Londona yola düşməzdən təxminən ay yarım əvvəl, dəqiq desək, iyunun 10-da Emin Əhmədovun 26 yaşı tamam olmuşdu. İş elə gətirdiyindən idman həyatında ən ağır sınaqla da elə bu şəhərdə üzləşəcəkdi. Olimpiada - 2012 onun indiyə kimi iştirakçısı olduğu bütün yarışları öz mötəbərliyinə görə tamamilə kölgədə qoyurdu. Buna baxmayaraq, təcrübəsi az olsa da, Emin olimpiya xalçası üzərində böyük hünər göstərib, çoxlarını, o cümlədən onun qüvvəsinə inanmayanları təəccübləndirməyi bacardı. Əzmkarlığına görə mükafatı isə XXX Yay Olimpiya Oyunlarının bürünc medalı oldu.
Olimpiadanın yunan-Roma güləşi turnirinə Azərbaycanın beş təmsilçisi lisenziya qazanmışdı. Onlardan ikisi öz çətin işini daha mükəmməl yerinə yetirdi. Lakin əgər gümüş mükafatçı Rövşən Bayramovun (55 kq) Pekin - 2008-dəki kimi, İngiltərə paytaxtında da fəxri kürsüyə yüksələcəyi əvvəlcədən proqnozlaşdırılırdısa, Emin Əhmədovun 74 kq çəki dərəcəsində öz çıxışlarını bürünc medalla başa vuracağını söyləməyə heç kim ürək etməzdi. O isə hamımızı olimpiya medalı ilə sevindirdi. Bununla da sübut etdi ki, həyat kimi gözlənilməz hadisələrlə zəngin olan heyrətamiz idman aləmi rəqiblərin ad-sanından, təcrübəsindən çəkinməyib, qarşılarına qoyduqları məqsədə can atan möhkəm iradəli insanların meydanıdır. Bu meydanda qazanılan hər hansı bir medal isə idmançıya da, təmsil etdiyi ölkəyə də böyük şan-şöhrət qazandırır.
Bu barədə "klassiklərimizin" yığma komandasının baş məşqçisi Saleh Bora Olimpiada günlərində çox yaxşı demişdi: - Elə ölkələr var ki, bir olimpiya mükafatını böyük nailiyyət kimi göylərə qaldırırlar. Azərbaycan isə təkcə yunan-Roma güləşində bir gümüş və bir bürünc medal qazanmışdır. Emin Əhmədov məni sevindirdi. Onun ilk böyük yarışında medal qazanması bizim üçün gözlənilməz oldu. Əhsən, Emin! O, özünü itirmədi və üçüncü oldu.
Bəs olimpiya "bürüncü" necə qazanıldı? Bu uğurun təməli hələ London sınaqlarına üç ay qalmış, apreldə Çin Xalq Respublikasının Tayuan şəhərində qoyulmuşdu. Burada dünya olimpiya təsnifat turniri keçirilirdi. Məsul yarışı yaxşı hazırlıq səviyyəsində qarşılayan Əhmədov bütün rəqiblərini məğlubiyyətlə barışmağa məcbur edib Olimpiadaya vəsiqə qazandı.
Lakin Emin qarşısında duran vəzifənin hələlik yalnız yarısının öhdəsindən gəlmişdi. İrəlidə onu daha kəskin rəqabət gözlədiyini yaxşı bilən güləşçimiz olimpiya xalçası üzərində keçirəcəyi görüşlərə qədər ustalığını bir qədər də artırmaq, Londonda daha fəal mübarizə dəst-xətti ilə rəqiblərinə çətin anlar yaşatmaq üçün məşğələlərdə yorulmadan çalışdı, fəndləri dərindən öyrəndi və həyatında ən məsul yarışdan bürünc medalla ayrıldı.
İdman ictimaiyyətimizin böyük sevincinə səbəb olan bu nailiyyət Olimpiadanın doqquzuncu gününə təsadüf etdi. Azərbaycan güləş məktəbi yetirməsinin möhkəm iradəsi və yenilməz qələbə əzmi ilə yadda qalmış həmin günü bir daha məmnuniyyətlə xatırlayaq.
Səkkizdəbir final (püşkün nəticəsinə görə Emin dördilliyin ən mötəbər yarışına bu mərhələdən başladı). Əhmədov - xorvatiyalı Neven Zuqaj. Təmsilçimiz elə bir çətinlik çəkmədən hər iki hissədə qalib gələrək növbəti mərhələyə çıxır. Dörddəbir final. Bu dəfə rəqib daha güclüdür. Gürcüstanlı Zurab Datunaşvili ilə görüşdə qələbə qazanacaq tərəf yarımfinalın qapısını öz üzünə açacaq. Birinci hissədə uğursuzluq güləşçimizin pərəstişkarlarını bir qədər narahat etsə də, hər şey yaxşı qurtardı. Emin ruhdan düşməyib ikinci hissədən qalib ayrıldı, üçüncü hissədə isə mübarizənin taleyini öz xeyrinə həll etdi. Düzdür, Əhmədov yarımfinalda "büdrədi", ancaq Olimpiadanın mükafatçısı olmaq imkanı hələ tükənməmişdi. Bunun üçün son görüşdə - bürünc medal uğrunda mübarizədə belaruslu Aleksandr Kikinyova qalib gəlmək lazım idi. Belə də oldu, fəxri kürsünün üçüncü pilləsinə medal "döyüşündə" daha üstün ustalığı ilə fərqlənən Azərbaycan güləşçisi yüksəldi. Bürünc medalın Emin Əhmədova necə böyük sevinc gətirdiyini isə bu gün bir daha təsvir etməyə ehtiyac yoxdur. O, çox çətin rəqabətdə medal qazanmaqla həm bir andaca bütün idman aləmində özünü məşhurlaşdırmış, həm də sevimli vətəni Azərbaycanı ləyaqətlə təmsil etmiş, onun idman, Olimpiya Hərəkatı tarixinə parlaq bir səhifə yazmışdı.
"Bürünc" uğrunda həlledici görüşdən sonra isə Emin onu təbrik etməyə tələsən jurnalist həmvətənlərinə belə demişdi: - Üçüncü yer uğrunda görüşdəki rəqibim belaruslu güləşçiyə lisenziya turnirinin finalında qalib gəlmişdim. O zaman tam üstünlüklə qələbə qazanmışdım, indi isə çox tər tökməli oldum. Bürünc medal mənim üçün super nailiyyətdir, axı mənə heç kim inanmırdı. Ancaq indi Azərbaycan güləşində yeni sima var.
Burada onu da xatırladaq ki, həmin gün 55 və 74 kq çəki dərəcələrində yarışlar başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev yunan-Roma güləşi üzrə yığma komandamızın baş məşqçisi Saleh Bora ilə görüşmüş, idmançılarımızın uğurlarını yüksək qiymətləndirmiş, baş məşqçidən uğurlu çıxışlarına görə Rövşən Bayramova və Emin Əhmədova da təbriklərini çatdırmağı xahiş etmişdir.
Emin Əhmədov "İndi Azərbaycan güləşində yeni sima var" deməkdə haqlıdır. Onda özünə bu inamı olimpiya medalı yaratmışdır. Bürünc mükafata nə qədər sevinsə də, yarımfinalda uduzub finala çıxa bilməməsinə də, yəqin ki, çox təəssüflənmişdir. Bunu isə belə məsul yarışlarda ilk dəfə çıxış etməsi və olimpiyaçı rəqiblərə qarşı görüşlər təcrübəsinin olmaması ilə izah etsək, yanılmarıq.
Bununla belə, bu gün biz tam əsasla deyə bilərik ki, Emin zəngin ənənələri ilə fəxr etdiyimiz Azərbaycan güləş məktəbinin layiqli yetirməsidir. Belə olmasaydı, o, həyatında ən böyük nailiyyətini qazana, Olimpiya oyunları adlanan ən mötəbər yarışdan vətənə medalla qayıda bilməzdi. Bunun üçün əlindən gələni etdiyini hamımız gördük və sevindik.
Olimpiya mükafatçımızın özünün isə ikiqat sevinc hissi keçirdiyini təsəvvür etmək çətin deyil. Bir də ona görə ki, Emin Afina Olimpiadası - 2004-ün çempionu Fərid Mansurovdan, 2008-ci ildə Pekində fəxri kürsünün gümüş pilləsində gördüyümüz Rövşən Bayramov (onun Londonda da ikinci yeri tutduğunu və artıq Olimpiya oyunlarının ikiqat gümüş mükafatçısı adını daşıdığını bir daha qeyd edək) və Vitali Rəhimovdan sonra müstəqil Azərbaycan Respublikası idmançılarının iştirakçısı olduqları olimpiadalarda medal qazanmış dördüncü yunan-Roma güləşçimizdir. Əlbəttə ki, bu siyahıda yer almaq böyük şərəfdir.
Bu da vacib bir məqamdır ki, Azərbaycan "klassikinin" tarixi nailiyyəti otuzuncu, yubiley Olimpiadasına, eləcə də ölkə idmanı üçün bir sıra başqa olimpiya yubileyləri ilinə təsadüf etmişdir. Artıq onuncu ayını yaşadığımız 2012-ci ilin Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında "İdman ili" elan edildiyini də xatırladaq. Əhmədovun olimpiya "bürüncü" ölkə idmanı, Olimpiya Hərəkatımız üçün mötəbər hadisələr ilində çox yerinə düşmüşdür.
Əhmədov Emin Vidadi oğlunun XXX Yay Olimpiya Oyunlarında qazandığı yüksək nailiyyətə görə dövlət başçımızın 31 avqust 2012-ci il tarixli sərəncamı ilə "Tərəqqi" medalına layiq görülməsi də məhz bu ilə - idmanımızın unudulmaz qələbələri ilə zəngin olan 2012-ci ilə təsadüf etmişdir.
Olimpiya ili tədricən finişə yaxınlaşır. Dekabrın üçüncü ongünlüyündə, 2013-cü ilin astanasında Emin Əhmədov geriyə boylanıb "İdman ili"ndə keçilən yolu bir daha gözləri önündə canlandırdıqda Azərbaycanın ən yaxşı idmançılarından biri kimi haqlı olaraq daxili razılıq hissi keçirəcək. Zarafat deyil, o, Olimpiya oyunlarının mükafatçısıdır...
{nl}
Oqtay BAYRAMOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.