Avropa Olimpiya Komitəsinin Baş Assambleyası tarixdə ilk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul edib

Bu gün Romada keçirilən Avropa Olimpiya Komitəsi 41-ci Baş Assambleyasında tarixdə ilk dəfə olaraq Avropa Oyunlarının keçirilməsi barədə qərar qəbul olunub.

Bu gün Romada keçirilən Avropa Olimpiya Komitəsi 41-ci Baş Assambleyasında tarixdə ilk dəfə olaraq Avropa Oyunlarının keçirilməsi barədə qərar qəbul olunub.

APA-nın məlumatına görə, Assambleyada ölkəmizi gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, AFFA-nın baş katibi Elxan Məmmədov, Gənclər və İdman Nazirliyinin beynəlxalq münasibətlər departamentinin direktoru İlham Mədətov, MOK-un beynəlxalq münasibətlər departamentinin direktoru Könül Nurullayeva və Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev təmsil ediblər.

Baş Assambleyanın ikinci iş günü Bakı şəhəri və şəhərin idman qurğuları barədə təqdimatla başlayıb. Çıxış edən Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Xikkey bu oyunların keçirilməsi ideyasının tarixindən danışıb və Avropa Oyunlarının Bakıda keçirilməsini dəstəkləyib. Paytaxtımızın əldə etdiyi uğurları, inkişafı barədə danışan AOK prezidenti şəhərə ayaq basan hər kəsin bunun şahidi olduğunu deyib. AOK prezidentinin müşaviri Endrü Qreq Avropa Oyunlarının konsepsiyası haqqında danışıb. Daha sonra çıxış edən AOK prezidentinin xüsusi nümayəndəsi Pirs Okalaqan Azərbaycan tərəfi və federasiyalarla Bakının bu oyunları qəbul etməyə hazır olması barədə aparılmış danışıqlar barədə məlumat verib.

AOK təmsilçilərinin çıxışlarından sonra söz Azərbaycan tərəfə verilib. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə öz çıxışında Bakının Avropa Oyunlarını keçirməkdə nə qədər istəkli olduğu, gənclərin, şəhər əhalisinin bu xəbəri nə qədər şövqlə qarşıladığı barədə danışıb. O həmçinin qeyd edib ki, hökumət və ictimai strukturlar, Azərbaycanın idman federasiyaları  bugünkü qərarı gözləyirlər: “Bu, Avropa Olimpiya Hərəkatı tarixində tarixi andır”.

MOK-un beynəlxalq münasibətlər departamentinin direktoru Könül Nurullayeva iştirakçılara ölkəmizin iqtisadi, siyasi stabilliyi və inkişafı, Bakının bütün dünyada olan turistlər üçün yeni istiqamətə çevrilməsi barədə məlumat verib. Xanım Nurullayeva əhalinin tolerantlığı, tarixdən bu günümüzə qədər iqtisadi və mədəni yolların necə kəsişməsi barədə da danışıb.

Təqdimat mərasimində çıxış edən AFFA prezidenti Elxan Məmmədov şəhərin idman infrastrukturu, Bakıda keçirilmiş beynəlxalq idman turnirləri, yarışlar barədə iştirakçıları məlumatlandırıb.

Təqdimatın sonunda Azərbaycan hökuməti adından çıxış edən gənclər və idman naziri Azad Rəhimov Azərbaycan hökuməti adından siyasi və maliyyə qarantiyaları, həmçinin iştirakçıların təhlükəsizliyinin təmin olunması, Avropa Oyunlarının keçirilməsi üçün idman infrastrukturunun tam hazır olması barədə qarantiyalar verib.  Nazirin çıxışından sonra Bakı şəhərinin tarixinə, idman və mədəni infrastrukturuna həsr olunmuş film nümayiş olunub.

Çıxışlardan sonra gizli səsvermə keçirilib. Səsvermə nəticəsində Avropa Olimpiya Komitəsinin Baş Assambleyası tarixdə ilk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul edib. Səsvermədə iştirak etmiş 48 iştirakçıdan 38-i qərarın lehinə, 8-i əleyhinə səs verib, 2 nəfər bitərəf qalıb. Ermənistan nümayəndələri səsvermədə iştirakdan imtina ediblər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında