"Qran-Pri"nin üç qalibindən biri - Şəhriyar Məmmədyarov

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Beynəlxalq Şahmat Federasiyasının (FİDE) 2012-2013-cü illər üçün "Qran-Pri" yarışları seriyasından Londonda yenicə başa çatmış birinci mərhələnin üç qalibindən biri olmuşdur. Şahmatçımız on iki rəqibin iştirakı ilə keçirilmiş bu turnirdə 11 mümkün xaldan 7 xal toplamışdır. 
Daha iki qrossmeyster bolqar Veselin Topalov və israilli Boris Gelfand da təmsilçimizlə eyni nəticə göstərmişlər. Əlavə göstəricələrə görə ilk üç yer bu ardıcıllıqla bölüşdürülmüşdür - Topalov, Gelfand, Məmmədyarov.
Turnirin mükafat fondu 170 min avro idi. Təşkilatçılar üç qalib üçün müvafiq surətdə 25000, 22500 və 20000 avro məbləğində mükafat nəzərdə tutmuşdular.
Başlıcası isə, Azərbaycan şahmatçısı yarışı yüksək səviyyədə keçirmiş və son tur ərəfəsində vahid lider olmuşdur. Topalov və Gelfand yalnız finişdə Şəhriyara çata bilmişlər. Turnirin sonuncu günü Məmmədyarov macar Peter Leko ilə heç-heçəyə razılaşmış, Topalov Aniş Giriyə (Hollandiya), Gelfand isə Rüstəm Qasımcanova (Özbəkistan) qalib gəlmişlər.
Məmmədyarov turnirdə inamlı oyunu ilə diqqət mərkəzində olmuşdur. O, dörd görüşdə Qasımcanov, kubalı Lenyer Dominges, Giri və ABŞ təmsilçisi Hikaru Nakamura üzərində qələbə qazanmış, Topalov, Gelfand, Leko, çinli Van Hao, ingilis Maykl Adams, ukraynalı Vasili İvançukla heç-heçə oynamış və yalnız Aleksandr Qrişuka (Rusiya) uduzmuşdur.
Londonda uğurlu nəticə şahmatçımıza öz reytinqini daha 16,6 xal artıraraq 2764,6 xala çatdırmaq imkanı vermişdir. Oktyabrın 3-nə olan vəziyyətə görə Məmmədyarov bu göstərici ilə dünyanın ən yüksək reytinqə malik şahmatçılarının siyahısında səkkizinci mövqedə idi.
Xatırladaq ki, "Qran-Pri" altı turnirdən ibarətdir. Bu yarışda mübarizəyə qoşulan hər şahmatçı dörd turnirdə oynayacaq. Onların ümumi yekununda daha yüksək nəticə göstərən iştirakçı "Qran-Pri"nin qalibi olub, iddiaçıların dünya şahmat tacı uğrunda növbəti turnirində mübarizə aparmaq hüququ qazanacaq.
Bu il daha bir "Qran-Pri" turniri təşkil olunacaq. Noyabrın 21-dən dekabrın 5-dək Daşkənddə keçiriləcək ikinci mərhələ yarışında ölkəmizi Məmmədyarovla yanaşı, Vüqar Həşimov da təmsil edəcək.
Qalan dörd turnir isə 2013-cü ildə baş tutacaq. Gələn ilin "Qran-Pri" yarışlarında Azərbaycan şahmatının lideri Teymur Rəcəbov da iştirak edəcəkdir. Bu turnirlər Lissabon (17 aprel - 1 may), Madrid (22 may - 4 iyun), Berlin (3-17 iyul) və Parisdə (18 sentyabr - 2 oktyabr) keçiriləcəkdir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında