“İdman ili”ndə Olimpiya çempionu və Azərbaycanın ən yaxşı idmançısı

...11 avqust 2012-ci il. Bakı vaxtı ilə gecəyarısıdır.

...11 avqust 2012-ci il. Bakı vaxtı ilə gecəyarısıdır. Demək olar, bütün Azərbaycan televizor ekranları qarşısındadır. Sərbəst üsulla güləşən, 20 yaşlı Toğrul Əsgərov 60 kq çəki dərəcəsində dörd dəfə dünya çempionu rusiyalı Besik Kuduxovla final görüşündə yüksək ustalıq nümayiş etdirərək, rəqibinə heç bir ümid yeri qoymayıb London XXX Yay Olimpiya Oyunlarında vətənimizə ilk qızıl medal qazandırır. Səbirsizliklə gözlənilən bu tarixi qələbə ölkəmizdə hər bir evə hədsiz sevinc gətirir, hamı qalib həmvətənimizin Olimpiya qızılından böyük qürur

duyur.

Toğrulun bu hünərinin Azərbaycan idmanı üçün çox əlamətdar bir ilə təsadüf etməsi isə fərəhimizi ikiqat artırdı. İlin əvvəlində, yanvarda Prezident İlham Əliyevin 2012-ci ilin Azərbaycan Respublikasında “İdman ili” elan olunması haqqında imzaladığı sərəncam idman ictimaiyyətimizin ürəyindən olmuşdu. Gənc güləşçinin, eləcə də onun Olimpiya yığma komandasından olan dostlarının İngiltərə paytaxtında qazandıqları 10 medal, o cümlədən 2 qızıl mükafat “İdman ili”ndə, həmçinin Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılmasının iyirminci ildönümundə xalqımıza əvəzsiz töhfə oldu.

Olimpiya çempionumuzun 2012-cil ilin ən yaxşı 20 idmançısını  müəyyənləşdirmək üçün Gənclər və İdman Nazirliyinin keçirdiyi sorğu nəticəsində siyahıya başçılıq etməsi də qürurverici məqamdır. Bir sözlə, yola saldığımız il istedadlı güləşçinın gənc həyatında unudulmaz ildir. O,  Olimpiyadanın qəhrəmanlarından biri olmaqla, həm özünü bütün dünyaya tanıtmış, həm də gündən - günə çiçəklənən və möhkəmlənən Azərbaycan Respublikasının bir idman ölkəsi kimi nüfuzu daha da artırmışdır.

Bu günlər Toğrul Əsgərov xalqımıza, idman ictimaiyyətimizə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ən xoş arzularını bildirərkən təbii ki, özü də dost-tanışlarından, azarkeşlərdən, mütəxəssislərdən təbrikləri qəbul edir, 2013-cü ilə böyük ümidlərlə qədəm qoyur. Yeni ildə isə onu bir çox mötəbər yarış, fevralda Ankarada Yaşar Doğunun xatirəsinə həsr ediləcək beynəlxalq turnir, martda Tbilisidə Avropa çempionatı, sentyabrda Budapeştdə dünya çempionatı gözləyir.

Toğrul bu yaxınlarda həmkarlarımıza gələcək planları haqqında danışarkən demişdir: — İndi mən 66 kq çəki dərəcəsində çıxış edəcəyəm. Bu çəkidə xeyli ciddi rəqib var. Ancaq mən yeni çəkidə lider olmaq üçün əlimdən gələni edəcəyəm. Başlıca məqsədim dünya çempionu olmaqdır. Olimpiya qələbəmə gəldikcə, onu unutmayacağam, amma hesab edirəm ki, bu qələbə artıq arxada qalıb...

Göründüyü kimi, bu gün dünya sərbəst güləşində ən məşhur simalardan biri, Olimpiya çempionu, 2012-ci ildə Azərbaycanın ən yaxşı idmançısı, eyni zamanda, Milli Güləş Federasiyasının arxada qalan ildə ölkənin ən güclü sərbəst üsulla  güləşəni hesab etdiyi Toğrul Əsgərov əldə olunmuş uğurlarla kifayətlənmək fikrində deyil, əksinə, medallar kolleksiyasını daha da zənginləşdirmək arzusu ilə yaşayır. Bu məqsədə də nail olacağına isə şübhə etməmək olar.


“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında