Bakıda UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin fövqəladə və daimi məşvərətçi Şurasının iclası işə başlamışdır

 

 

Martın 13-də Bakıdakı “Park İnn” mehmanxanasında UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin fövqəladə və daimi məşvərətçi Şurasının iclası işə başlamışdır.

AzərTAc xəbər verir ki, fövqəladə iclas bu ilin mayında Almaniyanın paytaxtı Berlində dünya bədən tərbiyəsi və idmana məsul nazirlərin və rəsmilərin 5-ci konfransı zamanı (MINEPS V) qəbul ediləcək Nazirlərin Yekun Bəyannaməsi ilə əlaqədar bütün tövsiyələrlə bağlı tamamlanma işlərini görmək məqsədi daşıyır.

İclasda 50-dən çox nümayəndə iştirak edir.

Tədbirin açılış mərasimində çıxış edən gənclər və idman naziri Azad Rəhimov iştirakçıları salamlamış və iclasın işinə müvəffəqiyyətlər arzulamışdır.

Nazir bildirmişdir ki, UNESCO tərəfindən idman da daxil olmaqla müxtəlif istiqamətlərdə həyata keçirilən və idman sahəsində mövcud olan mənfi halların qarşısının alınması məqsədilə əməkdaşlıq etməyə yönəldilmiş tədbirlər bizim hamımıza çox yaxşı məlumdur. Bu, idmanın inkişafı sessiyası zamanı keçirəcəyiniz müzakirələrin mərkəzində duran mövzu olacaqdır. Bu sessiyanın dünyada idmanla bağlı məsələlərin həlli naminə əməkdaşlığın artırılmasına verilən töhfələrdən biri olacağına inanıram.

A.Rəhimov qeyd etmişdir ki, Azərbaycanın paytaxtı Bakının bu tədbirin keçirilməsi üçün seçilməsi təsadüfi fakt deyil. Ölkəmizdə Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında idman və bədən tərbiyəsinin inkişafına böyük önəm verilir. Gənc nəslin sağlam ruhda tərbiyə edilməsi, kütləvi idman və bədən tərbiyəsi tədbirlərinin keçirilməsi, yüksək peşə göstəriciləri nümayiş etdirən idmançıların hazırlanması, Olimpiya Hərəkatının populyarlığının artırılması, idman sahəsində mövcud qanunvericilik və maddi-texniki bazanın təkmilləşdirilməsi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritetlərinə çevrilmişdir. Ölkəmizin idman potensialı ildən-ilə güclənir. Hazırda idman ictimai həyatın ayrılmaz və olduqca əhəmiyyətli tərkib hissəsinə çevrilmişdir. İdmançılarımızın əldə etdikləri yüksək nailiyyətlər gənclər arasında idmana marağın artmasına səbəb olur.

Nazir vurğulamışdır ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Olimpiya Komitəsi, müxtəlif idman federasiyaları və təşkilatları arasında bərqərar olmuş işgüzar əməkdaşlıq sayəsində Bakı dünyanın idman mərkəzlərindən birinə çevrilmişdir. İdman dünyasında qazandığı etibar sayəsində Bakı 2015-ci ildə keçiriləcək birinci Avropa Oyunlarına ev sahibliyi etmək hüququ qazanmışdır.

Nazir demişdir ki, iclas çərçivəsində müzakirə ediləcək məsələlərdən biri də razılaşdırılmış oyunlarla bağlı edilən manipulyasiyalara qarşı idmanın dürüstlüyünün təşviq edilməsidir. Nəticələrin manipulyasiya edilməsinə qarşı idmanın dürüstlüyünü möhkəmləndirmək və onu müdafiə etmək məqsədilə bu sahədə mövcud olan müsbət təcrübələrdən bəhrələnmək lazımdır. Hələlik biz Azərbaycanda bu sahədə ciddi pozuntuların olmasını müşahidə etmirik, lakin ölkədə idmanın populyarlığı artdıqca və mərc oyunlarında internet vasitəsilə iştirak etmək imkanları genişləndikcə biz də müvafiq tədbirlər görürük.

Tədbirdə çıxış edən UNESCO-nun sosial və humanitar sektorunun nümayəndəsi xanım Pilar Alvarez-Laso iclasın əhəmiyyətini yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, iclasın Bakıda keçirilməsi təsadüfi deyildir. Çünki Azərbaycanın paytaxtı artıq mötəbər tədbirlərə ev sahibliyi etmək təcrübəsinə malikdir. Həm də Bakı çox ecazkar şəhər və qədimliyini qoruyan, Qərb və Şərq elementlərini özündə cəmləşdirən bir məkandır.

Azərbaycanda növbəti dəfə olmasından məmnunluğunu ifadə edən P.Alvarez-Laso ölkəmizdə idmanın inkişafı istiqamətində görülən işləri və dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirmişdir. Həmçinin vurğulamışdır ki, idman oyunlarının nəticələrinin əvvəlcədən razılaşdırılmasına qarşı güclü beynəlxalq hüquqi sənədlər hazırlanmış və aidiyyəti qurumlar arasında davamlı əməkdaşlıq yaradılmışdır.

Qonaq bildirmişdir ki, əlilliyi olan insanların idmana cəlb olunması çox vacib amillərdən biridir. Bu təbəqədən olan  insanların ayrı-seçkiliyə məruz qalmamaları üçün onların idman və bədən tərbiyəsinə cəlb edilməsi daha məqsədəuyğundur.

 UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva iclasın əhəmiyyətini yüksək qiymətləndirmişdir. Vurğulamışdır ki, Azərbaycan ilə UNESCO arasında əməkdaşlıq durmadan inkişafdadır. Azərbaycanın iki obyekti - İçərişəhər və Qobustan UNESCO-nun dünya irsi siyahısına daxil edilmişdir. Son illərdə bizim mədəniyyətin bir neçə elementi - muğam və aşıq sənəti, Novruz bayramı, milli xalçaçılıq sənəti və tar da  bu təşkilatın qeyri-maddi irs siyahısına əlavə edilmişdir. Ölkəmiz UNESCO-da 6 hökumətlərarası komissiyanın üzvüdür və bir neçə konvensiyaya qoşulmuşdur. 

G.Əfəndiyeva diqqətə çatdırmışdır ki, UNESCO ilə Azərbaycanın əməkdaşlığının bugünkü səviyyəyə çatmasında ilk növbədə ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri, bu təşkilatda böyük nüfuz sahibi olan Mehriban Əliyevanın səylərini qeyd etmək lazımdır. Heydər Əliyev Fondu və şəxsən Fondun prezidenti Mehriban xanım Əliyeva istər ölkəmizdə, istərsə də xaricdə tarixi və mədəni abidələrin qorunub saxlanmasına və bərpa edilməsinə böyük diqqət yetirir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan G.Əfəndiyeva işğal edilmiş ərazilərimizdə olan mədəniyyət abidələrinin vəziyyətinə görə Azərbaycanın nigaranlıq keçirdiyini diqqətə çatdırmışdır. Söyləmişdir ki, bu istiqamətdə mühüm addımlar atmışıq. Bu məsələ UNESCO kimi nüfuzlu təşkilat çərçivəsində qaldırılmışdır.

Azərbaycan idmançılarının qazandıqları nailiyyətləri yüksək qiymətləndirən G. Əfəndiyeva, iclas iştirakçılarını 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarını izləməyə dəvət etmişdir.

Üç gün davam edəcək fövqəladə iclasda oyunların nəticələrinə hər hansı müdaxiləyə qarşı və idmanın təmizliyini qoruyub saxlamaq istiqamətində əməkdaşlığın inkişaf etdirilməsi, hər kəsin idmanla məşğul olmaq kimi fundamental hüququnun dəstəklənməsi, bədən tərbiyəsi və idman sahəsinə dövlətlərin investisiyasının təşviq edilməsi mövzuları müzakirə olunacaqdır.

UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin ötən il aprelin 18-19-da İsveçrənin Lozanna şəhərində keçirilmiş iclasında komitənin fövqəladə iclasının və daimi məşvərətçi Şuranın iclasının 2013-cü il martın 13-dən 15-dək Bakıda keçirilməsi qərara alınmışdı.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında