2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində Lüksemburq və Portuqaliya yığmalarına qarşı oyunlara hazırlaşan milli komandamız təlim-məşq toplanışı və yoxlama oyunları keçirmək üçün bu dəfə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə gəldi. Qış fəslinə uyğun olmayan iqlimi ilə seçilən Dubayda təlim-məşq toplanışı keçirməyin öz üstünlükləri var. Belə ki, saysız-hesabsız məşq meydançaları və stadionları olan şəhərdə belə vaxtlar bir sıra milli komandalar toplanışlar keçirir. Buna görə də burada yoxlama oyunları keçirmək üçün rəsmi görüşlərdə qarşılaşacağı rəqibin oyun üslubuna uyğun komanda tapmaq heç də çətin deyil.
İlk gündən qrafikə uyğun olaraq gündə iki dəfə - səhər və axşam meydançaya çıxan komandamız məşqlərini məşkunlaşdığı Movenpik hoteli ilə üzbəüz yerləşən Al Maktom və Al Nasir stadionlarında keçirdi. Stadionların yaxınlıqda yerləşməsi vaxt itkisinin qarşısının alınmasına, meydançaların ot örtüyünün normal səviyyədə olması isə məşqlərin yüksək səviyyədə keçirilməsinə zəmin yaradırdı. Millinin üzvləri Rauf Əliyev, Rasim Ramaldanov, Elhad Nəziri və onların komanda yoldaşları belə bir şəraitdə böyük həvəslə məşğul olurdular. Qapıçı Kamran Ağayev bu toplanışa dəvət olunmadığından onu kimin əvəz edəcəyini əvvəlcədən demək asan deyildi. Çünki millinin toplanışına çağırılan hər üç qapıçı məşq prosesində nəyə qadir olduğunu tam göstərməyə çalışırdı. Bununla bağlı yaranan suallara baş məşqçinin qapıçılar üzrə köməkçisi Uli Ştayn aydınlıq gətirdi:
“Beşinci ildir Azərbaycan yığmasında qapıçılarla işləyirəm. Hamısından razı qalmışam. Bütün qapıçılar məşqə böyük həvəslə çıxırlar. Bugünkü məşqdə də bunun şahidi olduq.
Futbolçu nə qədər məşq etməyibsə, ona formasını bərpa etmək üçün bir o qədər vaxt lazımdır. Sözsüz ki, millidə öz klubunda oyun təcrübəsinə malik olan qapıçı oynaya bilər. Klubsuz futbolçu yığma komandada oynaya bilməz. Kamran Ağayev milliyə qayıdanda, əsas heyətdəki yeri uğrunda mübarizə aparmalı olacaq".
Ənənəyə uyğun olaraq millimizin qaldığı 5 ulduzlu Movenpik hotelinin qarşısında dövlət bayrağımız dalğalanırdı.
Yığmamız üçün burada xüsusi şərait yaradılmışdı. Komandanın səhər, nahar və şam yeməkləri üçün xüsusi otaq ayrılmışdı. Millinin heyətində ilk dəfə məşqlərə qatılan futbolçular üçün komandaya uyğunlaşma prosesi uzun sürmədi. Qısa vaxt ərzində bütün futbolçular vahid komanda şəklində məşqlərə başladılar. Qeyd edim ki, bütün məşqlər media əməkdaşları üçün açıq idi və hər səhər məşqindən sonra onlara futbolçulardan və məşqçilərdən müsahibələr almaq, fikir öyrənmək üçün lazımi şərait yaradılmışdı.
Nazim Süleymanov (milli komandanın baş məşqçisinin köməkçisi): “Bu təlim-məşq toplanışına əsasən gənc futbolçular dəvət olunub. Eşqin Quliyev, Emil Balayev, Qara Qarayev, İlkin Qırtımov, Rüfət Dadaşovun adlarını çəkə bilərəm. Komandada əhval-ruhiyyə normaldır. Əlbəttə, əsas məqsəd mart ayında keçiriləcək dünya çempionatının seçmə oyunlarına hazırlaşmaqdır”.
Cavid İmamverdiyev: “Mən milli komandaya dəvət aldığıma görə çox şadam. Bu, özümü göstərmək üçün stimuldur. İstəyirəm mütəmadi dəvət alım. Özümü yaxşı tərəfdən göstərəcəyəm. Uyğunlaşmaq baxımından heç bir çətinlik yoxdur. Bir çox futbolçu ilə birlikdə oynamışam. Toplanış yüksək səviyyədə keçir. Qarşıdakı yoxlama oyunlarında nəticə qazanmaq lazımdır ki, bizə stimul olsun. İnanıram ki, Lüksemburqla rəsmi görüşdən qalib ayrılacağıq”.
Qara Qarayev: “Milli komandaya dəvət aldığım üçün sevincimin həddi-hüdudu yoxdur. Hər bir gənc futbolçu kimi mən də yığma komandaya çağırılacağım günü həyəcanla gözləyirdim. Çalışacağam ki, mənə olan etimadı doğruldum və komandaya kömək edim. Yoxlama görüşlərinin əsas məqsədi mart ayında keçirəcəyimiz rəsmi oyunlar üçün heyəti müəyyənləşdirməkdir. Bu toplanışda özümüzü yaxşı göstərsək, yəqin ki, növbəti oyunlara da dəvət alarıq. Burada hər şey əladır. Millidəki ab-hava gözlədiyimdən də yaxşıdır”.
İlk yoxlama oyunu
Azərbaycan komandasının 2013-cü ildə ilk sınağı fevralın 1-də Özbəkistan yığmasına qarşı oldu. Bu qarşılaşma millimiz üçün xüsusi əhəmiyyət kəsb edirdi. Çünki ilk dəfə heyətə dəvət olunan gənc və perspektivli futbolçuların baş məşqçinin etimadını doğrultmaları və özlərini təsdiqləmələri üçün real bir şans yaranmışdı. Hər iki rəqibin bütün səylərinə baxmayaraq görüşdə hesab açılmadı. Qeyd edim ki, sonra baş məşqçimiz Berti Foqts ilk dəfə milli komandaya dəvət etdiyi futbolçuları - Anar Nəzirov, Qara Qarayev, Pərdis Azad-Fərcad, Eşqin Quliyev və Rüfət Dadaşovu meydana buraxdı. Ümumilikdə xoş təsir bağışlayan gənc futbolçular özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar. Bu oyunda millimizin heyətində beş yeni futbolçu ilk dəfə meydana çıxdı. Bununla da indiyə qədər komandamızın şərəfini qoruyan futbolçuların sayı 186-ya çatdı.
Görüşü AFFA-nın baş katibi Elxan Məmmədov, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev canlı olaraq izləyirdilər. Oyunla bağlı baş məşqçilər fikirlərini bildirdilər.
Berti Foqts: “Komandanın oyunundan razı qaldım. Rəqib daha hazırlıqlı idi. Bəzi səhvlərə baxmayaraq, komanda pis təsir bağışlamadı. Oyun gənc futbolçuların təcrübə qazanması baxımından faydalı oldu”.
Mircəlal Qasımov (Özbəkistan millisinin baş məşqçisi): “Millinizin həqiqətən də yaxşı futbolçuları var. Avropada oynadığınıza görə sürətli futbola üstünlük verirsiniz. Bu da bizim üçün çox sərfəli oldu”.
Yoxlama oyunundan sonra komandamız gündəlik məşqlərini davam etdirdi. Lakin Berti Foqts futbolçulara istirahət vermək məqsədilə oyundan bir gün sonra təkcə səhər məşqinin keçirilməsini qərara aldı. Beləliklə də yaranmış asudə vaxtdan istifadə edən futbolçularımız xüsusi memarlığı ilə seçilən Dubay şəhəri ilə bir qədər yaxından tanış olmaq imkanı qazandılar.
Berti Foqts: “Daha çox gənc futbolçulara üstünlük vermişik”
Ənənə üzrə milli komandanın baş məşqçisi Berti Foqtsun Movenpik hotelində mətbuat konfransı keçirildi. O, Dubaya ezam olunan media əməkdaşlarının çoxsaylı suallarını cavablandırdı: “Lixtenşteyn yığması ilə yoldaşlıq oyununa marağın böyük olması sevindiricidir. Mətbuatın futbola belə diqqət ayırması müsbət haldır.
Futbolçuların həvəslə məşq etməsi məni sevindirir. Bir neçə təcrübəli futbolçu təlim-məşq toplanışına cəlb olunmayıb. Onların əvəzinə gənc oyunçularla gəlmişik. Bu da rəqabətin artmasından xəbər verir. Martda bizi iki çətin oyun gözləyir. Ona görə də millinin tərkibi geniş olmalıdır. Bu təlim-məşq toplanışı bəzi futbolçular üçün son şansdır. Bu barədə onlara məlumat vermişəm. Mən futbolçunun məşqdəki hazırlığından sonra qərar qəbul edirəm. Futbolçu üçün iki məqsəd var: oyuna qələbə əzmi ilə çıxmaq və qələbə qazanmaq. Bu iki amili dərk etsələr, inkişaf olacaq. Sevindirici haldır ki, bu gün milliyə gənc futbolçular dəvət olunurlar. Bu, aşağı yaş qrupu üzrə yığma komandalarda işlərin düzgün qurulduğunu göstərir”.
İlin ilk qələbəsi
Milli komandamız Dubaydakı toplanış çərçivəsində fevralın 6-da Lixtenşteyn yığması ilə də yoldaşlıq görüşü keçirdi. Qarşılaşma 18 min tamaşaçı tutumuna malik “Əl Vəsl” komandasının eyniadlı stadionunda baş tutdu. Xatırladaq ki, “Əl Vəsl” komandasını 2011-ci ilin avqustundan 2012-ci ilin iyul ayınadək dünyaca məşhur argentinalı ulduz Dieqo Maradona çalışdırıb.
Rəqib kimi Lixtepşeyn komandanın seçilməsi bu il rəsmi yarışlarda ilk rəqibimiz olacaq Lüksemburq yığmasının oyun üslubu ilə bağlı idi. Yoldaşlıq oyununda komandamıza dəstək olmaq üçün burada yaşayan bir qrup soydaşımız ailələri ilə birlikdə stadiona gəlmişdi. Millimizə sonadək dəstək olan bu azarkeşlərə AFFA tərəfindən dövlət bayrağı, AFFA-nın şərfi və digər futbol atributları hədiyyə olaraq verildi.
Görüş 1:0 hesabı ilə Azərbaycan komandasının xeyrinə başa çatdı. Oyunun taleyini həll edən yeganə topu 11 metrlik zərbə ilə Vaqif Cavadov vurdu. Berti Foqts əvvəlki oyunla müqayisədə bu dəfə heyətdə üç dəyişiklik etmiş, Vüqar Nadirov, Cihan Özkara və Rüfət Dadaşova şans vermişdi. Millinin bu toplanışına daha çox gənc futbolçular dəvət olunduğuna görə məşqləri və beynəlxalq yoldaşlıq oyununu AFFA-nın rəsmiləri ilə yanaşı texniki direktor və U-21 yığmasının baş məşqçisi Bernhard Lippert də izləyirdi.
“Daha çox qol
vurmalı idik”
Oyundan sonra baş məşqçilər və futbolçular fikirlərini bildirdilər.
Berti Foqts: Oyundan razı qala bilmərəm. Çünki daha çox qol vurmalı idik. Qarşıda bizi dünya çempionatının seçmə yarışlarında güclü rəqiblərlə çətin sınaqlar gözləyir. Buna görə də bəzən futbolçulardan çox şey tələb edirəm. Sağ cinahda bu gün Bədavi Hüseynov çıxış etdi. Gələcəkdə də ondan bu mövqedə yararlana bilərəm.
Rene Pauriç (Lixtenşteyn millisinin baş məşqçisi ) “Azərbaycan millisi yaxşı oynadı və çox sayda qol vəziyyəti yaratdı. Bundan əlavə, iki dəfə penalti zərbəsindən yararlanmaq imkanı qazandı və bu vəziyyətlərdən birini qolla dəyərləndirdi. Bizim ikinci hissədə sərgilədiyimiz oyun bir qədər aqressiv qiymətləndirilə bilər. Bunu onunla əlaqələndirmək olar ki, oyun kifayət qədər gərgin keçirdi”.
Vüqar Nadirov: “Oyunda çoxlu qol şanslarımız oldu. Ancaq bundan istifadə edə bilmədik, Şükürlər olsun ki, qələbə qazandıq. Amma hesab belə olmalı deyildi. Rəşad Sadiqov penalti zərbəsini vura bilməyəndə, bizdə ruh düşkünlüyü yaranmadı. Əksinə, biz onu dəstəklədik. İnşallah, gələcək oyunlarda qol şanslarımızdan istifadə edərək, inamlı qələbə qazanmağa çalışacağıq”.
Rəşad Sadiqov: “Oyunda penaltini qaçıranda pis oldum. Düşündüm ki, komandamız qələbə qazanmaya bilər. Çünki qarşıda 20-30 dəqiqə vardı. Hər hücumumuz təhlükəli olurdu. Hiss edirdik ki, qol vuracağıq. Ən azından 10 qol imkanımız oldu. Ancaq bundan yararlana bilmədik. Sevinirəm ki, qələbə qazandıq ”.
Vaqif Cavadov: “Əlbəttə, oyunda qol vurmaq baxımından bir az çətinlik çəkdik. Ancaq komandamız yaxşı oyun nümayiş etdirdi. Ümumilikdə götürdükdə, çoxlu qol imkanlarımız oldu. Ancaq bundan yararlana bilmirdik. Bəlkə də heyətdə gənc futbolçuların olması öz sözünü dedi. Hamı gördü ki, futbolçular meydanda canlarını qoydular. Əsas odur ki, qələbə qazandıq”.
Rahid Əmirquliyev: “Birinci hissədə uşaqlar bir qədər həyəcanlı idilər. Çünki yaradılan çoxsaylı qol vəziyyətlərindən yararlana bilmirdik. Amma yaxşı ki, ikinci hissədə fərqləndik. Fikrimcə, bu qələbə qarşıdakı oyunlara daha yaxşı hazırlaşmağımıza kömək edəcək”.
Rüfət Dadaşov: “Bu oyunda oynayacağımı səhər saatlarında bildim. Baxmayaraq ki, zədə səbəbindən komandadan ayrı çalışmalı olurdum. Düzdür, fasilədə əvəzləndim. Amma ümid edirəm ki, gələcəkdə də yığmaya dəvət alacam”.
Səlahət Ağayev: “Etiraf edim ki, bu oyunda mənim işim az oldu. Rəqib demək olar ki, hücum etmirdi. Komandamız rəqibi tam olaraq meydanın özünə aid hissəsinə sıxışdırmışdı. Layiqli qələbə qazandığımızı düşünürəm. Lüksemburqla oyunda da bu uğurun davamının gəlməsini istəyirik. Özümə gəlincə, üzərimdə çalışıram ki, yığmanın əsas heyət oyunçusuna çevrilim. Komandada böyük rəqabət var. Əsas heyətə düşməyə layiq olmaq lazımdır”.
Təşkilati işlər qaydasında idi
Toplanış vaxtı millinin məşqlərini və yoldaşlıq oyunlarını yaxından izləyən AFFA-nın baş katibi Elxan Məmmədov ümumilikdə toplanışdan razı qaldığını bildirdi: “ Milli komandamız nə qədər çox oyun keçirsə, bir o qədər yaxşıdır. Bu təlim-məşq toplanışına bir neçə yeni futbolçu cəlb olunub. Bəzi futbolçular ilk dəfə beynəlxalq oyun təcrübəsi qazanmaq imkanı əldə etdilər. Onlar çox inamlı oyun göstərdilər. Ümumiyyətlə, milli komanda il ərzində 4-5 oyun keçirir. Ona görə yoldaşlıq oyunları keçirmək imkanı olanda biz bundan istifadə edirik. Dubaydakı hazırlıqda iki yoxlama oyunu keçirdik. Özbəkistanla oyunumuz heç-heçə başa çatdı. Təəssüf ki, komandamız qol imkanlarından maksimum bəhrələnə bilmədi. İkinci görüşümüz isə Lixtenşteyn komandasına qarşı oldu. Bildiyiniz kimi, bu oyun FİFA-nın təqviminə düşən oyun idi. Lixtenşteynlə oyunda qalib gəlmək vacib idi. Həm baş məşqçi, həm də futbolçular üçün bu yeni bir təcrübə idi. Əsas da cavan futbolçular üçün. Komandamız daha çox qol vura bilərdi. Əldə etdiyimiz qol imkanlarından yararlana bilmədik. Ancaq bir qol vurub qalib gəlməyi bacardıq. Təbii ki, əsas nəticə qazanmaqdır. Komandamız gələcək oyunlarda imkanlardan maksimum istifadə etməlidir.
Məlumat üçün qeyd edim ki, artıq 3-cü ildir ki, milli komandamız təlim-məşq toplanışını Dubayda keçirir. Çünki Dubayda hava şəraiti yaxşıdır, meydançaları keyfiyyətlidir. Bundan əlavə, bir çox milli komanda Dubayda təlim-məşq toplanışında olur. Biz də bundan istifadə edib yoldaşlıq oyunları keçiririk.
Bildiyiniz kimi, AFFA prezidenti Rövnəq Abdullayevin tapşırığına əsasən milli komandaya yaxşı şərait yaradılıb. Dubayda gündə iki dəfə məşqlər keçirilir. Bir sözlə, komandada ab-hava yaxşıdır".
Ümid edirik ki, toplanış və yoxlama oyunlarının belə yüksək səviyyədə keçməsi millimizin növbəti görüşlərdə daha əzmkar çıxışına böyük zəmin yaradacaq.
Mikayıl NƏRİMANOĞLU,
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi, əməkdar jurnalist
Fotolar Eldəniz Bədəlovundur
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.