Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 15-də keçirilmiş Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısı tarixdə ilk dəfə təşkil ediləcək Avropa Olimpiya Oyunlarının keçirilməsi hüququnun Bakiya verilməsi məsələsi üzərində də ətraflı dayanmışdır.
Avropa Olimpiya Komitəsinin (AOK) Baş Məclisi birinci Avropa Olimpiya Oyunlarının 2015-ci ildə Azərbaycan paytaxtında keçirilməsi haqqında qərar çıxarmaqla ölkəmizə yüksək etimad göstərmişdir. Hazırlığı böyük zəhmət, qarşıda duran işlərə əsl peşəkar münasibət, yüksək təşkilatçılıq bacarığı, zəruri maddi imkanlar tələb edən bu mötəbər yarışların AOK rəsmilərinin ümüdlərini tam doğruldub idmanımızın tarixində, Avropa Olimpiya Hərəkatında özünə layiqli yer edəcəyinə şübhə yoxdur.
Bu barədə qəti fikir söyləməyə ciddi əsas vardır. Paytaxtımız ötən illərdə idmanın ayrı-ayrı növləri üzrə dünya və Avropa çempionatlarını, Dünya kuboku yarlışlarını, Olimpiya təsnifat turnirlərini, “Qran-Pri”ləri, digər mötəbər beynəlxalq startları ən yüksək səviyyədə təşkil etmiş və bu yarışların iştirakçısı olmuş güləşçilər, boksçular, taekvondoçular, voleybolçular, şahmatçılar və digər növlərin nümayəndələri, eləcə də beynəlxalq federasiyaların rəhbərləri respublikamızdan vətənlərinə zəngin təəsüratla qayıtmışlar. Ötən ilin payızında Bakı və Lənkəranda keçirilmiş 17 yaşadək qadınlardan ibarət komandalar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin də xarici qonaqlara neçə güclü təsir bağışladığı, çempionatın iştirakçısı olmuş bütün 16 kollektivin respublikamızda onlara göstərilən qonaqpərvərlikdən, yarışların yüksək səviyyədə təşkilindən böyük zövq aldığı dünya idman ictimayyətinə yaxşı məlumdur. Bu çempionatın Azərbaycanda keçirilməsi ölkəmizdə futbolun inkişafına yeni təkan verəcək, xüsusən də qadın və qızlar arasında ona marağı daha da artıracaqdır.
Doğrudur, idmanın on beşə qədər növünü özündə birləşdirən Avropa Olimpiya Oyunları ilə ayrı-ayrı növlər üzrə çempionatların təşkili arasında böyük fərq var. Lakin təcrübə göstərir ki, Azərbaycanın idman təşkilatları komleks yarışları da yüksək səviyyədə keçirə bilərlər. Onların bu vəzifəni də layiqincə yerinə yetirmək üçün kifayət qədər bacarığı, səriştəsi və imkanı vardır.
Birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi haqqında Avropa Olimpiya Komitəsi Baş Məclisinin qərarını ayrı-ayrı ölkələrin dövlət başçıları, beynəlxalq federasiyaların rəhbərləri də ölkəmizə və idmanımıza böyük rəğbətlə, məhəbbətlə qarşılamışlar. Ötən ilin dekabrında Bakının qonağı olmuş Ukrayna Prezidenti Viktor Yanukoviç Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü zamanı demişdir: “...Əlbəttə, mən çox şadam ki, Azərbaycan birinci Avropa Olimpiya Oyunlarını keçirən ölkə olacaqdır”.
Elə həmin günlərdə paytaxtımızın digər qonağı - Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayan da “Abşeron” mehmanxanasında 88 ölkədən 200-dək nümayəndənin iştirakı ilə keçirilən federasiyanın növbəti konqresində 2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının Azərbaycanda təşkil olunması ilə bağlı qərarın qəbul edilməsinə görə xalqımızı təbrik etmiş, idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları nailiyyətləri yüksək qiymətləndirmişdir.
Bakının, ölkəmizin ən yüksək vəzifələri də layiqincə həll etmək gücündə olmasına böyük inam isə Azərbaycan iqtisadiyyatının sürətli inkişafına əsaslanır. Portuqaliya mətbuatı ötən il sentyabrın 11-də futbol üzrə dünya çempionatının seçmə yarışları çərçivəsində bu ölkənin milli komandasının Azərbaycana qarşı görüşü ərəfəsində rəqiblərin oyun səviyyəsini onların təmsil etdikləri ölkələrin iqtisadiyyatı ilə müqayisə etmişdi. O zaman “A Bola” qəzeti yazmışdı ki, Portuqaliya futbolda nə qədər irəlidədirsə, Azərbaycan da iqtisdiyyatda bir o qədər öndədir". Bax belə, qitəmizdə Azərbaycanın birinci Avropa Olimpiya Oyunlarını öz adına layiq, yüksək səviyyədə keçirəcəyinə inam böyükdür.
Elə Prezident İlham Əliyev də Nazirlər Kabinetinin yuxarıda xatırlatdığmız iclasında bu barədə qətiyyətlə demişdir: “Bu ildən biz Avropa Olimpiya Oyunlarına hazırlıq işlərinə də başlamalıyıq. Keçən ilin sonunda Avropa Olimpiya Komitəsinin Baş Məclisində birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edilmişdir. Mən bu məsələ ilə bağlı Azərbaycan xalqını təbrik etmişəm, Azərbaycan xalqına müraciət etmişəm. Çünki hesab edirəm ki, bu çox ciddi hadisədir. Bu, eyni zamanda, Azərbaycanda son illər ərzində görülən işlərin təzahürüdür, beynəlaxaq imicimizin yüksək səviyyədə olmasının əlamətidir. Azərbaycanın iqtisadi və siyasi cəhətdən sabit ölkə kimi tanınmasının nəticəsidir. Böyük məsuluyyətdir, böyük şərəfdir və böyük etimaddır. Mən heç də şübhə etmirəm ki, biz bu məsuliyyəti şərəflə hiss edərək lazım olan bütün tədbirləri görəcəyik və Avropa Olimpiya Oyunlarını ən yüksək səviyyədə, yəni, Beynəlaxaq Olimpiya Oyunları səviyyəsində keçirəcəyik...”
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.