İdman xəbərləri

"Qarabağ"ın qələbə marşı

{nl}

Sonuncu milli çempionatımızın bürünc mükafatçısı Ağdamın "Qarabağ" klubu yeni mövsümdə Avropa Liqası yarışlarının birinci təsnifat mərhələsinə əsl qələbə marşı ilə başlamışdır. Azərbaycan futbolçularının Makedoniyanın "Metallurq" (Skopye) komandası ilə görüşdə 4:1 hesabı ilə qələbəsi iki oyunun yekununda bu turnir çərçivəsində ilk rəqibin öhdəsindən gəlmək üçün Qurban Qurbanovun yetirmələrinə arzuladığımızdan da yaxşı zəmin yaratmışdır.
Görüş başa çatdıqdan sonra Tofiq Bəhramov adına Respublika stadionunun meydançasını azarkeşlərin alqışları altında tərk edən "Qarabağ"ın çox inamlı qələbəsi bir də ona görə ikiqat qiymətlidir ki, ağdamlıların alban müdafiəçisi Admir Teli 53-cü dəqiqədə kobud oyuna görə meydançadan çıxarıldıqdan sonra komanda 37 dəqiqə ərzində sayca azlıqda oynamalı oldu. Buna qədər həmyerlilərimiz Rəşad Sadıqovun dəqiq yerinə yetirdiyi 11 metrlik cərimə zərbəsi və Əfran İsmayılovun qolu ilə hesabda iki top üstünlüklə irəli çıxmışdılar - 2:0.
"Qarabağ"ın ikinci hissədə on nəfərlə oynayarkən daha iki dəfə qonaqları məyus etməsi isə Azərbaycan klubunun qələbəsinin əhəmiyyətini ikiqat artırdı. Görüşün sonuna yaxın Emin İmaməliyevin və Georgi Adamiyanın həlledici anda soyuqqanlı və dəqiq oyunu komandamızın hesabda üstünlüyünü dörd topa çatdırdı. "Metallurq"un son saniyələrdə vurduğu top isə qonaqlar üçün zəif təsəlli idi.
Bir il əvvəl Avropa Liqasında pərəstişkarlarına çoxlu sevinc bəxş edib, mübarizəni yalnız qrup mərhələsinin astanasında dayandıran "Qarabağ" yenə Liqada yoluna davam etmək əzmindədir. Ağdam klubu ikinci təsnifat mərhələsinin qapısını artıq xeyli aralamışdır və iyulun 8-də Makedoniya paytaxtında cavab görüşündən sonra onu taybatay açmaq üçün gözəl imkana malikdir.

{nl}

"Xəzər-Lənkəran" da məqsədə yaxındır
Futbol ictimaiyyətimiz Avroliqada digər təmsilçimiz "Xəzər-Lənkəran"ı da ikinci təsnifat mərhələsində görməyə ümid etməkdə tamamilə haqlıdır. Lənkəran klubu birinci təsnifat mərhələsinin ilk görüşündə Kişinyovda (Moldova) yerli "Olimpiya"nın qapısına yol tapa bilməsə də, öz qapısından da top buraxmayaraq, səfərdə sərfəli nəticəyə nail olmuşdur - 0:0.
Bu hesab "Xəzər-Lənkəran"ın "doğma divarlar" arasında keçirəcəyi cavab matçında Ağasəlim Mircavadovun komandasına meydançaya daha yaxşı əhval-ruhiyyə ilə çıxıb ikinci mərhələyə vəsiqə qazanmaqda kömək etməlidir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında