"Park İNN" mehmanxanasında "Azərbaycan Respublikasında səmti müəyyənetmə idman növünün hazırkı vəziyyəti və gələcək perspektivləri" mövzusunda konfrans keçirilmişdir.
Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyasının (ASMEİF) prezidenti Mirəli Kazımov mövzu ilə bağlı konfrans iştirakçılarına məlumat verərək son aylar ərzində keçirilmiş yarışlar haqqında danışmışdır. O, qeyd etmişdir ki, Azərbaycanda Səmti Müəyyənetmə İdman Federasiyasının fəaliyyətinin canlandırılması və bu idman növü üzrə yarışlara təşkilati dəstəyi Vergilər Nazirliyi, konsultativ dəstəyi isə Ukraynanın Azərbaycan Respublikasındakı səfirliyi vermişdir. Beynəlxalq Səmti Müəyyənetmə İdman Federasiyasının (BSMEİF) beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Tatyana Kalendaroğlu ASMEİF-in fəaliyyətini yüksək qiymətləndirmiş, ASMEİF-in beynəlxalq federasiyanın üzvlüyünə qəbul olunduğunu bildirərək, BSMEİF və Türkiyə Səmti Müəyyənetmə İdman Federasiyası prezidentlərinin təbrik məktublarını konfrans iştirakçılarının diqqətinə çatdırmışdır. Sonra Səmti Müəyyənetmə Federasiyası tərəfindən hazırlanmış videoçarx nümayiş etdirilmişdir.
Konfransda çıxış edən Gənclər və İdman Nazirliyinin idarə rəisi Mirkamil Rəhimov vurğulamışdır ki, Azərbaycan BSMEİF-in sıralarına qoşulan 74-cü ölkədir. Daha bir ölkə beynəlxalq quruma qoşulduqdan sonra, BSMEİF idmanın bu növünün Olimpiya oyunlarının proqramına salınmasını qarşısında məqsəd kimi qoymuşdur. Tədbirdə qeyd olunmuşdur ki, ölkəmizdə idmanın bütün növləri inkişafdadır. Hazırda respublikamızda 84 idman federasiyası fəaliyyət göstərir ki, bunlardan da 28-i olimpiya yönümlüdür.
Ukraynanın Azərbaycandakı səfiri, ASMEİF-in fəxri üzvü Aleksandr Mişenko ölkəmizdə idmana göstərilən dövlət qayğısının əhəmiyyətini yüksək qiymətləndirmiş və bu idman növü üzrə keçirilən turnirlərin yüksək səviyyədə təşkil olunduğunu bildirmişdir. Səfir vurğulamışdır ki, gözəl təbiəti, meşə, çay və gölləri olan Azərbaycanda bu idman növünün inkişaf etməsi üçün münbit şərait vardır. Son yarışda 200-dən artıq idmançının iştirak etməsi Azərbaycanda idmanın bu növünə marağın böyük olduğunu göstərir.
Konfransda çıxış edən vergilər nazirinin müavini, Azərbaycan Velosiped Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən idmana göstərilən diqqət və qayğının nəticəsində ölkəmizdə idmanın bütün növlərinin sürətli inkişaf mərhələsi yaşadığını, müəyyən dövrlərdə diqqətdən kənarda qalmış bir sıra idman növlərinə ikinci nəfəs verildiyini qeyd edərək, bütün bunların xalqımız, xüsusilə də gənclər arasında sağlam həyat tərzinin daha geniş yayılmasında, beynəlxalq aləmdə Azərbaycanın qabaqcıl bir idman ölkəsi kimi tanınmasında mühüm rol oynadığını bildirmişdir.
Müasir dövrdə uşaqdan böyüyə kimi əksər insanların vaxtının böyük bir hissəsini televizor ekranları və ya kompyuterlər qarşısında keçirdiyini vurğulayan natiq onları gələcəkdə hansı fəsadlar verəcəyi, heç kəsə bəlli olmayan bu məşğuliyyətdən heç olmasa müəyyən bir müddətə ayıraraq idman, xüsusilə də idmanın açıq havada keçirilən növlərindən olan velosiped sürməyə və səmti müəyyən etmə kimi növlərinə cəlb etməyin vacibliyini qeyd etmişdir.
Bu idman növləri kütləvi hesab olunduğundan məktəblərdə, universitetlərdə onların təbliğinə xüsusi fikir verilməli, idmanla məşğul olanlara lazımi şərait yaradılmalı, bu işlə yalnız Gənclər və İdman Nazirliyi deyil, Təhsil Nazirliyi, Həmkarlar İttifaqları Konfederasiyası, digər dövlət qurumları və ictimai təşkilatlar da yaxından iştirak etməlidirlər. Vergilər Nazirliyinin güləş, otüstü xokkey, velosiped idmanı və əlavə olaraq səmti müəyyən etmə idmanı federasiyalarına hamilik etdiyini konfrans iştirakçılarının diqqətinə çatdıran S.Ələkbərov bu işlərin gələcəkdə də davam etdiriləcəyini bildirmişdir.
Konfransda səmti müəyyənetmə idman növünün inkişaf etdirilməsi və gələcəkdə görüləcək işlər barədə ətraflı fikir mübadiləsi aparılmışdır.
Məlum olduğu kimi, oktyabrın 19-21-i tarixlərində Nabranda Azərbaycanda ilk dəfə səmti müəyyənetmə idman növü üzrə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş Prezident Kuboku uğrunda yarış keçirilmişdir. Yarış Azərbaycan tarixində ilk dəfə olaraq müasir kompyuter sistemlərinin tətbiqi ilə, yəni hər iştirakçının məsafədə elektron qaydada qeydiyyatı vasitəsilə həyata keçirilmişdir. Kişilər arasında Prezident Kubokunun birinci günü şəxsi hesabda uzaq məsafəyə qaçış üzrə Ukraynanın Azərbaycan Respublikasındakı səfiri Aleksandr Mişenko ən yüksək nəticə göstərmişdir. Niyaməddin Əsədov gümüş mükafata layiq görülmüş, üçüncü yeri Anar Qasımov tutmuşdur. Qadınlar arasında uzaq məsafəyə qaçış üzrə Azərbaycan Çempionu Natalya Əliyeva olmuş, ikinci yeri Günel Quliyeva, üçüncü yeri isə Tatyana Qəniyeva tutmuşdur.
Çempionatın ikinci günü kişilər arasında qısa məsafəyə qaçış üzrə yarışda yenə də səfir Aleksandr Mişenko birinci yerə çıxmış, ikinci və üçüncü yerləri isə müvafiq olaraq Vladimir Skvortsov və Niyaməddin Əsədov tutmuşlar. Qadınlar arasında qısa məsafəyə qaçış üzrə ölkə çempionu Nadejda Lopatkina olmuş, ikinci yeri Yevgeniya Əliyeva (şəxsi hesab) tutmuş, bürünc medalın sahibi isə Tatyana Solovyova (şəxsi hesab) olmuşdur.
İkigünlük yarışların yekunları üzrə komanda hesabında ümummilli lider Heydər Əliyev adına Prezident Kubokunun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2-ci komandası qazanmışdır. İkinci yeri Müdafiə Nazirliyinin 1-ci komandası, üçüncü yeri isə Səmti Müəyyənetmə Federasiyasının komandası tutmuşdur.
Fərdi hesabda qaliblər və mükafatçılar Gənclər və İdman Nazirliyinin medalları və diplomları ilə təltif edilmiş, yarışların qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
Azərbaycan Səmti Müəyyənetmə Federasiyası artıq gələn yarışların daimi elektron təminatı kateqoriyasına keçmək və 2013-cü ilin yazında Türkiyə, Rusiya, Ukrayna, Belarus və Gürcüstan komandalarının iştirakı ilə Azərbaycan ərazisində ilk dəfə olaraq beynəlxalq yarışlar keçirmək niyyətindədir.
Bundan başqa, Beynəlxalq Səmti Müəyyənetmə İdman Federasiyasının dəstəyi ilə 2013-cü ilin payızından başlayaraq, Azərbaycanda Xəzəryanı və Qara Dəniz ölkələrinin idmançılarının iştirak edəcəyi Heydər Əliyev adına Beynəlxalq Kubok uğrunda ənənvi yarışların keçirilməsi planlaşdırılır.
{nl}
V. BAYRAMOV, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.