SOCAR Azərbaycan Avropa çempionudur!

Azərbaycan Respublikasında "İdman ili"ndə ölkəmizin tarixinə daha bir parlaq səhifə yazılmışdır. SOCAR klubu İsrailin Eylat şəhərində yenicə finişə çatmış şahmat üzrə Avropa çempionatının qızıl medallarını qazanmışdır. Olimpiyaçı və paralimpiyaçılardan sonra qrossmeysterlərimiz də idman ictimaiyyətimizi yüksək nailiyyətlə sevindirmişlər. 
Əvvəldən axıradək gərgin mübarizə şəraitində davam etmiş Avropa çempionatında Azərbaycan idmanının şərəfini Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Eltac Səfərli, Qədir Hüseynov, habelə Veselin Topalov (Bolqarıstan), Aleksandr Qrişuk (Rusiya), Qata Kamski (ABŞ) və keçmiş bakılı, hazırda İsraildə yaşayan Emil Sutovski qorumuşlar. Onlar əsl mübariz, əzmkar komanda kimi əllərindən gələni etmiş və birgə səylə məqsədə çatmışlar.
İsveçrə sistemi üzrə keçirilib yeddi turdan ibarət olan və 34 klubun iştirak etdiyi çempionat təmsilçilərimiz üçün yaxşı başlamamışdı. Elə birinci turda SOCAR gözlənilmədən İsrailin "Aşdod" komandasına uduzmuşdu. Lakin bu uğursuzluq Azərbaycan klubunu ruhdan salmadı. Şahmatçılarımız sonrakı turlarda inamlı qələbələri sayəsində tədricən turnir vəziyyətlərini yaxşılaşdırdılar və finiş ərəfəsində medallara əsas namizədlərdən biri oldular.
Çempionatın son iki turu liderlik uğrunda mübarizədə xüsusilə mühüm əhəmiyyət kəsb edirdi. SOCAR ardıcıl dörd qələbədən sonra özünün altıncı matçında buna qədər vahid lider olan Sankt-Peterburq Şahmat Federasiyasının komandası ilə qarşılaşdı və çox prinsipial görüşdə 3,5:2,5 hesabı ilə qalib gələrək xalların miqdarına görə onunla bərabərləşdi.
Sonuncu, həlledici turda isə şahmatçılarımız medallara daha bir namizəd, Rusiyanın digər təmsilçisi "Tomsk - 400" komandasına heç bir ümid yeri qoymamışlar. Rəcəbov Ruslan Ponomaryova, Məmmədyarov Aleksandr Areşçenkoya, Topalov Viktor Boloqana, Sutovski Denis Xismatullinə qalib gəlmişlər, Qrişuk Ernesto İnarkiyevlə, Kamski Aleksandr Motılyovla heç-heçəyə razılaşmış və matç böyük hesabla SOCAR-ın xeyrinə başa çatmışdır - 5:1.
Nəticədə Azərbaycan klubu və Sankt-Peterburq Şahmat Federasiyasının komandası finişdə eyni miqdarda - 12 xal toplamışlar. Bundan sonra çempionun müəyyənləşdirilməsi üçün əlavə göstəriciləri hesablamaq lazım gəlmişdir. Uzun çəkən hesablamalardan sonra yarışın bağlanış mərasimində SOCAR Avropa çempionu kimi təbrikləri qəbul etmişdir. Əlavə göstəricilər komandamızda 673,8, Peterburq klubunda isə 665, 5 bal olmuşdur.
Böyük və layiqli qələbə münasibətilə artıq Avropa çempionu adını daşıyan SOCAR-ın kapitanı Vladimir Tukmakovu və qrossmeysterlərimizi təbrik edirik. Onu da xatırladaq ki, Azərbaycan klubu ötənilki çempionatda da uğurla çıxış edərək gümüş mükafatçı olmuşdu.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında