Azərbaycan öz şahmatçıları ilə fəxr edə bilər!

 

Ümummilli lider Heydər Əliyevin “Azərbaycan uşaq şahmatçıları Teymur Rəcəbova və Vüqar Həşimova dövlət qayğısının artırılması haqqında” 1998-ci ilin fevralında və “Azərbaycan uşaq şahmatçılarına dövlət qayğısının artırılması haqqında” elə həmin ilin sonlarında imzaladığı sərəncamlardan 15 il ötür. Bu müddət ərzində ölkəmizdə şahmat əsl inkişaf dövrünü yaşamış, həmin uşaqların bir neçəsi dünyanın ən hörmətli, sayılıb-seçilən qrossmeysterləri kimi yüksək nüfuz qazanmışdır. Bütün bunlar isə, şübhəsiz, ulu öndərin Azərbaycanda qədim və müdrik oyunun inkişafına göstərdiyi böyük qayğı və diqqətin nəticəsidir.

Yaşlı nəsil nümayəndələrinin yadında olar, 1974-cü ilin yayında o zaman Azərbaycan KP MK-nın birinci katibi kimi respublikaya rəhbərlik edən Heydər Əliyevin təşəbbüsü ilə keçirilən Azərbaycan partiya təşkilatı fəallarının yığıncağında bədən tərbiyəsi və idmanın problemləri geniş müzakirə olundu və vəziyyəti yaxşılaşdırmaq yolları müəyyənləşdirildi: Məhz həmin yığıncaqdan sonra idmanımızın bütün sahələri kimi, şahmatın da inkişafında böyük tərəqqiyə nail  olundu, əksər şəhər və rayonlarımızda şahmat məktəb və klubları bir-biri ardınca bu oyun həvəskarlarının istifadəsinə verildi.

Ümummilli liderin yuxarıda xatırlatdığımız iki sərəncamı son 15 ildə Azərbaycanın, demək olar, hər yerində şahmatın inkişafına güclü təkan verməklə yanaşı, onun pərəstişkarlarını, xüsusən də uşaq və yeniyetmələri ruhlandırmış, təcrübəli məşqçilərin rəhbərliyi altında onlar arasından neçə-neçə istedadlı gənc təkcə respublika yarışlarında deyil, beynəlxalq turnirlərdə, o cümlədən Avropa və dünya birinciliklərində mükafatçılar sırasında yer tutmuş, medal sevinci yaşamış, çempion kimi təbrikləri qəbul etmişdir.

Təsadüfi deyil ki, hazırda Azərbaycanda şahmatın inkişaf səviyyəsi, istər məşhur qrossmeystrlərimizin, istərsə də onların layiqli davamçıları olan ehtiyat qüvvənin uğurları dünyanın hər yerində yüksək qiymətləndirilir. Həqiqətən də, respublikamız mahir şahmat ustalarının vətəninə çevrilmişdir. Bu gün Azərbaycan dünyanın ən yüksək reytinqə malik on qrossmeysterindən ikisinin  ölkəmizin şahmat məktəbinin yetirməsi olması ilə haqlı olacaq qürur duyur. Xüsusi qeyd edə bilərik ki, 2013-cü il yanvarın 1-nə olan vəziyyətə görə dünyanın ən yüksək reytinqli on şahmatçısının siyahısında iki nəfərlə təmsil olunan iki ölkədən biri Azərbaycandır (digəri isə Rusiyadır). Cədvəlin dördüncü pilləsində irəliləyən Teymur Rəcəbovla onuncu mövqedə olan Şəhriyar Məmmədyarovun uğurları hamıya yaxşı məlumdur. Milli komandamızın daha bir üzvü, təəssüf ki, sağlamlıq vəziyyəti ilə əlaqədar xeyli müddətdir ki, yarışlarda çıxış edə bilməyən, amma tezliklə yenidən mübarizə meydanına qayıdacağına böyük ümid etdiyimiz, dünya reytinq cədvəlində 18-ci mövqedə olan Vüqar Həşimov da yüksək nüfuz sahibidir.

Rəcəbov-Məmmədyarov-Həşimov üçlüyünün davamçıları Eltac Səfərli, Qədir Hüseynov, Rauf Məmmədov, Vasif Durarbəyli və Nicat Məmmədov özlərini şahmat aləminə tanıtmağı bacarmışlar. Yaxşı nəticələri ilə diqqəti cəlb etmiş bu şahmatçılardan ibarət Bakının yığma komandası ötən ilin dekabrında Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş şəhərlərin dünya çempionatında da paytaxtımızın idman şərəfini layiqincə qoruyaraq 24 komandanın rəqabətində ikinci yeri tutmuş və Azərbaycana gümüş mükafatla qayıtmışdır.

Qadın şahmatçılarımız Zeynəb və Türkan Məmmədyarova bacıları, Gülnar Məmmədova, Nərgiz Umudova, Xəyalə İsgəndərova, Nərmin Kazımova, Xəyalə Abdulla və onların rəfiqələri də uğurlara aparan yolda ulu öndərdən xeyir-dua almışlar. Bu gün Gülnar dünyanın ən yaxşı 100 qadın şahmatçısının reytinq cədvəlində 94-cü pillədədir, Xəyalə Abdulla, Kazımova və Səbinə İbrahimova isə gənc şahmatçı qızların siyahısında müvafiq surətdə 40-cı, 44-cü və 100-cü yerləri tuturlar.

