“İdmana qayğı sağlam gələcəyə qayğıdır”

Xətai Rayon İcra Hakimiyyətinın “İdman ili”nin yekunları və bu sahədə əldə edilmiş nailiyyətlərə həsr olunmuş tədbiri bayram ruhu ilə düzənlənmişdi.

Xətai Rayon İcra Hakimiyyətinın “İdman ili”nin yekunları və bu sahədə əldə edilmiş nailiyyətlərə həsr olunmuş tədbiri bayram ruhu ilə düzənlənmişdi. Respublikanın və Xətai rayon idman ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbiri rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov açaraq bildirdi ki, Respublika Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə  “İdman ili” elan etdiyi 2012-ci il həqiqətən müstəqillik tariximizə böyük nailiyyətlər və qələbələrlə yazıldı.

İdmanımızın inkişaf tarixində yeni mərhələnin başlanğıcı olan bu ildə Azərbaycan olmpiyaçıları London Olimpiadasında rekord sayda -2 qızıl, 2 gümüş və 6 bürünc medal qazanmışlar. 

Son illər bu sahədə əldə edilmiş nailiyyətlərin təhlili göstərir ki, hər növbəti Olimpiadada idmançılarımızın qazandığı medalların sayı və Azərbaycan olimpiya yığması üzvlərinin sayı ilə yanaşı, respublika idmançılarının bu oyunlarda ən güclü rəqib adına iddia etdikləri idman növlərinin də sayı artır. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan Prezidenti həyatımızın digər sahələri kimi, idmana və xüsusilə Olimpiya hərəkatına da xüsusi diqqət və qayğı ilə yanaşır.

Natiq daha sonra bildirdi ki, məhz bu il 17 yaşlı qızlar arasında Futbol üzrə dünya çempionatının Azərbaycanda təşkil edilməsi, güləş, boks, avarçəkmə, cüdo və digər ənənəvi idman növləri üzrə çoxsaylı beynəlxalq turnirlərin yüksək səviyyədə keçirilməsi, sözün əsl mənasında, ölkəmizi dünyanın idman mərkəzlərindən birinə çevirmişdir.

Rayon icra hakimiyyətinin başçısı bildirdi ki,  2015-ci ildə şahmat üzrə Dünya Kuboku, 2016-cı ildə isə Şahmat Olimpiadasının Bakıda keçirilməsinin ardınca, 2015-ci ildə Avropa Olimpiya Oyunlarının da ilk dəfə olaraq ölkəmizdə keçiriləcəyi xəbəri respublikamızın beynəlxalq aləmdə necə böyük nüfuza malik olduğunu göstərir.

Natiq “İdman ili” çərçivəsində rəhbərlik etdiyi Xətai rayonunda da idmanın bir çox  sahələrinin inkişafı üçün kompleks işlər görüldüyünü diqqətə çatdırdı və qeyd etdi ki, bunun nəticəsi olaraq məhz bu il Xətai rayonunun məktəbliləri Bakı şəhər məktəblilərinin 24-cü spartakiadasının qalibi olmuş, bir çox idmançılarımız beynəlxalq yarışlardan yüksək əyarlı medallarla qayıtmışlar.

Mərasimdə çıxış edən Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov da son 20 ilə yaxın bir müddətdə idman sahəsində qazanılan saysız-hesabsız uğurlarda Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyevin müstəsna xidmətləri olduğunu vurğuladı. Natiq qeyd etdi ki, respublikanın bütün bölgələrində tikilən ən müasir idman qurğuları, idmançıların sosial məişət şəraitinə göstərilən diqqət və qayğı qazanılan uğurlarda çox əhəmiyyətli rol oynamışdır. Natiq çıxışının sonunda idmançılara yeni-yeni uğurlar arzulayaraq bildirdi ki, Azərbaycanın üçrəngli bayrağını mötəbər beynəlxalq yarışlarda yüksəklərə qaldıran hər bir idmançı ölkəmizin müstəqillik salnaməsinə yeni şərəfli bir səhifə yazır. Bu, bütün xalqımıza qürur verir.

Tədbirdə daha sonra London Olimpiadasında “Qızıl fit” mükafatı almış hakim Hicran Şərifov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və digər şəxslər çıxış edərək, Xətai rayonunda idmana göstərilən diqqət və qayğıdan danışdılar. Çıxışlarda belə bir fikir də xüsusi vurğulandı ki, idmana göstərilən qayğı sağlam gələcəyimizin yetişməsinə göstərilən qayğıdır. Sonra Bakı şəhər məktəblilərinin 24-cü spartakiadasının qalibləri, beynəlxalq turnirlərdə fərqlənmiş rayon idmançıları və onların məşqçiləri mükafatlandırıldılar.

Tədbir incəsənət ustalarının hazırladığı konsert proqramı ilə davam etdi.

İlqar RÜSTƏMOV,
Rafiq SALMANOV (foto),
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında