London - 2012-yə qədər Azərbaycan ağırlıqqaldıranlarının hesabında Olimpiya oyunlarının medalı yox idi, hərçənd təmsilçilərimiz iştirakçısı olduqları əvvəlki olimpiadalarda buna kifayət qədər cəhd göstərmişdilər. Bu gün isə ölkə idmanının ən yaxşı nümayəndələrinin olimpiya mükafatları kolleksiyasında ağır atletika ustalarımızın qazandıqları bürünc medal da vardır. Onu Azərbaycana 56 kq çəki dərəcəsində çıxış edən Valentin Xristov gətirmişdir.
İngiltərə paytaxtında XXX Yay Olimpiya Oyunları yenicə başlanmışdı, yarışların ikinci günü idi. Məhz həmin gün yığma komandamız Olimpiadada medallarının hesabını açdı. Özü də idman ictimaiyyətimizə, bütün xalqımıza bu sevinci hər hansı bir başqa növün nümayəndəsi yox, hələ Londona yola düşməzdən əvvəl Olimpiadada uğuruna böyük ümid bəslənilən ağırlıqqaldıran V.Xristov yaşatdı. Nəhayət, Azərbaycan ağır atletləri də öz olimpiya mükafatları ilə fəxr edə bilərdilər. Bir də ki, bu medal, hadisələrin sonrakı gedişinin göstərdiyi kimi, Londondakı nümayəndə heyətimiz üçün çox düşərli oldu və Oyunların finişinədək ona daha doqquz mükafat əlavə edildi, ölkəmiz Olimpiya oyunlarında çıxışları tarixində ən böyük nailiyyətini qazandı.
Valentin Xristov onu bürünc medala aparan çətin yolda neçə-neçə iştirakçı arasında yalnız iki rəqibindən geri qaldı. O, finişdə mükafatçılar üçlüyündə olmaq üçün böyük səy göstərdi və kəskin rəqabət şəraitində davam edən yarışda məqsədinə çatdı. Azərbaycan idmançısını Olimpiadanın bürünc medalı ilə sevindirən nəticələr belə oldu: birdən ağırlıqqaldırmada 127, təkanla 159, iki hərəkətin cəmində 286 kq.
Qaliblərin mükafatlandırılması mərasimində fəxri kürsüdə qızıl medalın sahibi KXDR idmançısı Yun Çol Om (çempion iki hərəkətin cəmində 293 kq nəticə göstərmişdi) və gümüş mükafatçı çinli Vu Çinqbao (289 kq) ilə yanaşı dayanan Valentinin bu qələbə ilə fəxr etməyə, özünü dünyanın ən xoşbəxt insanlarından biri hesab etməyə haqqı vardı. O, planetin ən güclü "dəmir oyun" ustalarının yarışında üçüncü olmuşdu. Bu isə 18 yaşlı idmançı üçün, əlbəttə, böyük müvəffəqiyyət idi.
V.Xristovla yaxından maraqlananlar, nəticələrini diqqətlə izləyənlər onun 1994-cü il martın 30-da Bolqarıstanın Şumen şəhərində anadan olduğunu, gənclər arasında Avropa, yeniyetmələr arasında dünya rekordçusu kimi tanındığını, 2011-ci ildən yarışlarda Azərbaycan bayrağı altında çıxış etdiyini bilirlər.
Yuxarıda biz Valentinin olimpiya medalını iki hərəkətin cəmində 286 kq nəticə ilə qazandığını xatırlatdıq. London sınaqlarından bir neçə ay əvvəl, apreldə isə o, Türkiyənin Antalya şəhərində keçirilən Avropa çempionatında bütün rəqiblərindən yaxşı çıxış edib qızıl medalı özünə təmin edəndə bundan altı kiloqram aşağı-280 kq nəticə göstərmişdi - birdən 125, təkanla 155 kq. Göründüyü kimi, Avropa çempionu Olimpiadada hər iki hərəkətdə öz göstəricisini müvafiq surətdə 2 və 4 kq, iki hərəkətin cəmində isə 6 kq artırmışdı. Gərgin və məqsədyönlü hazırlıq prosesi hədər getməmiş, öz bəhrəsini vermişdi.
Olimpiya oyunlarının üçqat qalibi, dəfələrlə Avropa və dünya çempionu, məşhur türkiyəli ağırlıqqaldıran Xəlil Mutlu hələ Avropa çempionatı günlərində bizim azerisport.com-a müsahibəsində demişdi: - Valentinin Londonda mükafatçılar üçlüyündə olacağına şübhə yoxdur. Hesab edə bilərsiniz ki, o, medalı artıq özünə təmin etmişdir. Yalnız bu medalın hansı əyarda olacağını gözləmək qalır. Xristov istedadlı gəncdir. Yaşının az olmasına baxmayaraq, çox güclüdür. Mən hesab edirəm ki, Valentin Olimpiadada çinliləri çox həyəcanlandıracaq.
Valentin Xristov Antalyada Avropa çempionatından sonra, noyabrda Parisdə təşkil edilən dünya çempionatında da uğurla çıxış etmiş, bürünc mükafatçı olmuşdu. Yetirməsinin Fransa paytaxtında müvəffəqiyyətinə çox sevinən məşqçi Zlatan Vanev onda fərəhlə bildirmişdi: "Mən Valentinin göstərdiyi nəticəyə görə xoşbəxtəm. Onun cəmi 17 yaşı olmasına baxmayaraq, əsl kişilərə, təcrübəli rəqiblərə qarşı mübarizə aparır. Bu çəki dərəcəsində ənənə üzrə asiyalı ağırlıqqaldıranlar böyük uğur qazanırlar. Xristov birinci onluqda yeganə avropalı oldu. Bu, böyük nailiyyətdir".
Bax belə, Valentin hələ çox gənc olsa da, artıq ilk böyük qələbələrini qazanmış, dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında fəxri kürsüdə ona təqdim olunan medallara sevinmiş və bu zaman, əlbəttə ki, özündən, əzmkarlığından, məşqçilərinin onun hazırlığına çəkdikləri zəhmətdən razı qalmış, onların ümidlərini doğrultduğu üçün iftixar hissi keçirmişdir. Ağırlıqqaldırma idmanının məşhur mütəxəssislərinin, çempionların olimpiya mükafatçımız haqqında dedikləri xoş sözlər isə onun fərəhini, gələcək qələbələrə ümidini daha da artırır.
Bu yazı üzərində işləyərkən sentyabrın 27-də ölkəmizin idman saytlarında Xristovla bağlı iki yeni xəbər diqqətimi çəkdi. Onlardan birində deyilirdi ki, Azərbaycanın ağır atletika üzrə yığma komandasına bolqarıstanlı məşqçi Zlatan Vanev başçılıq edəcək. London Olimpiadasında 56 kq çəki dərəcəsində üçüncü yeri tutmuş Valentin Xristov onun yetirməsidir.
Digər xəbərdə isə bildirilirdi ki, Bolqarıstan KİV-ləri Xristovun şəxsi həyatına da diqqət ayırır. Onlar yazırlar ki, gənc idmançı artıq Şumendə özünə mənzil almış, şəhərdə isə BMW X6-da gəzir. London müvəffəqiyyətinin bəhrəsini Vanev də görür. O, bizneslə məşğul olmağa başlamış, habelə daşınmaz əmlak almışdır...
Bu bir daha təsdiq edir ki, XXX Yay Olimpiya Oyunlarının azərbaycanlı qəhrəmanlarından birinin və onun məşqçisinin Olimpiada istiqamətində gördükləri böyük iş, birgə səylə qazandıqları bürünc medal dövlətimiz və Milli Olimpiya Komitəsi tərəfindən yüksək qiymətləndirilmiş, layiq görüldükləri pul mükafatı onlara öz həyat və məişət şəraitlərini yaxşılaşdırmaq imkanı vermişdir.
Londonda Azərbaycan ağırlıqqaldıranlarının baş məşqçisi rolunda çıxış etmiş ölkə idmanının ən məşhur yetirmələrindən biri Nizami Paşayev də Valentin Xristovun çıxışından çox razı qalmışdır: - O, hələ çox gəncdir, ona görə də qazandığı bürünc medalı qızıl mükafata bərabər hesab edirəm.
İlk medal, əyarından asılı olmayaraq, təkcə sahibinə və onun məşqçisinə, Olimpiadadakı nümayəndə heyətimizə yox, bütün Azərbaycan xalqına böyük sevinc gətirmişdi. Xristovu və yığmamızın məşqçilər korpusunu qələbə münasibətilə elə idman sarayında ilk təbrik edən dövlət başçımız, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev olmuşdu. Ölkə rəhbəri Olimpiadadan sonra isə Valentin Xristov və Zlatan Vanevi "Tərəqqi" medalı ilə təltif etmişdir.
Gənc olimpiya mükafatçımız uzun idman yolunun hələlik yalnız başlanğıcındadır. Qarşıda onu neçə-neçə yarış gözləyir, onlara hazırlıq prosesində isə çox tər tökəcək. Təbii ki, məqsədi də aydındır - qədəm qoyduğu yolda mümkün qədər uzağa getmək, Antalyada Avropa çempionatında, Parisdə dünya birinciliyində, Londonda Olimpiadada olduğu kimi, növbəti yarışlarda da fəxri kürsüyə yüksəlmək, daha böyük qələbələr qazanmaq, məşq və yarışlarda iştirakı üçün ölkəmizdə ona yaradılmış gözəl şəraitdən maksimum bəhrə götürmək.
Valentin Xristov Olimpiadadan sonra bolqar jurnalistlərlə söhbətində Bolqarıstan və Azərbaycandakı hazırlıq şəraiti haqqında danışarkən özünün gələcək planlarından da söhbət açmışdır: "Bolqarıstanda Azərbaycandakı kimi şərait yoxdur. Ona görə də mən bilmirəm, öz ölkəmdə necə inkişaf edə bilərdim. İndi isə məqsədim London "bürüncündən" sonra növbəti Oyunlarda qızıl olimpiya medalı qazanmaqdan ibarətdir".
Londonda Olimpiada günlərində Valentinin İctimai Televiziyanın əməkdaşları ilə müsahibəsində dediyi sözlər də yaxşı yadımda qalmışdır: "İnşallah, o biri Olimpiadada çempion olacağam".
V.Xristov 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək növbəti Olimpiya oyunlarında qızıl medal qazanmaq, böyüklər arasında dünya və Avropa rekordçusu olmaq istəyir. Müsahibələrindən birində dediyi kimi, bunun üçün kifayət qədər vaxtı və gücü var.
{nl}
Oqtay BAYRAMOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.