Müxtəlif illərdə müxtəlif ölkə mütəxəssisləri və icmalçılarının söylədikləri fikirlərdən belə bir ümumi nəticə çıxarmaq olar ki, Azərbaycan əhalisinin sayına görə kiçik bir ölkə olsa da, zəngin şahmat ənənələrinə malikdir və burada məşhur qrossmeysterlər yetişir. Həmişə yüksək mədəniyyəti ilə tanınmış respublikamız öz şahmat nailiyyətləri ilə də diqqət mərkəzindədir  və bunula fəxr edə bilər. Kişilərdən ibarət milli komandamızın 2007-ci ildə Yunanıstanda keçirilmiş Avropa çempionatının bürünc mükafatçısı olması, bundan iki il sonra isə Novi-Sadda (Serbiya) qitə çempionu adını qazanması, dünya çempionatlarında, Ümumdünya olimpiadalarında da özünü ən layiqli rəqiblərdən biri kimi göstərməsi bu fikri bir daha təsdiq edir. Ötən il SOCAR-ın klublararası Avropa çempionatını qızıl medalla başa vurması da çox şeydən xəbər verir. Son iki ildə Həşimov və Məmmədyarov Çin Xalq Respublikasında keçirilmiş  Ümumdünya İntellektual Oyunları proqramında xüsusi yeri olan sürətli şahmatın rapid və blits növləri üzrə turnirlərdən Azərbaycana medallarla qayıtmışlar. Bundan başqa, Rəcəbov və Məmmədyarov 2012-ci ildə Kazanda (Rusiya) iddiaçıların matçlarının iştirakçısı olmuşlar. Şəhriyarın FİDE-nin 2012-2013-cü illər üçün “Qran-Pri” yarışları seriyasından olan London və Daşkənd mərhələlərinin ümumi yekununda turnir cədvəlinin birinci pilləsində irəliləməsi də şahmat ictimaiyyətimizə çox sevinc yaşatmışdır.

Məhz azərbaycanlı qrossmeysterlərin böyük uğurlarının, ölkəmizdə şahmatın inkişafına göstərilən daimi qayğı və diqqətin nəticəsidir ki, Beynəlxalq Şahmat Federasiyası 2015-ci ildə Dünya Kuboku yarışını, bundan bir il sonra isə Ümumdünya Olimpiadasını Bakıda keçirilməyi qərara almışdır.

Bütün əvvəlki illər kimi, 2013-cü il də mötəbər şahmat hadisələri ilə zəngindir. Bu yaxınlarda FİDE avqustun 10-dan sentyabrın 5-dək Norveçin Tromsö şəhərində keçiriləcək Dünya Kuboku uğrunda növbəti yarış iştirakçılarının siyahısını açıqlamışdır. Turnirdə 128 rəqib mübarizə aparacaq. Onların arasında Azərbaycan şahmatının liderləri Rəcəbov, Məmmədyarov, habelə Durarbəyli də vardır. Əgər Teymurla Şəhriyar bu yarışa yüksək reytinqlərinə görə dəvət almışlarsa, Vasif turnirdə çıxış etmək hüququnu Avropa çempionatı -2012-də göstərdiyi uğurlu nəticə sayəsində qazanmışdır. Yeri gəlmişkən, həmvətənlərimiz Norveçdə üç yox, daha çox iştirakçı ilə təmsil oluna bilərlər. Bundan ötrü qarşıdakı mayda Polşada Avropa çempionatında çıxış edəcək şahmatçılarımız lazımi nəticəyə nail olmalıdırlar.

Bu il Məmmədyarov “Qran-Pri”lərdə çıxışlarını davam etdirib Lissabon (17 aprel-1 may) və Berlin (3-17 iyul) turnirlərində də mübarizə aparacaq, Rəcəbov isə Portuqaliya və Almaniya paytaxtları ilə yanaşı, Madrid (22 may-4 iyun ) və Paris (18 sentyabr- 2 oktyabr) mərhələlərində oynayacaq. Burada xatırlatmaq yerinə düşər ki, “Qran-Pri” yarışları altı mərhələdən ibarətdir və onun hər iştirakçısı dörd turnirdə çıxış edir. Hər mərhələnin mükafat fondu 170 min avrodur. Yarışların ümumi yekununda daha çox xal toplayan qrossmeyster “Qran-Pri”nin qalibi olub, dünya şahmat tacı uğrunda iddiaçıların növbəti matçlarında oynamaq hüququ qazanacaq.

Start ayını yaşadığımız 2013-cü ildə Azərbaycan şahmatçılarını həmçinin Polşada Avropa komanda çempionatı (7-18 noyabr,) Yunanıstanda klublararası qitə birinciliyi (19-27 oktyabr), Serbiyada qadınların şəxsi Avropa çempionatı (22 iyul-4 avqust ), Türkiyədə dünya komanda çempionatı (1-11 dekabr) və bir sıra başqa məsul yarışlar gözləyir.

Martın 14-dən aprelin 1-dək Londonda keçiriləcək iddiaçıların matçlarının isə FİDE-nin 2013-cü il təqvimində xüsusi yeri var. İngiltərə paytaxtında Rəcəbov və daha yeddi məşhur qrossmeysterin iştirak edəcəyi bu turnirin qalibi hazırda dünya çempionu  adı daşıyan hindistanlı Vişvanatan Anand ilə şahmat tacı uğrunda matçda oynamaq imkanı qazanacaq.

Bütün bu yarışlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünü ulu öndərə böyük hörmət və dərin ehtiramla qeyd edəcəyimiz ilə təsadüf edəcəkdir. Respublikamıza rəhbərlik etdiyi uzun illər ərzində Azərbaycanda idmanın, o cümlədən şahmatın inkişafında və bügünkü nailiyyətlərində böyük xidmətləri olmuş ümummilli liderin yaratdığı möhkəm təməl bu növün nümayəndələrindən yeni-yeni uğurlar gözləməyimizə ciddi əsas verir.

 

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında