriləcək və Mixail Talın xatirəsinə həsr ediləcək səkkizinci beynəlxalq turnir iştirakçılarının tərkibi məlum olmuşdur. Rusiya saytlarının yaydıqları xəbərdə bildirilir ki, turnirin mükafatları uğrunda Vişvanatan Anand (Hindistan), Maqnus Karlsen (Norveç), Vladimir Kramnik, Sergey Karyakin, Aleksandr Morozeviç, Dmitri Andreykin (hamısı Rusiya,) Şəhriyar Məmmədyarov (Azərbaycan), Fabiano Karuana (İtaliya), Hikaru Nakamura (ABŞ) və Boris Gelfand (İsrail) mübarizə aparacaqlar.

Xatirə turniri iyunun 12-də başlanıb 24-də finişə çatacaqdır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında