Azərbaycan Atçılıq Federasiyasında ötən ilin yekunlarına həsr olunmuş tədbir keçirilmişdir

 

 

Fevralın 9-da Azərbaycan Respublikası Atçılıq Federasiyasında (ARAF) ötən ilin yekunlarına həsr olunmuş tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə ARAF-ın prezidenti Elçin Quliyev ötən il idmançılarımızın qazandıqları nailiyyətlərdən danışmış, gələcəkdə görüləcək işlər barədə məlumat vermiş və tədbir iştirakçılarını Azərbaycanın ilk “Azərspace-1” telekommunikasiya peykinin uğurla orbitə buraxılması münasibətilə təbrik etmişdir.

Bildirmişdir ki, Azərbaycanda təşkil olunmuş konkur yarışlarına dünyanın müxtəlif ölkələrindən idmançılar qatılmış, eyni zamanda, milli yarış olan çövkən və cıdırın inkişafına böyük diqqət ayrılmışdır. 2012-ci ildən ARAF tərəfindən dresaj və süvarilər layihəsi üzrə də təlim məşqlərinə başlanılmışdır.

Elçin Quliyev demişdir ki, ölkəmizdə atçılıq idmanının yeni bir sahəsi olan poloya da diqqət göstərilir. 2013-cü ilin sentyabrında Azərbaycanda bu növ üzrə beynəlxalq turnirin keçirilməsi planlaşdırılır. Yarışda Argentina, Almaniya, ABŞ və Kanadadan komandaların iştirakı gözlənilir.

ARAF-ın prezidenti Azərbaycan idmançılarının atçılığın bütün növləri üzrə yarışlarda ən yüksək nailiyyətlərə sahib olacağına əminliyini nəzərə çatdırmışdır.

Bildirilmişdir ki, nadir Qarabağ cinsi atlarının çoxaldılması istiqamətində də işlər görülür.

E.Quliyev Azərbaycanda “Cıdır-TV” telekanalının yaradılması barədə də məlumat vermişdir. Qeyd etmişdir ki, telekanalın yaradılmasının məqsədi Azərbaycanda atçılıq idmanının inkişafına dəstək olmaqdır. Onun sözlərinə görə, dünyanın bir sıra ölkələrində bu tip televiziyalar mövcuddur.

Federasiyanın fəaliyyəti barədə məlumat verən ARAF-ın baş katibi Bəhruz Nəbiyev bildirmişdir ki, ötən il tədbirlərin təşkili və xaricdə keçirilən yarışlarda iştirak baxımından mühüm il olmuşdur. Ötən il konkur növü üzrə keçirilən yarışa son 35 ildə ilk dəfə olaraq İrandan atlar gətirilmiş, idmanın bu növü üzrə Azərbaycanda səkkiz beynəlxalq turnir keçirilmiş və bu turnirlərin mükafat fondu 304 min manat olmuşdur.

Nəzərə çatdırılmışdır ki, 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək uğrunda mübarizə aparmaq üçün Azərbaycan komandası təşkil olunmuşdur.  

Baş katib atçılıq idman növlərinin populyarlaşdırılması məqsədilə bir sıra yeni mərkəzlərin də istifadəyə verildiyini, həmçinin Binə qəsəbəsində yeni konkur manejinin tikintisinə başlanıldığını bildirmişdir.

Qeyd edilmişdir ki, fevral ayının sonunadək Abşeron yarımadasındakı atların identifikasiyası başa çatacaqdır. Bunun ardınca həmin atların pasportlarının hazırlanacağı gözlənilir.

Artıq həmin pasportun nümunələri təsdiq olunmaq üçün Beynəlxalq Atçılıq Federasiyasına göndərilmişdir. Bu, Abşeron yarımadasının ərazisindəki atların maneəsiz xaricə ixracına zəmin yaradacaqdır. Hazırda ölkə ərazisindəki atların DNT təhlilləri də aparılır.

Tədbirin sonunda bir qrup idmançı, məşqçi, mütəxəssis və KİV-ə mükafat və fəxri fərmanlar təqdim olunmuş, Qarabağ atlarından bəhs edən videoçarx nümayiş etdirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında