Çempionun final döyüşü – 12-ci saniyədə qələbə

 

 

Mart ayında Moldovada keçirilmiş  beynəlxalq turnirdən qələbə ilə qayıtmış gənc idmançı,  Pankration, döyüş sambosu, Ciu-citsu, Uşu Sanda kimi döyüş növləri  üzrə respublika  çempionu və beynəlxalq yarışların qalibi  Tural Rəhimov həmin yarışda  moldovalı həmkarı Mixail Keptinini 12 saniyəyə məğlub edərək fəxri kürsüyə yüksəldi.

Tural ilk vaxtlarda  “Sayokan” Döyüş Növləri Mərkəzinin  rəhbəri  Vasif  Namazovun rəhbərliyi ilə məşqlərə başlayıb, sambo və başqa idman növlərinə həvəs göstərir. Hazırda karate və kikboksinq,  qaydasız döyüş növü ilə məşğul olur. Turalın sözlərinə görə, hansı idman növündə döyüşməsindən asılı olmayaraq, o sahədə mükəmməl döyüş nümayiş etdirməyə can atır. “İdman ikinci həyatımdır. Döyüşə çıxanda hər şeyi unuduram. Qələbə mənim üçün əsasdır. Lakin ara- sıra məğlubiyyət olsa da,  bu, məni düşündürür. Çünki çatışmayan cəhətlərimi  bilmək mənim üçün vacibdir. İdmançı tənqidləri də qəbul etməli, onu aradan qaldırmalıdır. Əks halda o, irəli gedə bilməz”– deyə Tural söhbətə başlayır.

Tural Rəhimov 1988-ci  il mayın 9-da Sumqayıtda  anadan olub.  24 saylı orta məktəbin məzunu olan həmsöhbətim hərbi xidmətdə də  idmandan ayrılmayıb. 2009-cu ildə keçirilən yarışda universal döyüş üzrə ordu çempionu adını qazanıb.

Tural Rəhimov Kuikşin döyüş növü üzrə dünya birinciliyində iştirak edib və 75 kq çəki dərəcəsində qızıl medalı Vətənimizə qazandırıb.  2010-cu ilin sentyabrında Dağıstanda qaydasız döyüş üzrə yarışda  Rusiya bayrağı altında döyüşən əslən erməni Kudo üzrə dünya çempionu Edqar Kolyanı məğlub edən həmsöhbətim bununla da çempion adını qazanır.

2011-ci ilin oktyabrında Tiflisdə keçirilmiş “Free Fighting” üzrə Qafqaz çempionatında da Tural Rəhimov uğur əldə edir. 2010-cu ildə Türkiyədə  WOF-da (World O-Sport Federation) keçirilən dünya çempionatında  çempion olması ona daha bir stimul verir. “Hər yarış və qələbə bir ayrı həyəcandır. Bəzən idmandan başı çıxmayan insanlar bizim gecə-gündüz məşq etməyimizə təəccüblə yanaşır, qəribə baxırlar. Halbuki  çalışırıq ki, il ərzində əldə etdiyimiz fənd və taktikaları qısa müddətdə tətbiq edib qələbə qazanaq.”

2012-ci ildən başlayaraq, Tural Rəhimov tanınmış Azərbaycan  idmançısı, qaydasız döyüş  üzrə dəfələrlə dünya və Avropa çempionu olmuş Şəhriyar Abbasovun rəhbərliyi altında məşqlər edir. Həmsöhbətim deyir ki, həmin vaxtdan başlayaraq,  idmanda xeyli irəliləyiş əldə edib. Bunun sirrini isə o, müəllimi Şəhriyar Abbasovun ona verdiyi tövsiyə və məsləhətləri, onda yaratdığı yüksək döyüş əhvalıyla izah edir.

Turalın Kişinyovda  keçirilən qaydasız döyüş üzrə beynəlxalq turnirin çempionu olması ilə bağlə dediklərindən: “ Bu yarış mənim üçün xüsusilə əlamətdar oldu. Çempion adı aldığıma görə sevinirəm.  Bu qədər sarsıdıcı oyunum olmamışdı. Lakin mənə daha çox  təsir edən orda yaşayan bir soydaşımızın mənim qələbəmdən kövrəlməsi oldu. Kişinyovdakı səfirliyimizin nümayəndəsi də idmançılarımızı təbrik etdi”.

Gənc idmançının arzuları da böyükdür. Azərbaycanı hər yerdə layiqincə təmsil etmək isə ən böyük arzularındandır.

Nahaq yerə demirlər ki,  biləkdə güc olduğu kimi, düşüncədə də milli dəyərlərə bağlılıq olsa, o insanı məğlub etmək qeyri-mümkündür.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında