İyun ayının 11-dən bu günədək dünya futbol aləminə qərq olub. İlk dəfə olaraq Afrika kontinentində futbol üzrə dünya çempionatı keçirilir. Maraqlıdır, nəyə görə futbol çempionatı bu qədər populyardır və bu möhtəşəm çempionatdan kim nə qədər və daha çox qazanır?
Ümumiyyətlə, Yay Olimpiya Oyunlarından sonra futbol üzrə dünya çempionatları reytinq cədvəlində ikinci yerdə dayanır və milyonlarla azarkeş televizor qarşısında 32 ölkənin komandalarının mübarizələrini izləyir. "Mavi ekran" vasitəsilə sevimli komandasını izləməyə hövsələsi olmayan azarkeş isə bir neçə min dollarından keçərək çempionat keçirilən ölkəyə yollanır.
Təbii ki, mundial- daha çox azarkeşi və kapitalı birləşdirən əsas idman hadisələrdən biridir. Hamı düşünür ki, belə bir tədbirdən böyük pul qazanmaq olar. O qədər də varlı olmayan Cənubi Afrika Respublikası (CAR) da gəlir əldə etmək baxımından çempionata ümidlə baxır. Amma mütəxəssislər deyirlər ki, dünya çempionatını qəbul etmiş digər ölkələrdən fərqli olaraq CAR planlaşdırdığı gəliri əldə edə bilməyəcək. Belə ehtimal edilir ki, möhtəşəm turnirin keçirilməsinin iqtisadi effekti aparteidə yenicə qalib gəlmiş və əhalisinin 25 faizinin işsiz olduğu ölkə üçün gözlənildiyi kimi olmayacaq.
Bununla belə, dünya çempionatı CAR-ın kasıb təbəqəsi üçün pul qazanmaq imkanı yaratdı. Son statistik məlumatlara görə, çempionat ölkə iqtisadiyyatını hiss ediləcək dərəcə də canlandırıb. Agentliklər də məlumat verir ki, ölkənin mağaza sahibləri futbol formalarının satışından yaxşı gəlir götürürlər. Məşqçilərin və futbolçuların, o cümlədən azarkeşlərin zəhləsini tökən vuvuzel tütəyinin satışı da yerli sahibkarları sevindirir. Bundan başqa, stadionlar futbola baxmağa gələnlərin hamısını qəbul edə bilmir. Buna görə də, bütün dünyada plaşma və mayekristal televizorların satışında partlayış müşahidə olunur. CAR-da da eyni mənzərə müşahidə edilir. Məlumat verilir ki, ölkədə daha çox 92 və 102 santimetr diaqonallı televizorlar alınır. Televizorları təkcə fiziki şəxslər yox, bar və restoranlar, o cümlədən otellər də həvəslə əldə edirlər. Ucuz televizorların da yaxşı satıldığı vurğulanır.
CAR iqtisadiyyatı cari ilin ilk rübündə 4,6 faiz artıb və proqnozlara görə, mundialın iqtisadi effekti ümumilikdə ölkənin illik ÜDM-ə təqribən 2,3 faiz artım əlavə edəcək. Amma bu artım ötən çempionatlarla müqayisədə azdır. Məsələn, Yaponiya və Cənubi Koreyada keçirilmiş çempionat ÜDM-yə əlavə 10 faiz artım gətirmişdi. Yaxşı gəlir götürmək əvəzinə CAR-ın büdcəsi 5,3 milyard dollar "əridi". Belə ki, ölkədə yeni stadionların və müvafiq infrastrukturun yaradılması, o cümlədən təhlükəsizliyin təmin edilməsi üçün bu qədər vəsait xərcləndi. Bununla belə, CAR-ın illik büdcəsi təqribən 500 milyard dollar təşkil edir və 2,3 faiz artım 11 milyard dollara bərabərdir. Lakin qeyd etmək yerinə düşərdi ki, 5,6 milyard dolların 1,1 milyard dollarını FİFA üzərinə götürmüşdü. Odur ki, CAR hökuməti çempionatın təşkilatı işlərinə daha az- 4,5 milyard dollar xərclədi. Ümumi götürdükdə demək olar ki, 500 milyard dollarlıq büdcəyə malik ölkə üçün 6,6 milyard dollar gəlir əldə etmək iqtitsadi effekt baxımından prinsipial əhəmiyyət daşımır.
Ümumiyyətlə, mütəxəssislər deyirlər ki, futbol üzrə dünya çempionatının iqtisadi effektini qiymətləndirmək çətindir. Qaydalara görə, reklamlardan və müqavilələrdən əldə edilən gəlir FİFA-nın büdcəsinə gedir. Doğrudur, sonradan təşkilatçı ölkəyə pul köçürülür. FİFA-nın baş katibi Cerom Valkenin sözlərinə görə, translasiya və reklamlardan təqribən 3,3 milyard dollar gəlir götürülməsi planlaşdırılır ki, bu məbləğin də üçdə bir hissəsi də CAR-a veriləcək. Göründüyü kimi, böyük ölkə üçün o qədər də böyük pul deyil. Amma istənilən halda çempionat təşkilatçı ölkənin istər iqtisadi, istərsə də siyasi həyatına müsbət təsir göstərir. Ölkənin reklamı baxımından isə dünya çempionatından yaxşı tədbir ancaq Yay Olimpiya Oyunları ola bilər.
Təbii ki, çempionat təkcə FİFA və CAR-a gəlir gətirmir. Digər ölkələr də yaxşı qazanmaq imkanı əldə edir. Mütəxəssislər deyirlər ki, ənənəvi olaraq çempionatın qalib ölkəsi xalqın səfərbərliyi və yaxşı əhval-ruhiyyədə olması sayəsində ilin yekunlarına görə ÜDM-ə 1 faiz artım əlavə etməyə imkan tapır. Belə bir dəyərləndirməni Hollandiyanın məşhur "ABN Ambro" bankı aparır. Məhz buna görədir ki, ispanlar, argentinalılar və braziliyalılar qələbəyə belə ümid edirlər. Doğrudur, hər şey heç də birmənalı şəkildə yaxşı deyil. Mundialın finalında məğlubiyyət ÜDM-nin təqribən 0,3 faiz azalmasına səbəb olur. Bununla bağlı "ABN Ambro" bankı Avropa Birliyinin güclü ölkəsi olan Almaniyanın qələbəsinə ümid edir. Hollandlar düşünürlər ki, almanların qələbəsi hamıya sərfəlidir.
Avropada və digər ölkələrdə də turist şirkətləri və sığortaçılar da gəlirdən uzaq düşməyiblər. Dünyanın məşhur "Lloyd's of London" şirkətinin hesablamalarına görə, sığortaçılar turistlərdən 7,4 milyard avro qazanıblar. Təbii ki, futbolçular da kənarda qalmayacaqlar. FİFA-nın mükafat fondu bu il 420 milyon dollar təşkil edir. 2006-cı illə müqayisədə bu ilki mükafatı159 milyon dollar çoxdur. Qalib gəlmiş ölkənin komandası 30 milyon dollar mükafat alacaq. 2006-cı il çempionatının qalibi İtaliya yığmasına 19,3 milyon dollar verilmişdi. Finala çıxmış ölkəyə 24 milyon dollar, üçüncü yeri tutmuş ölkəyə 20 milyon dollar, dördüncü yerə çıxmış ölkəyəsə 18 milyon dollar təqdim ediləcək. 5-ci yerdən 8-ci yerədək çıxmış ölkələrə 14 milyon dollar, pley-off mərhələsinə çatmış ölkəyəsə 9 milyon dollar mükafat ayrılacaq. Qrupdan çıxa bilməyən ölkələrin hər birinə 8,32 milyon dollar veriləcək. Dünya çempionatında iştirak edən milli federasiyalar milli komandalara çəkilən xərclərin müqabilində 1 milyon dollar kompensasiya ödəniləcək. Oyunçusunu dünya çempionatına göndərmiş klublarsa hər iştirak gününə 1600 dollar alacaq. Bəzi futbol federasiyaları da milli komandaların futbolçularına mükafatlar verəcək. Belə ki, qalib gəldikləri halda ispanlar adambaşına 550 min avro,ingilislər 450 min avro, braziliyalı və fransızlar 300 min avro, almanlarsa 250 min avro alacaqlar.{nl}
Mahir QABİLOĞLU, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.