Dövlət Müstəqilliyi Gününə həsr olunmuş ənənəvi spartakiada

Artıq bir çox ildir ki, "Zenit" İdman Cəmiyyəti Respublika Şurası payız aylarında cəmiyyətin xidmət sahəsinə daxil olan müəssisə və təşkilatların əməkçiləri arasında "Xalqın mənəvi və fiziki sağlamlığı uğrunda" devizi altında respublika spartakiadası təşkil edir. Budəfəki spartakiada sayca 15-cidir və ötən illərdəki kimi Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuşdur.
Spartakiadanın Təşkilat Komitəsinin sədri, Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayevdir. Yarışların baş hakimi isə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, beynəxalq dərəcəli hakim Xəzər İsayevdir.
Elektroenergetika və Elektrotexnika Sənayesi, Aviasiya işçiləri həmkarlar ittifaqı respublika komitələrinin, Metal İşçiləri Həmkarlar İtiffaqı Federasiyasının, Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin, Metropoliten İşçiləri Həmkarlar İttifaqı Birliyinin, Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin, "Baku" Stil Kompanii İşçiləri Həmkarlar İttifaqı Birliyinin və "Zenit" İdman Cəmiyyəti Respublika Şurası Rəyasət Heyətinin birgə qərarı ilə keçirilən spartakiada zəhmətkeşlərin sağlamlığının möhkəmləndirilməsi, müəssisə və təşkilatlarda fəhlə və qulluqçuların asudə vaxtının səmərəli təşkili, bədən tərbiyəsi və idman işlərini daha yaxşı təşkil edən müəssisə və təşkilatların, idman növləri üzrə daha hazırlıqlı komanda və idmançıların aşkara çıxarılması məqsədlərinə xidmət edir.
"Zenit"in xidmət sahəsinə daxil olan müəssisə və təşkilatlarda çalışan əməkçilərin bütün təbəqələrini əhatə edən spartakiadanın ilkin mərhələləri yerlərdə əmək kollektivlərində keçirilmişdir. Final mərhələsinə isə oktyabrın 11-də Bakıda start verilmişdir. Yarışlara noyabrın 23-də yekun vurulacaqdır.
Spartakiadanın proqramına idmanın on növü üzrə turnirlər daxildir. Onun iştirakçıları mini-futbol, voleybol, daşqaldırma, kəndirdartma, stolüstü tennis, armrestlinq, dama, nərd, şahmat və güllə atıcılığı yarışlarında qalib və mükafatçıları müəyyənləşdirəcəklər. Lakin bu turnirlər kimin neçənci yeri tutacağından asılı olmayaraq hamı üçün faydalı olacaq. Belə yarışlarda başlıcası bədən tərbiyəsi və idmanla yaxından ünsiyyətdə olmaq, onlarla dostluğu davam etdirmək, sağlamlığı möhkəmləndirmək, gümrahlığı artırmaq və asudə vaxtı səmərəli keçirməkdir.
"Zenit" İdman Cəmiyyətinin XV respublika spartakiadasının təntənəli açılış mərasimi bu gün Milli Aviasiya Akademiyasının idman kompleksində keçiriləcəkdir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında